Təmiz səhər üçün qaranlıqda çalışan TƏMİZLİK İŞÇİLƏRİ - FOTO

Təmiz səhər üçün qaranlıqda çalışan TƏMİZLİK İŞÇİLƏRİ - FOTO

Hazırda oxunan: Təmiz səhər üçün qaranlıqda çalışan TƏMİZLİK İŞÇİLƏRİ - FOTO

113513

Biz gecələr yatarkən, onlar oyaq olur. Gecə saatlarında işləyirlər ki, insanlar təmiz səhərə, təmiz şəhərə oyansınlar.

Bizim.Media olaraq, küçələrin təmizliyinə baxan işçilərin bir iş gününə şahidlik etdik. 

Göyçay şəhərində təmizlik işçiləri ilə görüşüb, onlarla söhbət etdik. Əqrəblər sıfırların üzərində cəmləşən ərəfələrdə küçələrdə rayon sakinlərinin hərəkəti seyrəlməyə başlayır. Ara-sıra şütüyən avtomobillərdən başqa, demək olar ki, yollarda kiməsə rast gəlinmir. 

“Gecə yuxusu şirindir” – deyirlər, amma bu xanımlar gecə saatlarında da şəhərin təmizliyinin keşiyini çəkirlər. 

Həmsöhbət olduğumuz təmizlik işçisi Əminə Həşimova uzun müddətdir Göyçayda Sanitar Təmizlik idarəsində çalışır. Qazancını təmizlik işləri ilə əldə edən Əminə xanım hər gün evdən çıxaraq şəhərin təmiz olması üçün küçə və prospektlərə, park və xiyabanlara üz tutur. 

Deyir ki, bir çox qadın bu peşəyə sahib olmaqdan utansa da, burada xəcalət çəkiləsi bir şey yoxdur. Zəhmət tələb edən peşədir. 

Göyçayın küçə və prospektlərinin təmiz olmasında onun həmkarı Lətifə Həmidovanın da rolu az deyil. Gecə saat 00-00 dan səhər 8-ə kimi digər həmkarları ilə bərabər ilin bütün fəsillərində gecə saatlarında iş başında olan müsahibimiz deyir ki, bəzən elə olur, gündüz saatlarında da ərazini yenidən təmizləməyə ehtiyac yaranır. Yay-qış, qarlı-yağışlı və şaxtalı hava olmasına baxmayaraq, işlərinin öhdəsindən gəlirlər.

Əminə Həşimovanın sözlərinə görə, ailəsini küçə süpürməklə dolandırır. Bir neçə ildir bu işlə məşğul olan müsahibimiz deyir ki, bəzi həmkarlarından fərqli olaraq işə yeni başlayanda kompleksi olub. Amma artıq bu mərhələ geridə qalıb və o, işini canla-başla yerinə yetirir.
Müsahibim bildirir ki, onları narahat edən məsələ insanların küçələri bilərəkdən zibilləməsidir. Park ərazisində kifayət qədər zibil qabları olsa da, təəssüf ki, yaşından asılı olmayaraq vətəndaşlar tullantıları qablara deyil, park ərazisinə atırlar. Bu isə həm şəhərin təmizliyini korlayır, həm də onların işini artırır. 

Bu zəhmətkeş insanlar haqlı olaraq bəzən əziyyətlərinin hədər getməsindən də gileylənirlər. Onlar sakinləri küçələrin təmizliyinə riayət etməyə çağırırlar. 

Göyçay Sanitar Təmizlik idarəsindən isə bildirdilər ki, şəhərin 57 küçə və prospektinə xidmət göstərilir. Tullantıların yığılması üçün 100-dən çox yeni zibil qutuları alınaraq ərazilərə paylanılıb. Əlavə olaraq hər bir işçiyə qış geyimi də paylanılıb. 

Beləcə, reportaj hazırlamaq üçün biz də bir gecə oyaq qalası olduq. Onlar isə hər gecə oyaq qalır, şəhərin təmizliyini qoruyurlar. Gəlin, biz də bu işdə onlara kömək edək, məişət tullantılarını hara gəldi yox, zibil qutularına ataq, ətrafı çirkləndirməyək.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO