Nuşirəvan Məhərrəmlidən RİKOŞET – “Prezidentin ayırdığı 6 milyon manatı mən yox, telekanallar mənimsəyib”

Nuşirəvan Məhərrəmlidən RİKOŞET – “Prezidentin ayırdığı 6 milyon manatı mən yox, telekanallar mənimsəyib”

Hazırda oxunan: Nuşirəvan Məhərrəmlidən RİKOŞET – “Prezidentin ayırdığı 6 milyon manatı mən yox, telekanallar mənimsəyib”

118225

Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurumun bəlli olduğunu xəbər vermişdik.

Məsələni tanınmış aktyor və rejissor Hikmət Rəhimov bir neçə gün öncə televiziyada çıxışı zamanı aktuallaşdırıb. O, illər əvvəl Prezident İlham Əliyev tərəfindən serialların inkişafına dəstək məqsədilə ayırdığı 6 milyon manat vəsaitin mənimsədildiyini iddia edib. Bildirdiyinə görə ölkə başçısının serial sektoruna ayırdığı maliyyə hissə-hissə xərclənməli olduğu təqdirdə ortaya serial çıxmayıb və pullar yeyilib. 

Aktyor yeyinti faktorunda ittiham tərəf göstərməsə də, ictimaiyyətdə sözgedən vəsaitin Mədəniyyət Nazirliyinə ayrıldığı və aidiyyəti üzrə xərclənilmədiyi iddia olunub.  

Bizim.Media məsələni nazirliklə aydınlaşdırıb. Qurumdam saytımıza ittiham tərəfin onlar olmadığı və qeyd olunan dövr ərzində Mədəniyyət Nazirliyinə serial çəkilişinə görə xüsusi vəsait ayrılmadığı bildirilib. 

Bu açıqlamadan sonra Bizim.Media sözügedən məsələdə araşdırmasını davam edib.

Məlum olub ki, Azərbaycan prezidenti İlham Əliyev milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncamı 2013-cü ildə imzalayaraq, Prezidentin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayırıb.

2013-cü ildə isə Milli Televiziya və Radio Şurasına sədrliyi Nuşirəvan Məhərrəmli həyata keçirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurum BƏLLİ OLDU – Rəsmi AÇIQLAMA/VİDEO


Sözügedən ittihamlara keçmiş Teleradio Şurası  sədrinin cavabı maraqlı olub. O, Bizim.Media-ya açıqlamasında 6 milyonun mənimsənilməsində birbaşa telekanalları günahlandırıb:

“Həmin vəsait qəpiyinə qədər televiziya kanallarına ayrılıb və hər birinə bərabər şəkildə bölünüb. Mənimsəmənin də bütün məsuliyyəti televizya kanallarının rəhbərlərinə aiddir. O dövrdə kifayət qədər serial çəkildi. Amma çox bərbad vəziyyətdə və keyfiyyəti aşağı oldu. O zaman bilirsiz sitkom (situasiya komediyası) çəkilirdi və birdən-birə 40-a yaxın serial çəkildi. Onun da bütün məsuliyyəti televiziya kanallarının özünün idi. Yəni orada heç bir problem yox idi. Əlbəttə ki, vəsait qurum kimi bizə verilməli idi ki, onlara ötürək. Bütün vəsait qəpiyinə qədər televizya kanallarına köçürüldü. Biz orada sadəcə bankomat rolunu oynadıq”.

Nuşirəvan Məhərrəmli əlavə edib ki, 10 il əvvəl çəkilən keyfiyyətsiz seriallarla bağlı dəfələrlə narazılığını bildirib. Amma məsələyə reaksiya verən olmayıb:

“Aktyorun dediklərində həqiqət var və bu məsələdə məsuliyyəti televiziya kanalları daşıyır. Mən də o zaman çəkilən serialların hamısının keyfiyyətindən narazı idim. Amma bizim də elə səlahiyyətimiz yox idi ki, serialların çəkilişinə nəzarət edək. O zaman da narazılığımızı kifayət qədər ictimailəşdirmişik. 10 il bundan əvvəl olan bir məsələ barədə vaxtında danışmışıq”, -deyə o, vurğulayıb.

Araşdırmamız nəticəsində o da məlum olub ki, Nuşirəvan Məhərrəmli o zaman seriallara ayrılan vəsaiti telekanallara Prezident Administrasiyasının eks-şöbə müdiri Əli Həsənovun göstərişi ilə bölüşdürüb.

Lakin sonradan vəsaitin təyinatı üzrə xərclənməsinə və çəkilən serialların keyfiyyətinə nəzarət olunmayıb. Nəticədə isə rejissor Hikmət Rəhimovun qeyd etdiyi kimi, ayrılan məbləğ hissələrə bölünərək mənimsənilib. Ortalığa isə heç bir məhsul çıxarılmayıb. 

Bu isə öz növbəsində Azərbaycan teleməkanında keyfiyyətli serial istehsalını bir neçə ilə geriyə atmış olub. 

Qeyd edək ki, Prezident Administrasyasının keçmiş şöbə müdiri Əli Həsənov fəaliyyət dövründə hər zaman Nuşirəvan Məhərrəmlini müdafiə edib. Buna  onların uzun illər çox yaxın dost və tərəfdaş olmaları səbəb olub. Belə ki, Nuşirəvan Məhərrəmli 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. Onun  Əli Həsənovla tanışlığı da həmin dövrlərdən başlayıb. Bu bağlılıq uzun müddət davam edib və Nuşirəvan Məhərrəmlinin 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində çalşması da keçmiş qrup yoldaşı sayəsində olub.

Beləcə 2003-cü ildən Milli Televiziya və Radio Şurasının sədri kimi yüksək vəzifəyə təyin olunması baş verib. 17 il Nuşirəvan Məhərrəmov televiziyalara nəzarət etmək üçün Əli Həsənovun qulluğunda dayanıb. Hətta Əli Həsənovun qohumları və yaxınlarının televiziyalara nəzarəti həyata keçirməsi üçün şərait yaradıb. Bununla təkcə çap mətbuatı deyil, teleməkan da Əli Həsənovun nəzarətinə keçib. 
Məsələ ilə bağlı araşdırmamız davam edəcək. Yazıda adı keçən şəxslərin və televiziya rəhbərlərinin də mövqeyini dərc etməyə hazırıq. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO