Əvvəli bu linkdə---moderator.az/?xeber=70963
Qonaq-qara bolluğuna düşmüş diyar...
Naxçıvanın qonaq-qaralı olub-olmamasıyla da maraqlandım. Düşündüm ki, özünü millətçi və vətənpərvər hesab edən bir media kapitanı 44 illik ömründə bircə dəfə də Naxçıvana gəlməyə macal tapmayıbsa, o zaman çətin ki, əcnəbi turistlərin, eyni zamanda Azərbaycana təşrif buyurmuş diplomatların, çeşidli tədbir və konfrans iştirakçılarının baş çəkə biləcəyi bir məkan ola. Xoşbəxtlikdən bu qənaətimdə də yanıldım. Öyrəndim ki, son illər qonaq-qara sarıdan nəinki korluq çəkməyiblər, əksinə, bolluğuna düşüblər. Turistlərin artan statistikası bir yana, son zamanlar Azərbaycana gəlmiş əcnəbilərin Naxçıvana da yönləndirilməsinin dövlət protokoluna salınması məncə alqışlanmalıdır. Azərbaycanda akkreditə olunmuş bütün səfirlər, keçirilən beynəlxalq miqyaslı forumların əksər iştirakçıları vaxtaşırı Naxçıvanda olur və Muxtar Respublikanın görməli yerlərini ziyarət edirlər. Öz şəxsimdə min dəfə eşitməkdən-oxumaqdansa bircə dəfə görməyin daha əhəmiyyətli olduğunu yuxarıda vurğulamışdım, bu baxımdan etiraf edək ki, sərhədlərimizin o tayında yalnız petrol və doğal qaz ehtiyatlarının bolluğuyla tanınan bənzərsiz Azərbaycanımızın dünya mədəniyyətinə, elminə, tarixinə verdiyi töhfələrlə də tanınması üçün əcnəbilərin bura ayaq basması, unikal özəlliklərə sahib olmamızı, aşırı qonaqpərvərliyimizi öz gözləriylə görmələri heç şübhəsiz olduqca vacib məqamdır və əminəm ki, bu istiqamətdə çəkilən cəfa və xərclər hədər getməyəcək...
Cavidsiz Cavidli Naxçıvan...
Təbii ki, Naxçıvana gəlib bu torpağın gəlib-getmiş ən sanballı övladlarından olan, Azərbaycan dövləti və milləti mövcud olduqca qürurla xatırlanası Hüseyn Cavidi anmamaq, onun məzarını və ev muzeyini ziyarət etməmək Hindistana gedib “Tacmahal”x9dı ziyarət etməmək qədər qəbahət olardı. Açığı, 20 il öncə inşa edilmiş məqbərə bu günün dəbdəbəli tikililəri fonunda mənə sovetlərin xoş olmayan xatirəsi təsiri bağışladı. Könül istərdi ki, günlərin bir günü Cavidin məqbərəsi də yeni memarlıq üslubunda və Naxçıvanın travertin daşıyla üzlənmiş şəkildə qarşımıza çıxaydı...
Amma Cavidin ev muzeyində keçirdiyim hisləri ifadə etməkdə qələm də aciz, klaviatura da. Xüsusən İrkutskdakı qəbirin üstündəki 59 nömrəli taxta parçası, həyat yoldaşı Mişkinaz xanımın “Ümid edirdim ki, Cavidim gələcək, yaralı ürəyimə təsəlli verəcək. Göz yaşımı siləcək. Keçirdiyim günlərimi qələmə alacaq. Əfsus ki, o yolu gedən gəlməzmiş”x9d sözləri damarlardakı qanı dondurcaq qədər adama zor gəlir. Yeganə təsəlli odur ki, Hüseyn Cavid təkcə Naxçıvanın deyil, Azərbaycanın dünya miqyasında öyünüləcək sərvətidir. Petrol da tükənəcək, doğal qaz da, amma Cavid dühasından bəşəriyyətə işıq saçan mənəvi qida Günəş enerjisitək tükənməzdir...
Yeraltı dünyanın cənnəti...
