Sosial Xidmətlər Agentliyi: “Hazırda 51 nəfər sığınacaqda himayə edilir”

Sosial Xidmətlər Agentliyi: “Hazırda 51 nəfər sığınacaqda himayə edilir”

Hazırda oxunan: Sosial Xidmətlər Agentliyi: “Hazırda 51 nəfər sığınacaqda himayə edilir”

115790

Soyuq qış günlərində bəzən parklarda, yol kənarlarında yatan insanlara rast gəlmək olur. Bu vəziyyətdə gördüyümüz şəxslər arasında sərxoşlar və s. olsa da, çox hallarda onların yaşayacağı evi, yeyəcək bir qab isti yeməyi olmur. Bəs bu cür insanlarla rastlaşdığımız zaman onlara verdiyimiz cüzi miqdarda pul problemin həllidirmi? Onlara başqa nə cür yardım etmək olar? Hazırda dövlət qurumları tərəfindən bu cür insanlar hansı qayğılarla əhatə olunub və bu xidmətlərdən yararlanan nə qədər insan var. 

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cavablandırdı.

Agentlikdən bildirildi ki, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir: 

“Müsair tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin yaradıldığı Müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxsləri, görmə qabiliyyəti məhdudluğu olan şəxsləri və s. stasionar şəraitdə sosial reabilitasiya xidmətləri ilə təmin edir. 

Burada həm kişi, həm də qadınların rahat yaşaması, dövlət qayğısı ilə əhatə olunması üçün lazımi şərait yaradılıb. Qəbul edilən sakinlərə sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri, eləcə də sosial-məsləhət yardımı göstərilir”. 

Agentlikdən qeyd olunub ki, Müəssisəyə qəbul olunanlar günlük olaraq qida normaları əsasında yemək, qəlyanaltı, yaşayış yeri və geyimlə də təmin edilirlər: 

“Hazırda müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsində 51 nəfərə xidmət göstərilir. Onlardan 39-u kişi, 12-si isə qadındır”.

Qeyd edək ki, şəhərin hər hansı bir yerində qarşımıza çıxan bu cür insanlara kömək etmək üçün Agentliyin 116 və 123 “Qayğı” Çağrı Mərkəzinə xəbər verə bilərik.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO