Kəbə evində Azərbaycan Prezidentinin etdiyi NİYYƏT - Heydər Məscidindən REPORTAJ

Kəbə evində Azərbaycan Prezidentinin etdiyi NİYYƏT - Heydər Məscidindən REPORTAJ

Hazırda oxunan: Kəbə evində Azərbaycan Prezidentinin etdiyi NİYYƏT - Heydər Məscidindən REPORTAJ

115828

Qafqazın ən gözəl ibadət ocağı sayılan Heydər məscidi artıq 9-cu ildir ki, fəaliyyətini davam etdirir.  

Qeyd edək ki, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən məscidin inşasına, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında başlanılıb. 2014-cü il dekabrın 26-da ictimaiyyətin istifadəsinə verilən məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib.

Məscidin üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunub. 12.000 m² sahədə salınan Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılıb.

Fəliyyətə başlamasından 10 ilə yaxın vaxt keçən məscid şəhərimizə gələn qonaqların və turistlərin də böyük maraqla üz tutduğu məkanlardan biridir.

“Heydər Əliyev İli”ndə Heydər Məscidində 

Bizim.Media olaraq, ümummilli liderin adını daşıyan məscidi ziyarət etdik, ibadət ocağının imamı hacı Rüfət Qarayevlə həmsöhbət olduq. Məsciddin fəaliyyəti ilə maraqlandıq, eləcə də oxucularımız üçün maraqlı görüntülər qeydə aldıq. 

Rüfət Qarayev deyir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dini mühitindəki müsbət dəyişkliklərə bağlı böyük rolu və zəhməti olub: 

“İnsanlarımızın bu gün öz dinlərini maneəsiz şəkildə yaşamaları gözəl nümunədir. Əhalimizin ibadətlərini rahat şəkildə həyata keçirmələri üçün yaradılmış din ocaqlarının, məscidlərin tikilməsi və bərpası kimi gözəl nümunələr var. Azərbaycan müstəqilliyini qazandığı vaxt ölkədə cəmi 16 məscid və bir İmamzadə var idi. Artıq iki mindən çox məscid və ziyarətgah millətimzin xidmətindədir. Məscidlər bir millətin mədəniyyətini formalaşdıran və göstəricisi sayılan amillərdən biridir”. 

Məscidin maraqlı yaranma tarixi

Həmsöhbətimiz xatırladır ki, vaxtilə ölkə başçısı İlham Əliyevin Kəbə evinin içərisində Azərbaycana qayıtdığı zaman bir məscid tikdirəcəyi ilə bağlı istəyini dilə gətirməsi və sonradan öz niyyətini həyata keçirməsi nəticəsində belə bir gözəl nümunə-Heydər məscidi ərsəyə gəlib və xalqın xidmətinə verilib: 

“Ümummilli liderimzin adını daşıyan bu məsciddə Heydər Əliyevin hər zaman dualarla yad edilməsi bizim mənəvi borcumuzdur”.  

Rüfət Qarayev bu ilin özəlliyini də yada salır:

“Məlumdur ki, bu il Azərbaycanda  “Heydər Əliyev İli” elan olunub. Bununla əlaqədar olaraq, məscidimizdə müxtəlif tədbirlər həyata keçiriləcək”. 

Heç bir ölkədə olmayan gözəl nümunə 

Rüfət Qarayevin sözlərinə görə, Heydər məscidi fəaliyyətə başladığı gündən artıq 9-cu ildir ki, burada namazlar heç bir məzhəb ayrı-seçkiliyi aparılmadan vəhdət şəklində qılınır: 

“Ulu öndərin adını daşıyan bu məsciddə gündəlik beş dəfə birlikdə qılınan namazlar imamlar tərəfindən növbəli şəkildə (namazın biri sünni, digəri şiə əhlinin imamının rəhbərliyi ilə) aparılır. Hər cümə namazında məsciddə 2000-3000 arası insan, heç bir ayrı-seçkilik aparmadan, namaza gəlir. Bir həftə şiə əhlinin imamı ilə birlikdə namaz qılan insanlar, digər həftə sünni imamının rəhbərliyi ilə öz ibadətini həyata keçirir. Bu hal eynilə bayram namazlarının qılınması zamanı da davam edir. İstər gündəlik, istərsə də cümə namazlarına gələnlər çox xoş, səmimi hisslərlə ibadət və dualarını həyata keçirən, vəhdətə dəstək verən insanlardır.

Bu da çox mühüm məsələdir. Azərbaycan cəmiyyətinin məzhəblər arasında fərq qoymadan belə birlik nümayiş etdirməsi çox gözəl və əhəmiyyətlidir. Başqa ölkələrdə də bəzən vəhdət namazı qılına bilir. Amma bu zaman onlarda bütün camaat ancaq ya sünni, ya da şiə imamın rəhbərliyi ilə namazı qılır. Bu, vəhdət sayılsa da, həqiqi vəhdət namazı növbələşmə ilə (imamların dəyişməsi) aparılandır. Heydər məscidində həyata keçirilən bu gözəl təşəbbüs dünyanın heç bir yerində yoxdur”. 

Məsciddə dualarla anılan tarixi günlər

Məscidin imamı deyir ki, ibadət məkanında Azərbaycan xalqı üçün önəm daşıyan günlər xüsusi qeyd olunur:

“20 Yanvar Ümumxalq Hüzn Günü müqəddəs cümə gününə təsadüf edib. Bu qəhrəmanlıq tarximizi də, xütbəmizdə qeyd olunacaq. Ümumiyyətlə, hər il 20 Yanvar hadisəsinin ildönümü qeyd olunur. Həmin gün məscidimizdə şəhidlərimizin ruhu üçün dualar edilir, Quran oxunur, xatirəsi yad edilir. Allah bütün şəhidlərimizə rəhmət etsin!”.

Məscidin istər həyətində, istərsə də daxilində gəzdikçə insanın ruhunda yenilənmə, xoş hisslər yaranır. İbadət ocaqlarımız həm də bu üzdən dəyərlidir.

Elə ona görə də məscidlərimizə sadəcə namaz qılmaq üçün deyil, adi vaxtlarda da gələnlər, Yaradanı ilə “bölüşənlər” çox olur.

Qeyd edək ki, məscidin təhlükəsizliyinin qorunması üçün nə lazımdırsa, həyata keçirilir.  Biz ərazidə olduğumuz vaxt onlarla sakinin məscidin önündə fotoşəkil çəkdirdiyini də gördük. Məscidin həyətında qaçışan azyaşlı uşaqların səsi yüksəkdə uçan quşların səsi ilə həmahəng olub ətrafda xoş ovqat yaradırdı. İçimizdən dövlətimizə və millətimizə ünvanladığımız duallarla məsciddən ayrılırıq.

Kameranın yaddaşına salınan gözəl görüntüləri oxcularımıza təqdim edirik:  
 














Aygün İbrahimli, Əfqan Pənahoğlu, Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO