“Xəstə qardaşı Sahil onun üçün daha çox darıxır” – Qaraheybət ŞƏHİDİ Fərid Nağıyev

“Xəstə qardaşı Sahil onun üçün daha çox darıxır” – Qaraheybət ŞƏHİDİ Fərid Nağıyev

Hazırda oxunan: “Xəstə qardaşı Sahil onun üçün daha çox darıxır” – Qaraheybət ŞƏHİDİ Fərid Nağıyev

107148

Beyləqanın Şərq kəndində yaşayan daun sindromlu Sahilin igid qardaşından danışacağıq. O qardaşdan ki, hər dəfə işdən macal tapıb kənddəki evlərinə dönəndə Sahilə ən çox sevdiyi hədiyyələri alıb, vaxtının daha çox hissəsini məhz elə Sahilə sərf edirmiş. Söhbət Dövlət Sərhəd Xidmətinin baş-leytenant Şəhid pilot Fərid Təyyar oğlu Nağıyevdən gedir.

O, Xızı rayonunda yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus vertolyotun göyərtəsində şəhid olan hərbi qulluqçulardan biridir. Artıq Fəridin şəhadətindən bir il ötsə də qardaşı Sahil hələ də onun qapıdan girəcəyini, hədiyyələr alıb gətirəcəyini, ona vaxt ayıracağını gözləyir... Darıxanda isə həsrətini Fəridin ayla, ulduzla bəzədilmiş zabit papağını başına qoyub göndərdiyi əsgər salmaları ilə ovundurur. Əslində Sahil bir də cənab leytenantın dönməyəcəyini düşünmür, qəbul etmir...  

Şəhid zabitin atası Təyyar kişi deyir ki, Fəridin evə gəlişi hər kəsdən çox Sahili sevindirirdi. O, uşaqlıqdan insanlara qarşı xüsusi həssaslığı ilə yadda qalıb: 

“Ailədə üç qardaş idilər. Fərid ailənin ikinci oğul övladıydı. Daun sindiromlu olan qardaşı Sahili daha çox istəyirdi. Kəndə gələn kimi ilk olaraq Şəhid məzarlarını ziyarət edib sonra evə gəlirdi.

Sahilə onun çox sevdiyi hədiyyələr alıb vaxtını onunla keçirirdi. Bütün zabit yoldaşları Sahili Fəridin əmanəti hesab edib ona tez-tez baş çəkirlər”, deyir, Təyyar Nağıyev. 

Fərid Təyyar oğlu Nağıyev Əslən Füzuli rayonundan olan Fərid Nağıyev, 6 iyun 1996-cı ildə Beyləqan rayonunun Şərq kəndində anadan olmuşdur. Ailədən özündən böyük və kiçik iki qardaşı olub. 

Ailə Rusiya Federasiyasının İrkutski şəhərində yaşadığı üçün Fərid ibtidai təhsilini rus dilində alıb. Məhz elə buna o görə rus dili imiş. 2004-cü ildə Rusiyadan Beyləqanın Şəfəq kəndinə köçən ailənin övladları ata-baba kəndlərində təhsilini davam etdirir. F.Nağıyev elə bu kənddən də sevdiyi peşənin təhsilini almaq üçün akademiyaya qəbul imtahanına yollanır. 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin akademiyasına daxil olub. 

O, 2020-ci il 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Baş leytenant Nağıyev müxtəlif cəbhələrində döyüş tapşırıqlarını yerinə yetirib.

Anası Mehriban Nağıyeva Fəridin uşaqlıqdan çalışqan və savadlı olduğunu diqqətə çatdırır: 

“Atasının da qeyd etdiyi kimi Fərid körpə yaşlarından məhsuliyyətli və dərin düşüncəli adam idi. Hələ biz Rusiyada yaşayanda o atasının gözündən oğurlanıb olan pulu ilə mənə hədiyyə almışdı. Çox məhsuliyyətli və həssas idi. Dərslərini mükəmməl hazırlayırdı. Kursant vaxtlarında da kitabdan aralanmırdı. O işlədiyi illərdə də eləydi. Ancaq kitab oxuyurdu”, - Mehriban ana bildirir.   

