Qeyri-formal təhsil dedikdə, formal təhsil kurikulumundan kənarda gənclərin bir sıra bacarıq və səriştələrin təkmilləşdirilməsi üçün nəzərdə tutulan planlaşdırılmış, vahid struktura sahib fərdi və sosial təhsil proqramları və prosesləri nəzərdə tutulur.
Bizim.Media araşdırmasına görə formal təhsildən fərqli olaraq, qeyri-formal təhsilin kontingenti həmişə daha motivasiyalı, diqqətli və yeni bacarıqları öyrənməyə həvəsli olurlar.
MÖVZU İLƏ BAĞLI:
Şamaxıda müəllimi tərəfindən döyülən şagirdlə bağlı ekspertiza TƏYİN OLUNDU – RƏSMİ
Onlar praktiki öyrənmə mühitində və təcrübələrdən öyrəndikləri üçün nəinki daha dərin biliklər əldə etməkdə maraqlıdırlar, həm də müzakirə olunan mövzunu daha yaxşı başa düşürlər. İnformal öyrənmə və ya informal təhsil məktəb və kolleclərdən kənarda baş verir. İnformal öyrənmə həmçinin təcrübi öyrənmə də adlanır.
Formal və ya qeyri-formal öyrənmə qismən planlaşdırılmış və qismən təsadüfidir. İnformal öyrənmə isə yalnız təsadüfi xarakter daşıyır. Bu təhsil forması gəncin öyrənmə məqsədi daşımayan fəaliyyətlərdə iştirakından irəli gəlir. Son illərdə qeyri-formal təhsil və bu sahədə təlim keçən təlimçilərin artması Azərbaycanda trenddədir.
Təhsil eksperti Elşən Qafarov bildirir ki, təhsil qanunvericiliyinə görə Azərbaycan Respublikasında təhsilin 3 forması tətbiq olunur:
“Bunlar formal təhsil, qeyri-formal təhsil və informal təhsildir. Beynəlxalq təcrübədə isə təhsilin iki forması var: formal və qeyri-formal. Qeyri formal təhsil müxtəlif kurslar, dərnəklər öyrədilən təhsildir ki, dövlət nümunəli olmayan sənədin verilməsi ilə başa çatır.
Dövlət nümunəli sənədləri forması və onun verilməsi qaydasını isə Nazirlər Kabineti təsdiqləyir. Formal təhsilin göstəricisi olan dövlət nümunəli sənədi yalnız dövlət təhsil standartlarına uyğun çalışan təhsil müəssisələri, o cümlədən bu sahədə lisenziya qazanmış özəl təhsil müəssisələri verə bilirlər”.
Ekspert bildirib ki, kurslar, müxtəlif mədəniyyət evləri, gənclər evi, klublarda öyrədilən bilik, bacarıqlar və dəyərlər sonunda səriştəyə çevrilir və qeyri-formal təhsilin göstəricisi budur:
“Azərbaycanda qeyri-formal təhsilin daha çox yayıldığı ölkələrdən biridir. Bu gün sahibkarlığın inkişafı üçün kifayət qədər şəraitlər yaradılır və qeyri-formal təhsil sahəsində kommersiya qurumlarının, şirkətlərinin yaradılmasında heç bir əngəl yoxdur”.
Nəhayətdə qeyd etmək lazımdır ki, ölkə üzrə təlimçi və qeyri-formal öyrənmə ilə məşğul olan işçilərin sayı günü-gündən artsa da gənclərlə iş sahəsində tam kriteriyaları ödəyən təlimçi, gənclərlə işləyənlərin sayı çox azdır.
Bir çox hallarda isə işbazılar qeyri-formal təhsil sahəsini də əlavə gəlir mənbəyin çevirib insanları aldatmaqla məşğuldurlar. Bu sahədə də nizm-intizamın yaradılmasına ehtiyac var.
Mia Quliyeva, Bizim.Media