Məmurlar aldıqları rüşvətə haqq qazandırmaq üçün həmişə milləti aşağılayıblar. Guya bu millət aşağı səviyyəli olduğu üçün onu yalnız rüşvətlə idarə etmək olar, rüşvət bu millətin qanındadır və s. Əslində bu məqam, müxalifətlə hökumətin sıx birləşdiyi bir andır. Müxalifət də gücsüzlüyünü ört-basdır etmək üçün milləti aşağılayır - bu millət öz haqqını tələb edə bilmir, mübarizə aparmaq istəmir və s.
Bununla belə, reallıq və təcrübə fərqli mənzərəni ortaya qoyur. 1992-ci ilə qədər ali məktəblərə qəbul qaydalarını orta nəsil yəqin ki, çox yaxşı xatırlayır. Hələ uşaq 5 və ya 6-cı sinifdə oxuyanda əksər valideynlər “hazırlığa” başlayırdı. Şəhərdə yaşayanlar qızıllarını, kənddə yaşayanlar isə mal-qarasını satıb pula çevirir və ali məktəb üçün “müqəddəs rüşvət” yığırdılar. Hətta yüksək savada sahib uşaqların valideynləri belə “ehtiyat tədbirləri” görürdü. 1992-ci ilin yayına qədər ”“ hakimiyyətə yenicə gəlmiş Elçibəy hökuməti test sistemini tətbiq edənə qədər vəziyyət belə idi. Ancaq testin tətbiqi vəziyyəti 180 dərəcə dəyişdi. Tələbə qəbulunda uzun müddət şablon və ikrahedici şüara çevrilən “bilik yeganə meyardır” deyimi artıq reallıq oldu. İstisnasız olaraq, hamı dərk və qəbul etdi ki, bundan sonra ali məktəbə “arxa qapıdan giriş” qapadılıb ”“ qəbul olunmaq üçün zəruri bal yığmaq, bal yığmaq üçün isə yaxşıca oxumaq lazımdır. Burada istisnalara yer yoxdur. Qaydaları hamı üçündür. İnsanlar da bu qaydalara qeyd-şərtsiz tabe olmağa başladlar. Bu, “rüşvətin millətin qanına işləməsi” tezisini alt-üst edir. İndi heç kim əlində rüşvət uşağını ali məktəbə düzəltmək üçün vasitəçi aparmır. 22 ildir bu belədir. Heç bir valideyn də uşağının qəsddən kəsildiyini iddia etmir. Çünki gözəl bilirlər ki, topladığı bal uşağın savadına adekvatdır.
Nəhayət, son illərin ən uğurlu layihəsi olan “ASAN Xidmət”-i götürək. Bu qurum şəxsiyyət vəsiqələrinin alınmasından tutmuş, mənzillərin özəlləşdirilməsinə qədər, bir çox xidmətləri təmənnasız olaraq göstərir. Hələ “ASAN Xidmət”-in xidmət salonlarında məmurlara rüşvət təklif edən vətəndaş qeydə alınmayıb. Çünki orada rüşvət İSTƏNİLMİR. Qaydalar da elə müəyyənləşib ki, burada subyektivizmə yer yoxdur - sıralama ilə gəlirsən, məsələni qanuni həll edib gedirsən. “ASAN Xidmət”də başqa millətin nümayəndələri işləmir, elə bizim azərbaycanlılardır. Bu xidmətdən istifadə edənlər də bizim azərbaycanlılardır. Deməli, millətin aşağı səviyyəli olması, rüşvətsiz idarəetmənin mümkünsüzlüyü ilə bağlı iddialar cəfəngiyyatdan başqa bir şey deyil. Bu, rüşvətxor məmurların özlərinə bəraət üçün uydurduqları tezisdir.
Deməli, pozitiv təcrübələr var və indi əsas məsələ bu təcrübələrin əhatə dairəsini genişləndirməkdir. Məsələn, “ASAN Xidmət” təcrübəsi gömrükdə tətbiq edilsə, iqtisadi sektorda inqilabi dəyşikliklərin əsası qoyular. Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük yüklərinin “ASAN Xidmət” vasitəsi ilə bəyan edilməsi ideyasının mövcudluğunu bildirmişdi. Ancaq bütün hallarda bu hələ ki, ideyadır və gömrük maxenasiyalarından milyardlar qazanan monopolistlər çətin ki, buna imkan versinlər.
Söhbət təkcə, “ASAN Xidmət”in əhatə dairəsinin genişləndirilməsindən də getmir. Test və “ASAN xidmət” təcrübəsi sübut etdi ki, rüşvətsiz idarəetmə tam mümkündür, yetər ki, buna istək və siyasi iradə olsun. Ancaq buna baxmayaraq məmurlar yerlərdə total qanunsuzluq və rüşvət yığımı ilə məşğul olur və bunu “mentalitetlə” izah etməyə çalışırlar.
Əslində isə rüşvətxor məmurlar dövlətin dayaqlarını sarsıtmaqla məşğuldurlar ”“ vətəndaşları dövlətdən narazı salırlar. Onları həbs etməklə problem həllini tapmayacaq. Düzdür, həbslər də lazımdır, cəzasızlıq mühitində onlar daha acgözləşirlər. Ancaq məsələ bundadır ki, yeni qaydalar lazımdır. Özü də test və “ASAN Xidmət” kimi hamının tabe olduğu və istisnalara yer olmadığı QAYDALARDAN söhbət gedir. Bu qaydalar yardılmayana qədər siyasi hakimiyyət ciddi təhlükələrdən sığortalana bilməyəcək. Bu təhlükə ya Quba, ya İsmayıllı hadisələrinə oxşar formalarda mütəmadi olaraq “zühur” edəcək.
Musavat.com


























































































