Son zamanlar Bakı şəhərində iki maskanın eyni zamanda üst-üstə istifadəsi dəb halını alıb. Bu addımı atan vətəndaşlar düşünürlər ki, belə olan halda koronavirusa yoluxmayacaqlar.
Ekspertlər isə bunun əksini düşünürlər. Onların fikrincə, maskanın qalınlığı normal nəfəs almağa imkan verməlidir.
Mövzunu həkim terapevt Mətanət Cəfərova ilə davam etdirdik.
O, Bizim,Media-ya açıqlamasında dedi ki, tibbi maskaların belə istifadəsi, birincisi yuxarı tənəffüz yollarında problemlər yaradır, ikincisi, allergiyası olan adamlarda xroniki proseslərin oyanmasına səbəb olur:
MÖVZU İLƏ BAĞLI:
“İnsanları daimi qorxu altında yaşadacaqlar” – Həkimdən sərt açıqlama
“Allergik simptomları olan insanlar üst-üstə iki maska taxarlarsa, bədənin oksigenlə doyumluluğu azalır. Daha düzgün olar ki, tibbi cərrahi maskalardan istifadə olunsun".
"Bəlli saatlardan sonra maskanı dəyişmək lazımdır. Parça maskalardan istifadə olunmasının qəti əleyhinəyik. Çünki bu maskalar bizi ümumiyyətlə qorumur”.
Terapevt əlavə edir ki, “N 95” tipli maskaları da gündəlik həyatda istifadə etmək olmaz:
“Bu maskadan yalnız koronavirus xəstələri ilə təmasda olan zaman istifadə edilir, digər halda isə yarım saat ərzində istifadə etmək olar".
"Çünki hava keçiriciliyi demək olar ki, azdır. Cərrahi maskalar həm bizi qoruyur, həm də havanı yaxşı keçirir. Onu ortadan kəssək, bir filtr qatı görəcəyik. O qat virus və bakteriyaları ötürmür. Parça maskalarda isə elə qat yoxdur. Parça, bəzəkli maskalar sadəcə kimlərinsə biznesidir”.
Gülşanə Mustafayeva, Bizim.Media