Azərbaycan fermerinin ƏN BÖYÜK PROBLEMİ nədir? – Nazirlikdən RƏSMİ CAVAB 

Azərbaycan fermerinin ƏN BÖYÜK PROBLEMİ nədir? – Nazirlikdən RƏSMİ CAVAB 

Hazırda oxunan: Azərbaycan fermerinin ƏN BÖYÜK PROBLEMİ nədir? – Nazirlikdən RƏSMİ CAVAB 

107085

Yaz olur, payız olur fermerin, kəndlinin dərdi bitmir ki, bitmir. Min bir əziyyətlə yetişdirdiyi məhsulun gübrəsi, qulluğu bir yana, onu satmaq da bir ayrı dərd olub. Nə yerdə alan var, nə xarici bazarlara çıxarmağa imkan. 

Vaxtaşırı mediada, sosial şəbəkə platformalarında gedən xəbərlərə görə, fermerin məhsulu elə əlində-ovucunda qalır, çürüyüb zay olur. Özü də elə bir zamanda ki, dünya ərzaq qıtlığından əziyyət çəkir. 

Bütün dünyanın məhsulu Azərbaycana gəlib çatdığı bir vaxtda, bəs özcə məhsulumuz niyə nə öz dərdimizə dərman, nə də dünya bazarına ənam ola bilmir?

Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, satış, ixrac, idxal, qiymət məsələlərinin Kənd Təsərrüfatı Nazirliyinin fəliyyətinə aidiyyatı yoxdur: 

“İxracat kifayət qədər yüksək, dövlət dəstəyi genişdir. Fermerlər məhsulunu xaricə ixrac etməkdə, daxili bazarda satmaqda sərbəstdirlər. Bunun üçün çox sadələşdirilmiş mexanizmlər var. Fermerlərin məhsullarını daxili bazarda satmaqları üçün paytaxt və rayon səviyyəsində kifayət qədər supermarketlər, bazarlar var”.

Nazirlik rəsmisi qeyd edib ki, nazirlik alternativ satış platforması kimi “Kənddən şəhərə” yarmarkasını da açıb: 

“Bizim təklif edə biləcəyimiz alternativ satış platforması budur. Bunu bəzi fərdlərin nəqliyyat, həcm, keyfiyyətlə bağlı problemini nəzərə alaraq açmışıq. Əgər fermer logistika baxımından problem yaşayarsa, nazirliyin “1652” qaynar xətti ilə əlaqə saxlaya, məlumat ala bilər. Hətta ehtiyac olan təqdirdə yarmarka təşkilatçıları fermerlərə logistik dəstək də göstərirlər”. 

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib ki, prinsipcə, Kənd Təsərrüfatı Nazirliyinin fermerlərin satış məsələsinə hansısa formada qarışması doğru deyil: 

“Əks halda “dövlət bazar iqtisadiyyatına qarışır”, “bəzi fermerlərə digərləri qarşısında üstünlük verir” və s. fikirlər səsləndirilə bilər. Qanunvericiliyə görə, heç bir məhdudiyyət yoxdur, hər bir fermer öz məhsulunu qəbul edən ölkəyə çıxarıb sata bilər. Bizim kənd təsərrüfatı məhsullarımızın əsas alıcısı Rusiyadır. Orada, əlbəttə, güclü rəqabət var”. 

İqtisadçı qeyd edib ki, məhdudiyyət və qadağalar olmasa da kiçik fermerlər üçün bunun təşkil edilməsi çətindir:

“Buna görə də ölkədə aqroparklar, aqrokomplekslər yaradılıb. Onların bəziləri fəaliyyət göstərir, bəzilərinin isə yaxın vaxtlarda fəaliyyətə başlaması gözlənilir. Onlar məhsulu fermerlərdən alıb xarici bazara çxıarmaqla məşğul olacaq. Hesab edirəm, hökumət də həmin aqrokomplekslərin fəaliyyətini təşviq etməlidir”. 

İqtisadçı Natiq Cəfərlinin fikrincə isə belə problemlərin yaşanmaması üçün müvafiq dövlət qurumları Rusiya bazarlarından başqa digərlərinə də çıxış imkanları istiqamətində iş aparmalıdır: 

“Azərbaycan fermerlərinin öz məhsullarını xarici bazara çıxarmaqla bağlı ən böyük problemi Rusiyadan asılılıqdır. Kənd təsərrüfatı məhsullarımızın 80%-dən yuxarısı Rusiyadan asılıdır. Nəticə də zaman-zaman müəyyən bəhanələrlə Azərbaycan məhsullarını buraxmadıqda fermerlər çox böyük əziyyət çəkirlər. Bu gün də Rusiya tərəfindən əngəllər yaradılır. Kənd Təsərrüfatı Nazirliyinin, müvafiq dövlət qurumlarının ən böyük səhvi odur ki, digər bazarlara çıxış imkanları ilə bağlı iş aparılmır”. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO