"Qurultayda Əlimərdan bəy Topçubaşov Rusiya Müsəlmanları İttifaqının sədri seçildi" - TARİX...

Hazırda oxunan: "Qurultayda Əlimərdan bəy Topçubaşov Rusiya Müsəlmanları İttifaqının sədri seçildi" - TARİX...

225435
Bu məqalə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunur.

Bu məqaləni Osmanlı Hərbiyyə naziri Ənvər Paşanın, Qafqaz İslam Ordusu komutanı Nuru Paşanın və Azərbaycanın İstiqlalı uğrunda şəhid olmuş Qafqaz İslam Ordusunun Mehmetçiklərinin əziz xatirəsinə həsr edirəm.

Məqalənin əvvəlini bu linkə ddaxxil olmaqla oxumaq olar: moderator.az/news/224813.html

6. Rusiya Müsəlmanlarının I qurultayı

Cəmi 4 aydan sonra, 1905-ci il 15 avqustda Nijni-Novqorodxa0 şəhərində 150 nəfər nümayəndənin iştirakı ilə Ümumrusiya Müsəlmanlarının I Qurultayı keçirildi. Qurultayda Rusiyanın müsəlman əhalisinin müxtəlif zümrələri (əsasən burjuaziya və ziyalılar) təmsil olunmuşdu. Çıxışlarda, əsasən, «Rusiyanın bütün müsəlmanlarını birləşməyə», müsəlman burjuaziyasının hüquqlarının Rus buıjuaziyasının hüququları ilə eyniləşdirilməyə, müsəlmanlara münasibətdə sıxışdırmaları və hüquq bərabərsizliyini aradan qaldırmağa səsləyən, «müsəlmanların doğma dillərində məktəblərin açılmasını, kitab və qəzetlərin buraxılmasını tələb edən» çağırışlar səslənirdi. Qurultayda türk xalqlarının türkçülük və müsəlmançılıq əsasında birləşdirilməsinin vacibliyi qeyd olundu. Bununla yanaşı “Müsəlman İttifaqı” adlanan qurumun yaradılması qərara alındı.xa0 Bir sıraxa0 müəlliflər qurultay təşəbbüsünün İ.B.Qaspralı və Q.İbrahimova məxsus oldugunu yazır. [4.s.117]. Əlimərdan bəyxa0 isə öz tərcümeyi-halında Rusiya müsəlmanları qurultayının keçirilməsi ideyasının ona məxsus oldugunu, 1905-ci ilin aprel–may aylarında keçirilmiş Peterburq görüşündə razılıq əldə edildikdən sonra bu qurultayın keçirilməsi məqsədilə müsəlman xadimlərinə məktublar göndərdiyini yazır. [4.s.117]. Avqustun 10-dan başlayaraq Rusiya müsəlmanlarının birinci qurultayına dəvət almış Qafqaz, Krım, Kazan,Volqaboyu,Türküstan və İdil-Uralın türk aydınları, milli burjaziya təmsilçiləri və dini xadimləri Nijni-Novqoroda gəlirdilər. Qurultayın bütün hazırlıq işlərinə Əlimərdan bəy Topçubaşov, İsmayılxa0 bəy Qaspralı, Yusif Akçura, Rəşid Əfəndi İbrahimov, Musa Biqiyev rəhbərlik edirdi. [4.s.117]. Tədbirin keçirilməsi ilə baglı təşkilatixa0 işlərdə Fatih Kərimi, Səid-Girey Alkın, Abdulla Apanay fəal iştirak edirdilər. Rusiya hökuməti müsəlmanlarının birləşməsindən qorxaraq Nijni-Novqorodda qurultay keçirilməsinin qarşısının alınması haqqında qubernatora təlimat göndərmişdi. Avqustun 15-də Rusiya müsəlmanlarının ilk qurultayı Oka çayı üzərində “Gustav Struve” gəmisində işə başladı. Rusiyaxa0 müsəlmanlarının birinci qurultayı Vladiqafqaz imamı Şakir Sadıq Əfəndi Rəhimqulun oxudugu Qurani–Kərim sədaları altında açıldı. Çünki Qurani-Kərim qurultaya toplanmış bütün nümayəndələri birləşdirən başlıca istinad nöqtəsi idi. Bu qurultayın əhəmiyyətindən biri də o idi ki, ilk dəfə məzhəb ayrılıqlarına baxmayaraq sünni və şiə müsəlman türklər bir arada problemlərini müzakirə edirdilər. Qurultay iştirakçılarını ilk giriş sözü ilə “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspralı salamladı və onun təklifi əsasında Əlimərdan bəy Topçubaşov və Yusif Akçuraxa0 qurultayın sədarətinə, Ufa quberniyasından olan Səlim-Girey Canturin isə katibliyə seçildilər. Qurultayda Əlimərdan bəy Topçubaşov Rusiya müsəlmanlarının siyasi, iqtisadi, mədəni, milli və dini problemlərinə həsr olunmuş məruzə ilə çıxış etdi. Məruzədə deyilirdi: “...Biz bir əsildən, bir nəsildən gələn, bir dinə iman gətirən türklərik. Məgribdən məşriqə qədər bizim babalarımızın yurdu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz daglarında, Krım baglarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzkirə etməyə