Eheyyy, ölülər! Siz gəlin, bu kefli İsgəndərin sözlərinə yaxşı - yaxşı qulaq asın...Necə yatmısınızsa, eləcə də yatın...
Mirzə Cəlilin ruhu məni bağışlasın, mənim ölülərlə nə işim var? Zaman dəyişib, eşitdiyimə görə, kefli İsgəndər də içkini tərgidib, ağ köynək geyinib, qırmızı qalstuk bağlayıb. Bir müddət AXCP-nin, Müsavatın mitinqlərinə qatılıb. Doğrudur, mitinqlərdə ona tribuna verməyiblər, amma bir az pul veriblər. Sonra ona qarşı qısqanclıq yaranıb. Müxalifətçilər meydanda Azərbaycan bayrağını tərs tutmasını bəhanə gətirib kefli İsgəndəri öz sıralarından qovublar...
İndi belədi də...müxalifətçilərin bəyənmədiklərini YAP qamarlayır. Kefli İsgəndərin də bəxti tez açılıb. YAP-a çağırıb deyiblər: AXCP - dən elə - belə çıxmaq olmaz, kəskin bəyanat yaz, mətbuat konfransı çağırıb de ki, tüpürüm sizin partiyanıza, sonra gəl YAP-in üzvlük biletini apar...Kefli İsgəndər də elə - belə adam deyil ha, necə olmasa, Mirzə Cəlilin qəhrəmanıdır. Deyib ki, indi ki, siz mənim qarşımda şərt qoydunuz, mənim də şərtim var...YAP-da şərt qoyanları xoşlamasalar da, qalıblar əlacsız...xa0
Kefli İsgəndər də sadalayıb: 1.Mənə yüksək vəzifə verməlisiniz. 2. Ən azı 20 il deputat kürsüsündə oturmalıyam. 3. Arvadım neçə ildir toylara gedir, təcili surətdə ona "Xalq artisti" adı verilməsi barədə sərəncam imzalanmalıdır...Bax, bu dediklərimi eləməsəniz, yenidən qayıdacam qəbiristanlığa və sizin ədalətsizliyiniz üzündən intihar edənlərə səslənəcəm: "Eheyy, ölülər, qalxın ayağa!.. Şeyx Nəsrullah da yanımda olacaq ha...Yeri gəlmişkən, onun sizdən narazılığı yoxdur, bu qədər ölüsü olan millətin baş mollasının nə problemi ola bilər ki...Dünyanın hər yerində böhran olsa da şeyxin biznesi gündən - günə çiçəklənir, ağıllı adamdır, işini elə qurub ki, neftin qiymətdən düşməsinin, manatın devalvasiyasının ona təsiri yoxdur...Əsas odur ki, ölüm məsələsində sabitlikdir. Adamlar aclıqdan, soyuqdan, əsəbdən...ölürlər, mollalar yaşayırlar!..
...Bu sözlərdən sonra istədilər kefli İsgəndəri qovsunlar, qapının ağzında Mirzə Cəlil peyda oldu: - Onunla işiniz olmasın, - dedi. - Mənim ruhum hər zaman qəhrəmanlarımı qoruyacaq. Elə...davamçılarımı da!..
...Kefli İsgəndərin şərtlərini qəbul elədilər. Dönüb oldü İsgəndər müəllim!..Onu tanımadınız? Ölkənin ən varlı adamlarından biridir. Yerişini - duruşunu da dəyişib...Yenə tanımadınız? Ətrafınıza yaxşı baxın...O qədər belə İsgəndər görəcəksiniz ki...
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
































































































