Göyçayın ən qədim tarixi abidəsi olan "Yeraltı hamam" abidə kompleksi məhv olmaq üzrədir. Otuz ildən çoxdur baxımsız vəziyyətdə qalan bu memarlıq abidəsinin bərpası illərdir Mədəniyyət Nazirliyinin "təmir olunacaq abidələr" siyahısına düşsə də nədənsə hələ ki, lazımi tədbir görülmür.
Bizim.Media-ya yerli mütəəxəssilərin bildiridiyinə görə, əgər “Yeraltı Hamam” kompleksində tezliklə bərpa işlərinə başlanmazsa, nə abidə qalacaq, nə də tarix.
135 il əvvəl tikilmiş bu sirli hamam Azərbaycanın nadir memarlıq abidələrindən biridir. XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. “Yeraltı Hamam” adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Hamam otaqlarından ikisi qadınlar, biri isə kişilər üçün nəzərdə tutulub. Vaxtilə hamadan eyni vaxtda 70 nəfər istifadə edib.
Hamamın özünəməxsus sirri də var. Çirkab sularının saxsı borularla hara və necə axıdılması hələ də müəmmalı olaraq qalır. Aparılan araşdırmalara baxmayaraq, bu sual hələ də cavabını tapmayıb.
Gümbəzli unikal memarlıq abidəsi olan bu hamamın fəaliyyəti keçmiş Sovetlər Birliyi dövründə dayandırılıb. Ötən əsrin 30-40-cı illərində “Yeraltı hamam” bir müddət həbsxanaya çevirilib. İkinci dünya müharibəsindən sonra isə ondan bir müddət pendir sexi kimi istifadə olunub. 1958-ci ildə isə bina təmir edilərək yenidən hamam kimi fəaliyyətə başlayıb.
Lakin 1991-ci ildən sonra bu abidə sahibkarlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub, tarixi memarlıq nümunəsi zərər görüb, dağılaraq bərbad hala düşüb.
Damında, divarlarında böyük çatlar əmələ gələn abidənin uçmaq təhlükəsi var. Hazırda qapısı bağlıdır və içəri heç kim buraxılmır.
Mədəniyyət Nazirliyinin, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri ötən 10 il ərzində Göyçaya dəfələrlə gələrək bu tarixi abidənin vəziyyəti ilə tanış olub və burada təmir-bərpa işləri aparılacağını bildiriblər. Lakin 10-15 il ərzində burada bir taxtaya bir mıx vurulmayıb.
Sahibsiz qalan hamamın qarşısı isə yerli sakinlər tərəfindən zibil anbarına çevrilib.
Məsələni gündəmdə saxlayacağıq.
Aqil Əsədov, Bizim.Media
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği - bəndinə uyğun olaraq hazırlanıb.
- A-
- A
- A+
Cəmiyyət
13:15 / 14.12.2022
Göyçayda 135 yaşlı tarixi abidə uçmaq təhlükəsi ilə üz-üzədir – Mədəniyyət Nazirliyi isə GÖZ YUMUR
Hazırda oxunan: Göyçayda 135 yaşlı tarixi abidə uçmaq təhlükəsi ilə üz-üzədir – Mədəniyyət Nazirliyi isə GÖZ YUMUR
Hazırda oxunan: Göyçayda 135 yaşlı tarixi abidə uçmaq təhlükəsi ilə üz-üzədir – Mədəniyyət Nazirliyi isə GÖZ YUMUR
109521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.