Yarım əsr bundan əvvəl tikilən məktəb qəzalı vəziyyətdədir - FOTO

Yarım əsr bundan əvvəl tikilən məktəb qəzalı vəziyyətdədir - FOTO

Hazırda oxunan: Yarım əsr bundan əvvəl tikilən məktəb qəzalı vəziyyətdədir - FOTO

108717

Şirinbulaq kəndi Şəkinin ən ucqar yaşayış məntəqlərindən biridir.  Rayon mərkəzindən 70-75 km uzaqda yerləşir. Şəhərdən uzaqda yerləşməsinə baxmayaraq kənddə elm və təhsilə hər zaman diqqət və maraq olub.  

Bizim.Media-nın yerli bürosuna kənd sakinlərinin verdiyi məlumata əsasən, şirinbulaqlıların 7-dən 77 -yə bir qayğısı var: - Məktəb binası qəzalı vəziyyətdədir, uşaqların təhsil alması üçün yararlı sinif otağı demək olar yox dərəcəsindədir.

Kənd bələdiyyəsindən Bizim.Media-ya bildirilib ki, məktəb binası ötən əsrin 70-ci illərində inşa olunub.

Və ötən yarım əsrdə bir dəfə olsun nə təmir edilib, nə baxan olub. Sadəcə kosmetik əl gəzdirilib. Bu səbəbdən də məktəbin tavanı sökülüb, döşəmələr çürüyüb, qapı-pəncərələri yararsız vəziyyətə düşüb, şüşələri qırılıb. Bu da öz növbəsində dərs zamanı uşaqların hərəkətinə ciddi problem yaradır. 
Qış aylarında sinif otaqlarını qızdırmaq müşkülə çevrilir, ona görə uşaqlar evdən necə geyinib gəlirsə, elə həmin paltarda da dərsdə oturur. Eynilə yay aylarında dəfələrlə siniflərin döşəməsi çürüyüb söküldüyündən ilanlara belə rast gəlinir. 

Bələdiyyədən o da bildirilib ki, valideynlər məktəbdəki vəziyyətə görə uşaqlarının sağlamlığını nəzərə alıb onları məktəbə göndərmək istəmir. 

Məktəbin direktoru Zaur Səlimov Bizim.Media-nın əməkdaşına bildirib ki, təhsil ocağı 110 şagirdlikdir, lakin hazırda 95 uşaq təhsil alır. Zaur Səlimov vəziyyətin ürəkaçan olmadığını, aidiyyəti üzrə məlumat verildiyini, lakin hələ də bir tədbir görülmədiyini etiraf edib. 

Məsələ ilə əlaqədar Şəki regional təhsil idarəsinin əməkdaşı Mahal Məmmədovla əlaqə saxladıq. Bildirildi ki, məktəblərin tikinti və təmir işləri növbəlilik əsasında aparılır. Onun sözlərinə görə, adı çəkilən məktəb binasının növbəti ildə təmir edilməsi nəzərdə tutulub.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO