Bakının Səbail rayonunda oğurluqda ittiham olunan meyxanaçı Sultanəlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Sultanəlinin barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan edilib.
O, bu il mayın 18-də “Şaurma №1” kafesində olarkən tanışı Turalın içərisində 513 manat və 1 ədəd idman kartı olan pul kisəsini oğurlayıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sultanəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, toy və digər məclislərdə meyxana deyərək pul qazanıb. Onun sözlərinə görə, zərərçəkmiş Tural ilə təxminən 1 il əvvəl toy məclislərindən birində tanış olub.
Təqsirləndirilən şəxs deyib ki, mayın 18-də Tural ona zəng edib və dostunun ad günü məclisi ilə əlaqədar görüşmək istədiyini bildirib:
“Görüş üçün məni “Torqovıy” adlanan əraziyə dəvət etdi. Həmin gün saat 23.30-da orada yerləşən “Shaurma №1” restoranda görüşdük. Tural söhbət zamanı mayın 21-də dostunun ad günü mərasimi olacağını və mənim də həmin məclisdə iştirak etməyimi istədiyini bildirdi. Turala etiraz etmədim, onunla razılaşdım”.
Meyxanaçı bildirib ki, bundan sonra Tural özünə məxsus pul kisəsini masanın üzərinə qoyub və sanitar qovşağına gedib:
“Turalın sanitar qovşağına daxil olduğunu gördüm və onun pul kisəsini açaraq içərisinə baxdım. Orada bir neçə ədəd 100 manatlıq pul əskinasının olduğunu gördüm. Maddi imkanım zəif olduğundan və pula ehtiyacım yarandığından həmin pul kisəsini oğurlamaq qərarına gəldim. Ətrafdakı şəxslərin bunu başa düşməyəcəklərini gördüm və pul kisəsini götürdüm, sonra restoranı tərk etdim”.
Sultanəli ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu deyib.
Cinayət işi üzrə zərərçəkmiş ifadəsində deyib ki, ona dəymiş ziyan meyxanaçı tərəfindən ödənilib. O, meyxanaçıdan şikayətçi olmadığını deyib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Sultanəliyə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb. Cəzanın icrası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilib.
Eldar Məmmədli, Bizim.Media