Xankəndi yolunda milli mübarizəmizə kölgə salanlar kimlərdir? — Kampaniyanın pərdəarxası...

Xankəndi yolunda milli mübarizəmizə kölgə salanlar kimlərdir? — Kampaniyanın pərdəarxası...

Hazırda oxunan: Xankəndi yolunda milli mübarizəmizə kölgə salanlar kimlərdir? — Kampaniyanın pərdəarxası...

110250

“Aksiyada iştirak edən ekoloq xəz palto geyinib, bu heyvan haqlarına ziddir”, yaxud “etirazçı əlindəki quşu boğur” kimi mətləbdən və məramdan uzaq fikirlər dolaşır sosial şəbəkələrdə. Biri lağ edir, digəri “heyvan hüquqlarının müdafiəçisi” rolunda çıxış edir, başqa biri isə ağıl verməyə çalışır. Azərbaycan xalqı Xankəndi yolunda sülhməramlıların timsalında Rusiyanın suverenliyimizə qarşı yaratdığı təhlükəyə görə cəbhə qurub. Qarabağdakı separatçı rejimin torpaqlarımızda mövcudluğuna etiraz edir. Bəziləri də mənasız, həm də aksiyanın hədəfinə zidd məsələlərdən yapışıb, saqqız kimi uzatmaqla məşğuldur.

Bəs həmin "bəzilər" kimlərdir?

“Quş” və “şuba” söhbətlərinin aksiyaya qarşı kampaniya olduğu sirr deyil. Bu kampaniyanın erməni diasporu, Ermənistan və dünyada erməni maraqlarının müdafiəçiləri tərəfindən təşkil edildiyi də şübhəsizdir. Çünki Azərbaycan xalqının haqlı tələbləri qarşısında əlindən heç nə gəlməyən bu qüvvələr rəsmi Bakıya təzyiq etməyə çalışırlar, ancaq heç nəyə nail ola bilmədilər.

Bundan sonra aksiyanın gözdən salınması istiqamətində hərəkətə keçdilər. Məhz “quş” və “şuba” söhbəti də dünyanın diqqətini aksiyadan yayındıraraq, “heyvan haqlarının qorunmasına” çəkmək, beynəlxalq təşkilatların buna reaksiya verməsinə nail olmaq istəyirlər. Ermənilər ümid edirlər ki, bununla aksiyanın qarşısını ala biləcəklər.
Bu prosesdə erməni lobbisi və mediası gecə-gündüz əlləşir. Lakin şəbəkənin Azərbaycan daxilindəki uzantıları da var və onlara yetərincə dəstək verirlər. “Şuba” və “quş” söhbətini sosial şəbəkələrin Azərbaycan seqmentində tirajlayanlar da məhz həmin şəbəkədir. Əvvəlcə “aksiyanı Azərbaycan hakimiyyəti təşkil edib”, “Azərbaycan hakimiyyəti ekologiyanı qorumur, amma ekoloji tələblər irəli sürür” kimi riyakar iddiaları tirajladılar və dərhal Ermənistan mediası “Azərbaycanlılar da Azərbaycan hakimiyyətinin aksiyasına inanmır” manşetləri atdı.

"Sapı özümüzdən olan baltalar" daha sonra “quş” və “şuba” söhbətlərini tirajladılar və yenə erməni mediası bundan istifadə etdi. O cümlədən, dünyada erməni maraqlarının müdafiəçiləri bu kimi absurd məqamlardan hələ də istifadə etməyə çalışırlar.

Təəssüf ki, Azərbaycanda bir çoxu bu kampaniyada bilməyərəkdən iştirakçıya çevrilib, məsələnin mahiyyətinə varmadan “trend”dən geri qalmamaq üçün “quş”, “şuba” kimi mövzularda “mövqe” sərgiləyirlər.
Lakin bir şeyi anlamalıyıq. Xankəndi yolunda keçirilən aksiya təkcə üzləşdiyimiz ekoloji terrora qarşı sivil mübarizə yox, həm də suverenliyimizə qarşı yaranmış təhdidlərin aradan qaldırılması prosesidir. 

Artıq bir həftədir ki, davam edən aksiyada iştirakçıların sayı hər keçən gün daha da artır. Jurnalsitlərimizin və ictimai fəalarımızın iştirakı ilə keçirilən aksiyada hər kəs əlindən gələn qədər çalışır, soyuqda, yağışda günlərlə ayaq üstə etiraz edir, mübarizə aparır. QHT və media sektorunun lokomotivlik etdiyi bu aksiya bütün dünya tərəfindən izlənilir. 

Anlamalıyıq ki, aksiyanın məramından, məqsədindən uzaq və xalqımızın mübarizəsinə kölgə salacaq istənilən mənasız paylaşımlar başda Ermənistan olmaqla Azərbaycana qarşı çıxan qüvvələrin əlinə əsaslar vermək, onların “çörəyinə yağ sürməkdən” başqa bir şey deyil.

Bu ölkəni, bu Vətəni sevənlər soyuq hava şəraitində mübarizə aparan insanlarımıza dəstək verməli, lağlağı statuslarla mübarizəmizə kölgə salmamalı və ən əsas düşmənin təbliğatına alət olmamalıdır.
Unutmamalıyıq ki, mübarizənin ön cəbhəsində Azərbaycan xalqı dayanır və tarixdə xalqın ön cəbhədə dayandığı bütün mübarizələr qələbə ilə nəticələnib. Biz də xalq olaraq istədiyimizə, məqsədimizə çatacağıq. Bu haq davamızda düşmən təbliğatına dəstək verənlər də, “trend” xatirinə lağlağı edənlər də unudulmayacaq. Tarix hər kəsi olduğu kimi yazacaq.

Vasif Həsənli, Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO