Moderator.az xəbər verir ki. sabah Azərbaycanda Konstitusiya günü qeyd ediləcək. Müstəqil Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən referendumla qəbul olunub. Azərbaycan Müstəqillik əldə etdikdən sonra yeni Kostitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün o zaman Prezident Heydər Əliyevin rəhbərliyi ilə xususi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Kostitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Bu gün Azərbaycan vətəndaşları konstitusiya ilə onlara verilən hüquqlardan tam yararlana bilərlər.
Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Hər bir xalqın həyatında ən mühüm sənəd konstitusiya hesab olunur. Azərbaycan Konstitusiyası dünyada mövcud olan az sayda konstitusiyalardan biridir ki, dövlətin ali məqsədinin insan hüquq və azadlıqlarının müdafiəsi və ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi göstərilib. Amma bəzi vətəndaşlar kifayət qədər maariflənmədiyi üçün konstitusiyanın onlara verdiyi hüquqlardan yararlana bilmir. Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.


























































































