Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə DİN və Baş prokurorluğun birgə məlumatında bildirilir.
Belə ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.
MÖVZU İLƏ BAĞLI:
Buzovnada əri və oğlu qətlə yetirilərkən yaralanan qadın XƏSTƏXANADA ÖLDÜ
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb.
Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.
Bu gün isə əri və oğlu qətlə yetirilərkən yaralanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb. Bununla da evə basqında ölənlərin sayı 3-ə çatıb.
Bizim.Media