Kursant olduğu illərdə dörd dəfə fərqlənir. Bütün yoldaşlarının içərisində səmimiliyi, ünsiyyətcilliyi ilə seçilən zabit Vətən müharibəsi zamanı aparılan hərbi əməliyyatlara qoşulur.

Cəbhənin müxtəlif istiqamətlərində döyüş tapşırığını nəaliyyətlə yerinə yetirir. Dəmir pərli hərbi texnika ilə Azərbaycan səmasının azadlığının keşiyini çəkən qəhrəman baş leytenantın son uçuşu 30 noyabr tarixində baş tutur. Belə ki, həmin gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayır. Nağıyev qəza nəticəsində daha 13 nəfər hərbçi ilə birlikdə şəhid olub.

Həmin hərbi hissədə əsgər kimi xidmət edən Savalanlı Savalan komandirlə hadisədən bir gün öncə görüşdüyünü deyir: 

“Ayın 29-u komandir gəlib məni tapdım. Səhəttimi soruşdu. Telefonu ilə məni evimizlə danışdırdı. Möhkəm olmağımı, qüsursuz xidmət aparmağımı, hərbi biliklərə dərindən yiyələnməyimi tapşırmışdı mənə... Sabahı günü təlim uçuşları başladı. Uçuşdan təxminən yarım saat sonra xəbər yayıldı ki, komandirgilin olduğu vertolyot eniş zamanı qəza qəzaya uğrayıb. Sonra televizorda baxdıq ki, şəhidlərimiz var və onların içərisində cənab baş leytenat Fərid Nağıyev də var”, - deyir, S.Savalanlı.

Təyyar əmi hadisəni bir qohumundan öyrəndiyini deyir. Son ana qədər Fəridin şəhid olması xəbərinə inanmayıb. Lakin rəsmi məlumat yayıldıqdan sonra ailə üçün demək olar ki, hər şey alt-üst olub.

Anası Mehriban xanım isə oğlunun heç zaman xidmət barədə danışmamasını deyir, buna görə də harada, necə olduğu barədə məlumat tuta bilmədiklərini bildirir:    

“Birdən söz düşəndə ondan haralara uçduğunu soruşurduq. O saat bir söz tapıb bizim diqqətimizi yayındırırdı. Xidmətdən bir kəlmə də danışmırdı. Şəhid olduğu gün evdə iş görürdüm yoldaşım dedi ki, bəs Fərid şəhid olub. Bunları xatırlamaq ana üçün çox çətindi. Hər işimizə kömək edirdi. Qardaşının oxumasına o kömək edirdi. Onun anası olduğum üçün qururluyam. O həmişəlik zirvələrdə məskən saldı”, deyir, şəhid anası. 

Şəhid baş leytenat Fərid Nağıyevin nəəşi 2 dekabrda Beyləqan Şəhidlər xiyabanında dəfn olunub. Dəfnində insan izdihamı yaşanan şəhid pilotun qardaşı Namik Nağıyev hər zaman qardaşının timsalında bütün şəhidləri ehtiramla andığını qeyd edir: 
“Dost idi, qardaşdan da yaxın idik. Təhsilimlə çox ciddi şəkildə maraqlanırdı. Mütaliyəli və Dövlətini sevən biriydi. Mənə nə qədər yaxın dost olsa da həmişə onunla pərdə saxlayırdım. Çünki yaşından çox böyük şeylər düşünürdü. Ağsaqqal yana qərarlar verib yol göstərirdi həmişə. Ilk uçuşu 2017-ci ildə həyata keçirmişdi. Zəng eləmişdi ki ilk üçüşümü yerinə yetirmişəm. Çox sevincli görünürdü. Bir gün belə olacağını düşünmürdük. Vətən sağ olsun!” – Namik Nağıyev

Vətən onun sərhədləri qorunduqca Vətən olur. Fərid həmin sərhədlərin qorunması, müqəddəsləşməsi yolundan canından keçən qəhrəman zabitlərdəndir. Hələ dünyaya gəlməmiş neçə-neçə oullara qəhrəmanlıq yolunda mayak olacaq... Vertolyot qəzasında şəhid olan bütün qəhrəmanları, başında şəhid qardaşının zabit papağı olan daun sindiromlu Sahilin əsgər salamı anır, şəhidin evindən əbədi ehtiramımızı bildiririk... 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO