Fevralın 4-də saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən xəsarət alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media-ya Xəzər rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Vahid Vəliyev qeyd edilən ərazidə fəhlə işlədiyi fərdi yaşayış evinin təmiri zamanı beton qarışdıran maşının pompasının başına dəyməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
MÖVZU İLƏ BAĞLI:
Sədərək Ticarət Mərkəzində liftdə qəza - Ölən və yaralanan var
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media