Hələ sovetlər dönəmindən Naxçıvanla bağlı xəyallarımda canlandırdığım məkanlardan biri də Muxtar Respublikadakı duz dağlarıdır. Ta qədimdən Naxçıvan sal duzlarıyla məhşur olub və karvanlar əsrlərlə Şərqdən Qərbə bu məmləkətin daha bir müqəddəs nemətini daşıyıblar. Duzdağ Fizoterpaiya Mərkəzinə baş çəkməyim və orada yaradılan heyrətamiz şərait də səfər təəssüratımda xüsusu yer tutub. Dünyanın səkkizinci möcüzəsi adına haqq edən bir müalicə və tarixi abidə, duzdan tikilmiş füsunkar muzey... Etiraf edim ki, orda gördüklərimi oxucuya olduğu kimi çatdırmaqda acizəm, yalnız bu yeraltı dünyanın cənnətində olmaqla insanda dolğun fikir formalaşa bilər. Qısaca onu qeyd edim ki, dünyada anoloqu olmayan bu mərkəzi yetərincə təbliğ edə bilmədiyimiz qənaətindəyəm. Amma qəm yeməyə dəyməz və mərkəzin baş həkimi ilə söhbətimizdə bəlli oldu ki, artıq sadəcə buranı görmək istəyən əcnəbi ziyarətçilərin və astmadan əziyyət çəkən xəstələrin sayında ciddi artım müşahidə olunur.
Səfərin sonuncu günü Sədərəyə yollandıq və Azərbaycanımızın bütün coğrafiyası üzrə erməni səngərlərinin yaşayış məntəqəsinə bu qədər yaxın olduğu ikinci yerin olmadığından heyrələndim. Təbii ki, bu gün erməni səngərinin yaxınlığında və birbaş atəş xətti altında olan onlarla yaşayış məntəqəmiz var ki, mülki əhali də evini tərk etməyi düşünmədən gündəlik qayğılarıyla baş-başadır. Amma söhbət ondan gedir ki, Sədərək rayonunun vaxtilə Heydər Əliyevlə Robert Köçəryanın çadır qurub münaqişəni həll etməyə çalışdıqları məkan-Heydərabad qəsəbəsi erməni səngərlərinə o qədər yaxındır ki, diqqətlə fikir verdikdə dığaları adi gözlə də görmək mümkündür. Üstəlik, söhbət Qarabağ münaqişəsindən çox-çox əvvəllər salınmış hansısa kənddən deyil, məhz atəşkəsdən sonra Muxtar Respublika rəhbərliyinin təşəbbüsü ilə siması tamam dəyişmiş və bəlkə də ermənilərə acıq gəlsin deyə o cür yüksək zövqlə abadlaşdırılmış bir şəhərdən gedir. O şəhərdən ki, ermənilər nəinki avtomatla, hətta “Babək”x9d filmindəki kimi dağdan daş diyirləməklə mülki əhaliyə problemlər yaşada bilərlər. Amma camaat öz işindədir. İnsanlardan bu arxayınçılığın səbəbini soruşuram. Deyirlər ermənilər vaxtilə əlimizin duzunu görüblər, indi də anlayırlar ki, atəşkəsi pozsalar Azərbaycan tərəfində 10-15 min civarında mülki əhali birbaşa atəş zolağı altında qalacağı halda ermənilər sərhəddən 60 kilometr aralıda olan paytaxt İrəvanı da tərk etmək zorunda qalacaqlarından ehtiyatlanırlar. Yəni Azərbaycanın müasir zenit-raket kompleksləri 5-7 dəqiqə ərzində ötən əsrin əvvəllərində nankor qonşularımıza peşkəş etdiyimiz İrəvanı xəritədən silmək iqtidarındadırlar. Yerli gəlmişkən, Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan şəhərindəki yeni qərargah binasını gördüm, Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissə ilə kənardan da olsa tanışlığım çox xoş oldu, təfərrüatlar barədə yazmağa ehtiyac duymuram, sadəcə oxucularımız bilsin ki, Naxçıvanın coğrafiyası etibarlı əllərdədir.
Naxçıvandan ayrılmağımıza bir neçə saat qalanda qərara aldım ki, bəlkə Dini Qurumlarla iş üzrə idarəyə baş çəkim, mümkün olsa özümü təqdim edərək Naxçıvanda dindarlara qarşı sərt cəza tədbirləri görülməsi barədə həmin günlər mətbuatda tirajlanmış informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənməyə çalışım. Alınar yaxşı, alınmaz da, bilərəm ki, danışmağa üzləri yoxdur...Burada da gözləmədiyim davranışla üzləşdim. Köməkçiyə “Bakıdan gələn bir qonaq sizinlə görüşmək istəyir”x9d deməsini söylədim, dərhal Vüqar Babayev qəbul etdi, aramızda bir saata yaxın çox maraqlı söhbət oldu. Oxucularımı səmimiyyətimə inanmağa dəvət edirəm, mən bu günədək o cür yüksək səviyyəli ilahiyyatçı alimlə, peşəkar gənc məmurla nə rastlaşmışdım, nə ünsiyyətdə olmuşdum. Doğrusu, millətimiz və dövlətçiliyimiz adına xeyli qürurlandım ki, bəlalardan yeganə xilasımız kadrların düzgün seçilməsindədir və nə qədər qaba anologiya olsa da Stalinin “hər şeyi kadrlar həll edir”x9d fikirləri yadıma düşdü. Söhbət əsnasında mediadan xeyli giley elədi və həqiqəti təhrif etməyin qanunla cəzasını bir kənara qoyub Allah dərgahında böyük günah olduğunu ahəstəcə əsaslandırdı. Sən demə, ilk dəfə Muxtar Respublika üzrə 250 molla üçün xüsusi uniforma tikilərək tam təmənnasız verilməsi də ilk dəfə məhz Muxtar Respublika rəhbərliyinin təşəbbüsü olub, sonradan Qafqaz Müsəlmanları İdarəsi bu novator ideyanı bütün ölkə üzrə tətbiq edib. Vüqar müəllim Muxtar Respublikadakı dini qurumlarla və dindarlarla bağlı mövcud durumu da ətraflı izah elədi, bəzən İslama dəxli olmayan yabançı cərəyanların dağıdıcılıq, mənəviyyatsızlıq təbliğ edən emissarlarına qarşı qanunların sərt üzünün göstərilməsinin Bakıda təhrif olunmuş şəkildə anlaşılmasından narahatçılığını dilə gətirdi. Yeri gəlmişkən, bir ay öncə Bakının Binəqədi rayonunda prezident İlham Əliyev tərəfindən açılışı olan Qafqazın ən böyük məscidinin-Heydər məscidinin idarəçiliyinin məhz Naxçıvan Dini Qurumlarla iş üzrə İdarəyə həvalə edilməsi də çox mətləblərdən xəbər verir. Görünür, Muxtar Respublikada BDU-nun ilahiyyat fakultəsinin məzunu və Türkiyədə əlavə ilahiyyat dərsi almış yeganə şəxs olan Vüqar Babayevə o cür böyük etimadı göstərənlər ağı qaradan seçməyi bacarıblar və obrazlı desək, çörəyi nəhayət çörəkçiyə verməyin vaxtının çatdığını qəbul ediblər...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İqtisadiyyat və Sənaye Nazirliklərinin Naxçıvanda vüsət almağa başlayan bir humanitar təşəbbüsləri barədə də oxucuları məlumatlandırmağı özümə borc bilirəm. Naxçıvanda əhalinin məşğulluğunu artırmaq üçün xalça toxunmasına start verilib. Təsəvvür edin ki, hər bir hana toxuyan şəxsə ayda 220-250 manat maaş verilir, 2-3 aya başa gələn həmin xalçanı da təkrar nazilriklər bazar qiymətinə həmin xanımlardan alıb Naxçıvana təşrif buyuran yüksək çinli xarici qonaqlara hədiyyə edirlər, yaxud onların satışını təşkil edirlər. Özü də hananı və toxuculuq üçün bütün xammalı nazirlik də pulsuz verir. Nəticədə toxucular ikiqat qazanır. Burada dövlət nəinki hər hansı qazanc gözləmir, əksinə, ikiqat xərcə düşür, amma əvəzində vətəndaşın məşğulluğu və dolanışığı təmin olunur. Bundan əlavə vaxtaşırı əlil insanların əl işlərindən ibarət yarmarkalar keçirilir. Yarmarkaya çıxarılan bütün əl işləri Muxtrar Respublika rəhbərliyinin göstərişi ilə elə təklif edilən qiymətə alınır.
Bu gün ölkə əhalisinin bankların əlindən sinədağlı olduğu heç kimə sirr deyil. Amma Naxçıvanda fəaliyyət göstərən “Naxçıvanbank”x9d əhaliyə, xüsusən də sahibkarlıqla məşğul olan, olmaq istəyən şəxslərə Bakıdakından ikiqat aşağı faizlə kredit verir. “Şapka”x9dya gəldikdə isə nəinki kimdənsə bunu istəmək, hətta adını çəkmək Naxçıvanda ümumiyyətlə yasaqdır. Hamı “Şapka”x9d həvəsinə düşənlərin necə deyərlər, papağının necə boş qalacağını bildiyindəın nəfsinə hakim kəsilib.
Bu gün dünyanın az qala bir nömrəli probleminə çevrilmiş ərzaq təhlükəsizliyi məsələsi də Naxçıvan üçün prioritet deyil. Bu sətirlərin müəllifi həmin istehsal müəssisələrini bir-bir gəzib və bundan əlavə Naxçıvanda istehsal olunan məhsulların təqdim edildiyi Naxçıvan Biznes Mərkəzinə da baş çəkərək gördüklərindən heyrətlənib. Artıq Muxtar Respublika əhalisinin istehlak etdiyi ərzaq səbətinin az qala 80 faizi daxili imkanlar hesabına təmin edilir. Bir sözlə, qeyri-neft sektorunun inkişafını öz gözləriylə görmək istəyənlər də Naxçıvana getməli olacaqlar...
Xudahafizləşmək zamanı gəldi. Naxçıvana baş çəkib rəsmi dövlət qəzeti olmuş olsa belə “Şərq Qapısı”x9dna baş çəkməmək orada çalışan həmkarlarımıza qarşı hörmətsizlik olardı. Burada da məni qonaqpərvərliklə qarşıladılar. Amma Vüqar Babayevdən fərqli olaraq ortada hər hansı-giley güzar da olmadı. Qəzetin baş redaktoru da 30 yaşlı cavan kadr olsa da köhnə işçidir, əvvəllər Muxtar Respublika televiziyasında və Ali Məslisin mətbuat xidmətində çalışıb. Naxçıvanla bağlı Bakıda neqativ rəy formalaşmasında müəyyən qədər bu qəzet rəhbərliyinin də günahı olması replikamı qəbul etmir. Deyir ki, biz bacardığımıəz qədər belə deyək ki, Naxçıvanın informasiya blokadasını da yarmaq üçün əlləşirik, amma bəzən hər şeyi yalnız qara rəngdə görmək və təqdim etmək istəyənlərə meydan verilməsi bu cəhdlərimizi heçə endirir. Baş redaktor Naxçıvanda söz və mətbuat azadlığının boğulmasıyla bağlı Bakıda tez-tez səsləndirlən iddiaları da qəbul etmədiklərini xüsusi vurğuladı və qəzetin bir neçə nüsxəsini göstərərək “baxın görün rəsmi dövlət qəzeti olmasına rəğmən bu qədər tənqidi material veririk. Axı biz az qala hər nömrədə ən yüksək posta oturan məmurları faktlarla qınayırıq və məzəmmət edirik, onlar da dərhal yazdıqlarımızdan nəticə çıxarırlar”x9d deyir. Baş redaktorun sinəsi dolu olduğunu görüb əməkdaşlıq təklif edirəm ki, blokadanın yarılmasında bizim də dəstəyimizə ümid edə bilərlər, amma bir şərtlə ki, təqdimat həqiqəti əks etdirsin...
Dəyərli oxucu, artıq burada səfər təəssüratlarıma nöqtə qoymağa hazırlaşıram. Ümid edirəm ki, səmimiyyətimə şübhə etməyəcəksən və oxuduqlarının hamısının həqiqət olduğuna inanacaqsan. İnanmamaq və şübhələnmək də haqqındır və nəzərə alın ki, mən bu 3 günlük ziyarət çərçivəsində Vüqar Babayev xaric nə bir məmur gördüm, nə də Muxtar Respublikadakı ictimai-siyasi durumu analiz etməık imkanım oldu. Sadəcə bu qeydlərimi Naxçıvanla ilk tanışlığıma bağışlayın və əmin olun ki, hər şey elə oxuduqlarınız kimidir...
Naxçıvan-Bakı-Naxçıvan 18-20 fevral

































































































