2022-ci ildə kreslosunu itirən MƏMURLAR – ARAŞDIRMA 

2022-ci ildə kreslosunu itirən MƏMURLAR – ARAŞDIRMA 

Hazırda oxunan: 2022-ci ildə kreslosunu itirən MƏMURLAR – ARAŞDIRMA 

113044

Geridə qoyduğumuz 2022-ci il bir sıra yüksək ranqlı məmurların kreslosunu itirməsi ilə yadda qaldı. Onlardan bəziləri öz istefaları, bəziləri isə Prezidentin müvafiq sərəncamları ilə vəzifələrindən azad edildilər.

Ötən il vəzifələrindən uzaqlaşan və ya uzaqlaşdırılanlar içərisində ötən əsrdən bəri eyni kreslonu tutan məmurlar da oldu.

Bizim.Media 2022-ci ildə kreslosunu itirən məmurları araşdırıb.

İradə Gülməmmədova

Prezident İlham Əliyevin sərəncamı ilə 19 yanvar 2022-ci il tarixində Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova işdən çıxarıldı. O, 2015-ci ildən bəri bu vəzifəni icra edirdi. Gülməmmədovanın yerinə isə Abdin Fərzəliyev təyinat aldı.

Yaşar Həsənov

Uzun illər Bakının və bir sıra bölgələrin qışda istiliklə təminatına cavabdeh olan Yaşar Məmmədəli oğlu Həsənov fevral ayının 7-də "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi.

Ramiz Mehdiyev

Ramiz Mehdiyev 14 fevral 2022-ci ildə AMEA-nın Rəyasət Heyətinin iclasında istefa verəcəyini və ərizəsini Azərbaycan Prezidentinə təqdim edəcəyini açıqladı. Nəhayət 19 fevral 2022-ci ildə AMEA-nın ümumi yığıncağında Mehdiyevin istefası qəbul edildi, prezident səlahiyyətlərini icra etmək birinci-vitse prezident Arif Həşimova tapşırıldı. 28 iyul 2022-ci ildə AMEA-nin bəzi qurumları Təhsil və Mədəniyyət Nazirliyinin tabeçiliyinə verildi və bu qurumun yeni strukturunda 22 elmi müəssisə qaldı. 26.10.2022-ci il tarixdə AMEA-nın prezidenti İsa Həbəbbəyli seçildi.

Mehdi Səlimzadə

Adı müxtəlif qalmaqallarda hallanan Mehdi İldırım oğlu Səlimzadə fevralın 28-də Prezidentin sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olundu.

Əsgər Ələkbərov

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qurumun ayrı-ayrı səlahiyyətli şəxsləri barədə araşdırma aparıb, qanun pozuntuları aşkarladığına görə, mart ayının 3-də Əsgər Əyyub oğlu Ələkbərov "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Elman Rüstəmov

Bu ilin aprel ayının 12-dək Mərkəzi Bankın İdarə Heyətinin sədri olan Elman Rüstəmov da 2022-ci ildə vəzifəsini itirib. Elman Rüstəmov 1995-ci ilin yanvarından bəri MB-yə rəhbərlik edirdi.

Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyev iyulun 16-da Prezidentin sərəncamı vəzifəsindən azad olundu. Mehdiyev 2018-ci ildən bu vəzifəni icra edirdi. Səfər Mehdiyevin vəzifəsindən azad olunmasından sonra DGK-nın bir sıra yüksək ranqlı məmurları da kreslolarını itirdilər.

Şahin Məmmədov

İyulun 22-də Masallı rayonunun  icra başçısı Şahin Məmmədov vəzifəsindən azad edildi. 2004-cü ildən bəri, müvafiq olaraq Samux, Ağcabədi və Masallı rayonlarında icra başçısı olub.

Vasif Talıbov

Vasif Talıbovun istefası dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qapalı iclasında müzakirəyə çıxarılaraq, qəbul edildi. Bununla da Muxtar Respublikada 27 illik Vasif Talıbov dönəmi başa çatdı.

Anar Kərimov 

Mədəniyyət naziri Anar Kərimov Talıbovdan bir gün sonra, dekabrın 22-də Prezidentin müvafiq sərəncamı ilə tutduğu postdan azad edilib. Siyahıdakı digər məmurların əksəriyyətindən fərqli olaraq A. Kərimov nazir kreslosunda bir ildən qısa müddət qaldı. O, bu il yanvarın 5-də nazir vəzifəsinə təyinat almışdı.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO