“Çin avtomobil istehsalçısı “Changan Auto”şirkətinin Azərbaycandakı filialı müştəriləri aldadır.”
Bu iddia ilə 3 ay əvvəl sözügedən şirkətin Babək prospekti, 74 ünvanında yerləşən satış mərkəzindən “Changan HUNTER Pickup” modelli avtomobil alan Tahir Mahir oğlu Dadaşov Bizim.Media-ya müraciət edib.
Tahir Dadaşov bildirib ki, 47 min manat dəyərində aldığı dizel mühərriki ilə təchiz edilmiş avtomobil cəmi bir ay sonra defekt çıxıb. Həmin avtomobilin yanacaq nasosu və yanacaq sisteminə aid digər bir neçə detalı xarab olub. 5 illik zəmanətin və kasko sığortanın olmasına baxmayaraq avtomobili satan şirkət təmirdən boyun qaçırır. Hətta nasazlığın müştəri tərəfindən yaradıldığını iddia edir.
MÖVZU İLƏ BAĞLI:
Avtobus zolağına QANUNSUZ müdaxilə olundu – FOTO
Şikayətçi deyir ki, avtomobili satan şirkətin rəsmi servisi yaranan problemin aradan qaldırılması üçün ondan 8500 manata yaxın pul tələb edir:
“Avtomobili alanda şirkət nə problem olsa, özləri həll edəcəklərini bildirmişdi. Maşının cəmi 8000 km yürüşü oldu. Avtomobilə yanacaq vurandan sonra nasazlıq yarandı. Qeyd edim ki, yanacağı yalnız “Azpetrol” yanacaq məntəqəsindən vurmuşuq. Şirkətə avtomobilin işə düşmədiyini bildirdim. “Götürün gəlin” dedilər. Maşın Astarada olduğu üçün evakuatora qoyub gətirdik. Avtomobilə servisdə baxıldı və problemin tanış olduğunu dedilər. Maşının müayinəsi üçün 1 gün vaxt da istədilər. Müayinə olundu və təsdiq etdilər ki, avtomobilin yanacaq nasosunda problem var.
Yanacaqda su olduğuna görə guya sistemə su düşüb. Mən dedim ki, su problemi mənlik deyil. Ola bilsin ki, problem yanacaq məntəqəsinindir. Amma o da dəqiq deyil. Biz özümüz də şirkətik və bu avtomobildən başqa dizellə işləyən bir neçə nəqliyyat vasitələrimiz var. Əgər yanacaqdandırsa, bəs o maşınlarda niyə eyni problem olmur? Şirkət “Changan HUNTER Pickup”ın yanacaq nasoslarının həssas olduğunu əsas gətirir.
Əgər belə problem var idisə, müştərini niyə məlumatlandırmayıblar? Avtomobili təmir etmirlər. Üstəlik problemin aradan qaldırılmasına 8500 manata yaxın xərc tələb olunur. Yanacaq nasosusunun qiyməti isə 3500 manatdır. O da dekabr ayına qədər Çindən gətiriləcək. Bir sözlə yanacaq sistemi olan mator yenidən yığılmalıdır”.
Şikayətçinin sözlərinə görə şirkət özü etiraf etdi ki, bənzər problemlə bağlı servis mərkəzində daha 7 avtomobil sahibi gözləyir:
“Kameranı açıb, nasaz avtomobilləri göstərdilər. Hətta bir avtomobilə 8900 xərc çəkildiyini və yola salındığını dedilər. 10 gün gözlədəndən sonra təmir üçün müəyyənləşdirdikləri ödənişi tələb etdilər. Biz isə razlaşmadıq və məhkəməyə müraciət etdik. Məsələni biləndən sonra dedikləri məbləği də inkar etdilər. İlkin ödəniş üçün 5600 manat ödədik. İçərisində zəmanət, sığorta və nömrə təklif olunur. Şirkət maşınları bir qayda olaraq sırıyır. Bunlar bir növ dolandırıcılıqla məşğuldurlar. Bir ayın maşınında bu problem ola bilməz”.
“Changan Auto” şirkətinin rəsmisi Orxan Bayramov isə Bizim.Media- ya verdiyi açıqlamada sözügedən məsələdə nə sığorta, nə də zəmanət halının olduğunu vurğulayıb:
“Avtomobilin yanacaq çəninə su dolub. Su da hər halda hansısa yanacaq məntəqəsində yanacağa qarışıb. Ondan dolayı mühərrikdə problem yaranıb. Bu, birbaşa müştərinin üzərinə düşən bir öhdəlikdir. Təbii ki, müştərinin şikayət etmək hüququ var. Amma biz də şirkət olaraq hüquqi tədbirlərimizi görürük”.
Şirkət sözçüsü bənzər problemlə bağlı onlara müraciət olunmadığını xüsusilə qeyd edib. Mübahisə doğuran məsələyə hüquqşünas Əsabəli Mustafayev də münasibət bildirib.
O, deyib ki, şikayətçi rəsmi servisə müraciət etsə və nasazlığın səbəbi ilə bağlı arayış tərtib olunsa, daha yaxşı olar:
“Kiçik bir ekspertiza keçirmək lazımdır. Müştəri yanacaq nasosunun xarab olma səbəbinin qeyd olunduğu arayışla satış mərkəzinə qarşı iddia qaldıra, dəymiş maddi və mənəvi zərəri tələb edə bilər. Arayış olmadan məsələni mübahisələndirmək çətin olacaq.
“Ümumiyyətlə, mürəkkəb cihazlarda istənilən detala mütləq zəmanət verilməlidir. Çünki səbəb ya zavod defektindən, ya da yanacağın keyfiyyətsizliyindən ola bilər. Bənzər hallar başqa müştərilərin avtomobilində də baş veribsə, demək ki, zavod deffektidir. Yaxud avtomobilləri alıb satan satış mərkəzinin həmin nəqliyyat vasitələrini uyğun olmayan şəraitdə saxlaması səbəb olub. Məsələn, nəm və ya əksinə çox quru yerdə saxladığına görə detal xarab ola bilər. Əlbəttə ki, bu məsuliyyəti satış mərkəzi boynuna götürməyəcək. Adətən satış mərkəzləri müştərini məmnun etmək üçün çalışır. Görünür bu şirkət bir qədər cığallıq edəndir. Gələcəkdə hətta müəyyənləşsə ki, şirkətin məsuliyyətsizliyi ucbatından avtomobillərdə nasazlıq yaranıb, barəsində şikayət edib onları satış hüquqdan məhrum etmək də olar”, - deyə hüquqşünas əlavə edib.
Qeyd edək ki, “Changan Auto” şirkətinin servis xidməti alıcının müraciəti ilə avtomobilini müayinə etsə də, nasazlıqla bağlı müştəriyə heç bir rəsmi arayış təqdim etməyib.
Mövzunu diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media