Yeni ilə 2 həftə qalmış bayram yarmarkasındakı QİYMƏTLƏR – REPORTAJ - FOTO

Yeni ilə 2 həftə qalmış bayram yarmarkasındakı QİYMƏTLƏR – REPORTAJ - FOTO

Hazırda oxunan: Yeni ilə 2 həftə qalmış bayram yarmarkasındakı QİYMƏTLƏR – REPORTAJ - FOTO

110022

Dekbarın 1-dən şəhərin müxtəlif yerlərində Yeni il yarmarkaları fəaliyyətə başlayıb. İlk vaxtlar məhsul və çeşidlər az olsa da, artıq həm bolluq, həm də rəngarənglik müşahidə edilir. 
Bəs qiymətlər necədir? 

Elə bu sualdan yola çıxıb üz tuturuq yarmarkaya. 

Bizim.Media ilə həmsöhbət olan satıcılar ilk sualdan alıcıların azlığından gileylənirlər. Onların sözlərinə görə, hazırkı yarmarkada əvvəlki illərlə müqayisədə satış daha zəifdir.

Bunun səbəbinə gəlincə, qiymətlərin baha olması və Yeni ilə hələ iki həftə qaldığını deyirlər. Daha bir satıcı isə vəziyyətin səbəbini belə əsaslandırır: 

“Hələ ki, əksər adam qiymətlərlə maraqlanır. Camaat məvacibini almayıb. Ayın sonuna yaxın, inşallah, maaşlarını alar, gələr bizdən də bazarlıq edərlər”.

Qiymətlərlə maraqlanırıq. Baxırıq görək, məsələn, bir uşaq üçün hədiyyə qutusu hazırlasaq, neçəyə başa gələr? 

Suallarımızı cavablandıran satıcılardan biri deyir ki, ən ucuz hədiyyə qutusu 5 manata başa gəlir. Qutunun öz qiyməti elə 1 manatdan başlayır. Balacaları bayram sabahı Şaxta babanın hədiyyə gətirdiyinə inandırmaq istəyənlər olsa, o zaman rəngarəng, fərqli ölçülərdə yeni il corablarından da ala bilərlər. Onların da qiyməti ölçülərinə görə 1-12 manat civarındadır. 

2023-cü il dovşan ili olduğuna görə, bir çox suvenirlər, yumşaq oyuncaqlar dovşandır. Suvenirlər 4 manatdan 60 manata qədər müxtəlif çeşidlərdədir. Yumşaq oyuncaqlar isə 1-15 manat aralığında qiymət dəyişir. 

Yeni ilin atributlarından olan marallar 30-45 manatadır. Yolkaların isə qiyməti keyfiyyətə və ölçüyə görə dəyişməklə 25-230 manatdır. Yolka işıqları da ölçülərinə və keyfiyyətlərinə görə 5-50 manat aralığında qiymət dəyişir. 

Satıcılar deyirlər ki, alıcılar daha nə evlərini, nə yolkalarını zərlə bəzəmək istəyirlər. Buna görə də zər alan yoxdur. Daha çox müxtəlif dekorlara, gözəgəlimli bəzəklərə üstünlük verilir:

“Elə hədiyyə seçənlər də baxırsan ki, birini götürür, birini qoyurlar. Nəsə fərqli bir şey axtardıqlarını deyirlər”. 

Bayram günü süfrənizi bəzəmək üçün dekorlarla maraqlansanız, onların qiyməti 2-10 manatdır. Kiçik, detal üçün istifadə edəcəyiniz bəzəklər isə daha ucuz, 20 qəpikdir. Satıcılardan bayramqabağı qiymətlərin artıb-artmayacağını da soruşuruq. Söyləyirlər ki, ola bilsin, bəzi məhsullarda qiymətlər tələbə görə dəyişsin, bayram yaxınlaşan günlərdə daha yüksək olsun. Buna görə alıcılara vaxtında alış-veriş etməyi tövsiyə edirlər. 
 

Yuxarıda qeyd etdiyimiz minimum və maksimum qiymətlər stabil deyil. Müşahidələrimizə görə, alıcılar arasında məhsulların qiymətində satıcılarla daha ucuza razılaşıb alanları da var idi, satıcının dediyi ilkin qiymətlə razılaşıb ödəniş edəni də. 


Hər bir halda satıcılara bol alıcı arzulayır, alıcıların da ürəkləri istəyənləri almaları üçün ciblərinin dolu olmasını diləyib yarmarkadan çıxırıq. 

Aləmdə Nəsib, Bizim.Media 

Foto: Əfqan Pənahoğlu

































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO