Artıq bir neçə il idi ki, Bakı sakinləri qar üzünə həsrət qalmışdı. O səbəbdən, əksəriyyət qarın yağmasını həsrətlə gözləyirdi. Və yanvarın 9-u paytaxt sakinlərinin gözləntiləri reallaşdı, gecə saatlarından başlayaraq Bakıya qar yağmağa başladı.
Səhər saatlarından etibarən isə paytaxt sakinləri qarın yaratdığı problemlərlə üz-üzə qaldılar.
Son iki gündə ən qabarıq müşahidə olunan problemləri bu cür sıralaya bilərik:
Avtomobil qəzaları. Qarın yağması ilə ən çox gözəçarpan problemlər avtomobil yollarında müşahidə olundu. Doğrusu, şəhərin əksər istiqamətlərində yollar təmizlənsə belə, maşınların qışa hazırlıqsız olması qəzaları da qaçılmaz etdi. Bu səbəbdəndir ki, iki gün ərzində paytaxtın avtomobil yollarında 50 qəza qeydə alındı.
Yolların “təmizlənməsi”. Bir çox ölkələrin təcrübəsində yollar xüsusi ayrılmış texnikalarla qar və buzdan təmizlənir. Paytaxt yollarında da bu tip texnikalar işə cəlb olunmuşdu. Lakin texnikalara paralel olaraq, yolların insan əməyi ilə təmizlənməsi diqqətdən yayınmadı. Çoxu ahıl yaşlarında olan qadınlar əllərində kürək, yolların təmizlənməsi üçün səfərbər edildi.
Piyadaların başına gələnlər. Yolların pis-yaxşı təmizləndiyini deyə bilsək də, səkilər üçün eyni sözü, təəssüf ki, deyə bilməyəcəyik. Müşahidələrimiz onu göstərdi ki, səkilərin buz bağlaması piyadaların hərəkətinə ciddi maneələr törətdi.
Digər tərəfdən, bir sıra səkilərə döşənən mərmərlər də sakinlər üçün başağrısına çevrilməyi bacardı. Mərmər döşənmiş səkilər piyadalar üçün buz pistinə çevrilib, xeyli sayda sakinin xəsarətlər almasına səbəb oldu.
Təkcə, yanvarın 9-da qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.
Kommunal problemlər. Yanvarın 9-da Azərbaycanda elektrik enerjisi təchizatı sistemində uzunmüddətli və böyük miqyaslı qəza baş vermədi. Lakin lokal qəzaların da baş verdiyi “Azərişıq” QSC tərəfindən rəsmi şəkildə bildirildi.
Bakının Nizami rayonunda istilik xəttində isə sızıntı baş verdi. Nəticədə, 17 binaya istiliyin verilməsində problemlər yarandı. Lakin qəzanın nəticələri qısa müddətdə aradan qaldırıldı və istiliyin verilişi bərpa olundu.
Su və qaz təzhizatı ilə bağlı isə hər hansı ciddi problem yaşanmayıb.
Göründüyü kimi, ciddi şaxtalar qeydə alınmasa da, paytaxt yenə də qarın yaratdığı bir sıra problemlərlə üz-üzə qaldı. Lakin onu da qeyd edək ki, bu dəfə vəziyyət əvvəlki illərdəki qarlı günlərə nisbətən daha ürəkaçan oldu.
Yaşanan problemlərin, gələcəkdə yaşanmaması ümidilə...
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 10.01.2023
Bakıya qar niyə yaraşmır? – Son iki gündə yaşanan PROBLEMLƏR
Hazırda oxunan: Bakıya qar niyə yaraşmır? – Son iki gündə yaşanan PROBLEMLƏR
Hazırda oxunan: Bakıya qar niyə yaraşmır? – Son iki gündə yaşanan PROBLEMLƏR
113983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.