İnternetin sürəti zəifdirsə, nə etməlisiniz? – Mütəxəssisdən TÖVSİYƏ

İnternetin sürəti zəifdirsə, nə etməlisiniz? – Mütəxəssisdən TÖVSİYƏ

Hazırda oxunan: İnternetin sürəti zəifdirsə, nə etməlisiniz? – Mütəxəssisdən TÖVSİYƏ

110857

Uzun müddətdir ki, internet sürətinin zəif olması ilə bağlı şikayətlər səslənir. Əhali arasında özəl provayderlərə keçid etmək istəyənlərin çoxluğu müşahidə olunur. Bu problem cari ilin avqust ayında internetin bahalaşmasından sonra da öz həllini tapmadı.

Halbuki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edilərkən bildirilmişdi ki, bu yüksək sürətə keçid üçün atılan addımdır: 
“Xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60%-dək daha az) ödəniş edirlər.

Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 manatdır. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 manat təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 manatdır”. 

Sosial şəbəkə istifadəçilərinin vaxtaşırı narazı paylaşımlarından isə məlum olur ki, qiymət artsa da, vəd olunan sürətli internetə əlçatımlılıq təmin olunmayıb. Bizim.Media şikayətləri nəzərə alaraq “Aztelekom”a sorğu göndərib.  

Qurumdan bildirilib ki, internetin sürətinin azalması ilə bağlı kütləvi müraciət daxil olmayıb: 

““Aztelekom” MMC-nin xidmətləri davamlı olaraq yenilənir və abunəçilər yeni bağlantı metodlarından istifadə edərək şəbəkədə qalmağa davam edirlər. Üstəlik, texnologiyanın yenilənməsi nəticəsində şəbəkədə abunəçi artımı da müşahidə edilir.

“Aztelekom” MMC-yə (Bakı Telefon Rabitəsi MMC) internetin sürətinin azalması ilə bağlı kütləvi müraciət daxil olmayıb. Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC abunəçilərindən isə 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq”.

Qeyd olunub ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov mövzu ilə bağlı Bizim.Media-nın sualını cavablandırarkən provayderlərin xidmətin  təşkili ilə bağlı problemlərinin olduğunu deyib:

“Hansısa provayder reklam kampaniyası keçirir, yeni istifadəçilər cəlb edir. Provayderin məhdud sayda internet trafikində istifadəçi sayı çoxaldıqca sürət aşağı düşür. Bu zaman provayder topdan böyük həcmdə internet trafiki almalıdır ki, istifadəçilər onlara vəd edilmiş sürətlə təmin olunsunlar. Lakin provayderlər istifadəçi sayını artırsalar da, öz xərclərini artırmırlar. Bu da istehlakçıların almalı olduqları sürətlə təmin olunmaması ilə nəticələnir”.

Mütəxəssis qeyd edib ki, müqavilə əsasında göstərilən şərtlər ödənmədiyi halda abunəçi istehlakçı hüquqlarının pozulmasına görə, aidiyyəti orqanlara müraciət edə bilər: 

“Abunəçi provayderlə müqavilə imzalayır və orada veriləcək sürət qeyd edilir. Əgər istifadəçi ödədiyi məbləğ qarşısında müqavilədə qeyd olunmuş sürəti ala bilmirsə, bu, onun istehlakçı hüquqlarının pozulmasıdır. Buna görə müvafiq orqanlara müraciət etmək haqqı var”. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO