Son zamanlar çörəkdən tamamilə imtina etmiş insanlarla tez-tez rastlaşırıq. Kimi bunu sağlamlıq üçün, kimi isə arıqlamaqdan yana edir.
Amma çörək vacib qida olduğu üçün görək, ondan tamamilə imtina etmək doğrudurmu
Bizim.Media-nın sualını cavablandıran sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, bu gün satışda olan çörəklərin əksəriyyəti qida üçün yararlı hesab olunmasa da ondan tamamilə imtina etmək də doğru deyil:
MÖVZU İLƏ BAĞLI:
İngiltərəli diyetoloqdan şok açıqlama: Ac qalmadan da arıqlamaq olar
“Satışda olan çörəklərin əksəriyyəti rafinə olunmuş, bir çox hallarda müdaxilə edilmiş buğdalardan, çox emal olunmuş, sənaye üsulu ilə əldə edilən mayalardan hazırlandığı üçün insan orqanizmində maddələr mübadiləsinin yavaşımasına, həzm sisteminin pozulmasına, bağırsaqlarda problemlərin yaranmasına səbəb olur.
Bir çox insanlardan çörək yedikdən sonra şişkinlik, köpdən əziyyət çəkməyi ilə bağlı şikayətlər eşidirik. Bunun da səbəbi keyfiyyətin aşağı səviyyədə olmasıdır. Lakin bu o demək deyil ki, çörəkdən tamamilə imtina etməliyik. Hər kəs gün ərzində ən azı 200 qram karbohidrat qəbul etməlidir”.
Mütəxəssis söyləyib ki, çörəkdən tamamilə imtina etdikdə müəyyən vaxt keçdikdən sonra insanlarda ürək-damar xəstəlikləri ilə bağlı risklər artır.
Eyni zamanda dırnaqları, saçları gücsüzləşir:
“Buna görə də gün ərzində evdə bişirilmiş, təbii tərkibli mayadan, müxtəlif toxumlarla tərkibi zənginləşdirilmiş çörəkdən bir-iki dilim yemək faydalıdır. Bu, insanı kökəltmir, əksinə orqanizmimizin sağlamlığı üçün vacibdir”.
Mütəxəssisin sözünə görə, sadəcə aşırı istifadə eləmək olmaz. İstənilən ən xeyirli maddə belə tələbatdan artıq qəbul edildikdə sağlamlıq üçün problem yaradır.
Şeyx Nizami demişkən,
Bir inci saflığı olsa da suda,
Artıq içiləndə dərd verir su da.
Aləmdə Nəsib, Bizim.Media