Son günlər “Unibank”ın mobil tətbiqində problemlər yaşanmaqdadır. Bu haqda informasiya sosial şəbəkələrdə yer alıb.
Bizim.Media xəbər verir ki, şikayətlər arasında bankın müştərilərə göstərdiyi saymazlıq üstünlük təşkil edir.
MÖVZU İLƏ BAĞLI:
Mərkəzi Banka yeni səlahiyyətlər verildi
Belə ki, şikayətlərini bildirmək üçün 20 dəqiqə sərf edib, ardınca “Enter” düyməsini basanlar “sistemdə xəta var” sözü ilə rastlaşır. “117” çağrı mərkəzləri ilə əlaqə saxlamaq da bir başqa zülmdür.
Bankdan münasibət öyrənmək üçün həmin nömrə ilə əlaqə saxladıq, lakin yalnız “məşğuldur” “düttültüləri”ni eşitdik.
Ümidimizi itirmədiyimizə görə, qarşı tərəfin də cavabını almaq üçün ikinci dəfə də zəng vurduq. Heç olmasa, bu dəfə bizi klassik musiqi sədaları altında gözlətdilər.
Amma sadəcə gözlətdilər... Cavab gəlmədi ki, gəlmədi.
Şikayətlərdən biri də onunla bağlıdır ki, “Unibank Businness”də qeydiyyatdan keçmək olmur. Başqa bir müştəri narazılığı onlayn operatorun müraciət edənləri “117”yə yönləndirməsidir.
“Facebook”dakı qruplardan birində Nəzrin adlı xanım yazıb ki, “Kərim bəy adlı şəxsə ən gec çərşənbə axşamı (ötən həftə) pulumun geri qaytarılacağını deyib.” Lakin 7 gün keçsə də, həmin adam müştərinin nə zəngini açır, nə də mesajlarına cavab verir. Hələ yaxşı ki, qara siyahıya atmayıb.
Qeyd edək ki, həmin xanım kartda olan pulunun mənimsənildiyini bildirir. Di gəl ki, Nəzrinin timsalında digərlərinə də mobil tətbiqdə yaranan problemlərdən dolayı hesabın təmizlənməsinə münasibət bildirən yoxdur.
Yəni pulları göyə sovrulan vətəndaşlara deyən yoxdur ki, maddi vəsaitin qayıdacaq, yoxsa yox?!
Onu da deyək ki, həmin müştərinin balansından pul silinməklə yanaşı, hesabına borc yazılıb. Lap “oğru elə bağırdı ki, doğrunun bağrı çatladı” məsəli yada düşür.
Belə mənfi hallardan təsirlənən vətəndaşlar sosial şəbəkələrdə yazırlar ki, “Düzgün bank var?”,
“Albalı kartıma 168 manat ödəniş etməliyəm, amma yazılanları görüb, risk etmirəm ki, birdən karta pul oturmaz”.
Facebook paylaşımları arasında “Unibank”ı məzxərəyə qoyan paylaşımlar da var.
Saytımız qarşı tərəfin, yəni “Unibank”ın da mövqeyini bölüşməyə hazırdır. Hər halda biz zəngə cavab verəcəyik.
Müştərilərin şikayət və tənqid dolu statuslarını da təqdim edirik.
Anar Rəhimov, Bizim.Media