Məmurlar və iş adamları təkcə işgüzar fəaliyyətləri ilə deyil, həm də şəxsi həyatları ilə də zaman-zaman gündəmi zəbt edirlər. Bu mənada məmurların və oliqarxların təşkil etdiyi kəhkəşanlı və təmtəraqlı toy məclisləri uzun zaman müzakirə mövzusu olub.
Bizim.Media son 10 ildə ölkəyə səs salan məmur və oliqarx toylarının qısa siyahısını hazırlayıb.
Həmin siyahını təqdim edirik:
1. Sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin oğlunun toyu zamanında çox böyük səs-küyə səbəb olmuşdu. Dəbdəbəli mərasimin aparıcısı Kamilə Babayeva olub. Toyda Elton Hüseynəliyev, Ədalət Şükürov və başqa müğənnilər ifa ediblər. Mərasimdə Azərbaycanın öndə gedən şəxsləri də qonaq qismində iştirak etmişdilər.
2. Sabiq Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin 2015-ci ildə baş tutan yeganə qızı Suad Qarayeva ilə İran əsilli iş adamı Şəhriyarın toy məclisi də müzakirə olunanlar arasındadır. Toyda ifa edən müğənnilərin adı isə mediaya açıqlanmayıb.
MÖVZU İLƏ BAĞLI:
Övladlarının “avtoşluğuna” görə vəzifəsini itirən məmurlar – SİYAHI
3. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsinin toyunda yerlilərlə yanaşı xarici məşhurlar da iştirak edib. Türkiyəli müğənnilərdən Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı, Mustafa Ceceli də olub. Deyilənə görə, onlar Murat Boza 400 min dollar ödəyib. Türk müğənni Bakıya iş adamının şəxsi təyyarəsi ilə gətirilib.
4. Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın 400 minlik toyu isə, ölkədə ən çox müzakirələrə səbəb olan məclislərdən olub. Toy mərasimini müğənni Xatirə İslam aparıb. Onunla yanaşı, məclisə Günay İbrahimli, Nurlan Təhməzli və başqa ifaçılar da qatılıb. Asif Məhərrəmov isə hətta cütlüyə ödənişli əsaslarla mahnı da həsr edib. Mətbuatda gedən yazılarda Qüdrət Şükürovun bu səbəbdən vəzifədən alındığı da deyilib.
5. 2015-ci ildə Fövqəladə Hallar nazirinin I müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevin toyu olub. Qəbələdə yerləşən “Qafqaz Riverside” otelində baş tutan toy mərasimində nazir Kəmaləddin Heydərov və bir çox tanınmışlar iştirak edib. Bəy və gəlinin nişan üzüklərini nazir özü taxıb.
6. 2017-ci ildə 3 yüksək vəzifəli məmurun eyni gündə övladlarına toy etməsi də medianın gündəminə çevrilmişdi. Belə ki, həmin vaxt "Azərenerji” prezidenti olan Etibar Pirverdiyev və Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev qız övladlarına, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev isə oğluna eyni gündə dəbdəbəli toy etmişdilər.
7. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun oğlu Orxan Qurbanovun toy mərasiminində də xeyli şou-biznes nümayəndələri iştirak edib. Toyu tanınmış aparıcılar Emin Musəvi ilə Leyla Əliyeva aparıblar. Qüdrət Qurbanov iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun nəvəsi ilə quda olub.
8. Milli Məclisin deputatı Cavanşir Feyziyev oğlu Orxan Feyziyevə “Four Seasons Hotel Baku” otelində dəbdəbəli nişan mərasimi keçirməsi ilə yadda qalıb. Mərasimdə bir sıra dövlət rəsmiləri, vəzifəli şəxslər, həmçinin, tanınmış müğənnilərdən Gülyaz və Gülyanaq Məmmədova bacıları, Manana və digər incəsənət nümayəndələri də iştirak ediblər.
9. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlunun da toyu çox təmtəraqlı keçib.
AAYDA –nın sədri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyevlə quda olub. Toyun aparıcılığını Nərgiz Cəlilova edib. Eyni zamanda ölkənin ən tanınmış sənətçiləri, Xalq artistləri - Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif, Əməkdar artist Manana Çaparidze öz ifaları ilə səbəbkarlara təbriklərini çatdırıblar.
10. 10 il öncə “Platin” şadlıq sarayında, ölkədə Hacı İbrahim kimi tanınan nüfuzlu iş adamı İbrahim İbrahimov oğluna toy çaldırıb. Deyilənə görə, toy olduqca dəbdəbəli keçirilib. Ölkənin ən varlı iş adamlarından biri kimi tanınan Hacı İbrahim oğluna Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin qızını alıb. Toyu xalq artisti Faiq Ağayev idarə edib.
11. 2016-cı il idə məşhur iş adamı Elçin Carçıyevin oğlu Murtuz Carçıyevin toyu da ölkəyə səs-küy salmışdı. Biznesmenin oğlu sabiq Nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxışovun nəvəsi ilə ailə həyatı qurub. Murtuz və Nəzrinin dəbdəbəli toyu "Böyük Saray"da baş tutub. Toyda iş adamları, məmurlar, incəsənət nümayəndələri iştirak edib.
12. Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun qızının da toyu çox təmtəraqlı olub. AZAL prezidentinin qızı Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur. Əsgərovun digər qızı Cəmilə Əsgərova “Gazelli Azerbaijan” kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları “UK Limited” şirkətində yüksək vəzifə tutur. Cahangir Əsgərovun hər iki qızının toyu padşahlara layiq olub.
13. Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı ailə həyatı qurması da təmtəraqlı olub. Onların toy məclisi Binə Atçılıq Mərkəzində keçirilib.
14. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilovun qızı Aysel Mikayilovanın da toyu geniş müzakirələrə yol açıb. Nəzərinizə çatdıraq ki, “Buta Palace”da keçirilən xına mərasimində Aygün Kazımova, Tünzalə Ağayeva, Günay İbrahimli və Aşıq Samirə də iştirak edib. Toy mərasimi isə Bakıdakı məşhur restoranlardan birində baş tutub.
Surxay Atakişiyev, Bizim.Media