ixtiyarımız qalmadı...” Qurultayda İsmayıl Qaspıralı, Abussud Axtyamov, Səid-Girey Alkın, Qabdulla Apanayev, Əhməd bəy Agayev, Qaliəsgər Sırtlanov, Qabdrəşid İbrahimov, Musa Cərullah Biqiyev, Ayaz İshakov, Fatih Kərimov, Mühəmməd-Zakir Ramiyev, Kutluq-Mühəmməd Tevkelev, Fuad Tuktarov, Molla Əli Yauşev və digərləri Topçubaşovun məruzəsində təklif etdiyi Rusiya müsəlmanlarını birləşdirəcək bir firqənin qurulması fikrini dəstəklədilər. Qurultayda Topçubaşovun məruzəsi əsasında beş maddədən ibarət qərar qəbul edildi. Qərarda göstərilirdi ki, Rusiyanın bütün vilayətlərindəki müsəlmanlar ictimai-mədəni və siyasi tələblərə uygun olaraq birləşməli, ölkədə xalq nümayəndələrinin azad seçilməsi zəminində yaradılan qanunvericilik və dövlət idarə orqanları formalaşdırılmalı, hüquqi qaydalar bərqərar olmalı, müsəlmn əhalinin hüquqları rus əhalinin bütün siyasi, vətəndaş və dini hüquqları ilə bərabərləşdirilməli, müsəlman vilayətlərində məktəblər, mətbuat orqanları, xalq kursları, qiraət evləri, maarifçilik müəssisələri açılmalı, bu məqsədlərə nail olmaq üçün mütəmadi toplanacaq müsəlman qurultaylarının rəhbərliyi altında yerli məclislər yaradılmalıdır [28.s.2-3;s.108]. Rusiya müsəlmanlarının birinci qurultayı milli kimliyin əsasını təşkil edən dini və milli ideyalar əsasında imperiyanın ruslaşma siyasətinə qarşı, Rusiya türklərinin təşkilatlanmasına və mübarizəsinə nail oldu.
xa0Qurultayın qərarında, xüsusilə ikinci bənddə yer alan bəzi siyasi məsələlərin qoyuluşu 17 oktyabr manifesti ərəfəsində türk liderlərinin ölkədə cərəyan edən proseslərdən düzgün nəticələr çıxarmalarının aydın təzahürü idi. 17 oktyabr manifestindən əvvəl müsəlman liderlərinin siyasi partiya yaratmağa qərar verməsi onların siyasi yetkinliyindən xəbər verirdi [4.s.117]. Qurultayın qərarına əsasən Rusiyanın müsəlmanlar yaşayan vilayətləri 16 dairəyə bölündü və Bakı şəhəri Rusiya müsəlmanlarının müvəqqəti mərkəzi müəyyən edildi. Qurultayın qərarı ilə avqust ayının 15-i bütün Rusiyaxa0 müsəlmanları üçün bayram günü elan edildi.xa0 Nijni-Novqorod toplantısında Rusiya müsəlmanlarının ikinci qurultayının çagırılması Ə.Topçubaşova tapşırıldı. Qurultay Rusiya türklərinin bir araya gələrək təşkilatlanmasında və müstəqil vahid siyasi qüvvə kimi formalaşmasında həlledici addım oldu [4.s.121]. 1906-cı ilin yanvar ayının ortalarında İttifaqın ikinci qurultayını keçirmək və onun təşkilati baxımdan formalaşdırılmasını başa çatdırmaq məqsədilə Əlimərdan Bəy Topçubaşov və Əhməd Bəy Agayev 1905-ci ilin dekabrında Peterburqa yola düşdülər. Peterburqda Rusiya Türklərinin siyasi həyatında aktiv iştirak edən Qabdrəşid İbrahimovla birlikdə Rusiya Müsəlmanları İttifaqının nizamnamə və proqram layihələrini, təşkilatın quruluşu və fəaliyyəti ilə baglı məsələləri müzakirə etdilər. 1906-cı il yanvar ayının 10-dan başlayaraq Peterburqa gələn qurultay işrirakçılarına qurultayın təşkilatçılrı Yusif Akçura və Musa Cərullahi Biqiyev ziyafət verdilər. Ziyafətdə Azərbaycanxa0 nümayəndə heyəti Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Agayev, Q.Qarabəyov, A.Axundov da iştirak edirdilər. Qurultaydan əvvəl Rusiya Müsəlmanları İttifaqının rəhbərləri Ə.Topçubaşov, .Akçura və S.Alkin 17 oktyabr manifestindən sonra yaranmış Konstitusiyalı Demokrat Partiyasının 1906-cı ildə yanvarın 5-11-də Peterburqda keçirilən qurultayında iştirak edərək, bu partiya nümayəndələri ilə birgə seçki bloku yaradılması haqqında müzakirələr etdilər. Qazaxıstandan gəlmiş Sultan Hacı Qubaydulla Çingizxan və Ə.Topçubaşovun Rusiya müsəlmanlarının II qurultayının keçirilməsi ilə baglı müraciətinə Rusiya daxili işlər naziri Pyotr Durnov tərəfindən rədd cavabı verdikdən sonra 100 nəfərə yaxın qurultay iştirakçıları II qurultayı Peterburqun müsəlman zənginlərindən biri olan Həsən Həbibullahın evində keçirməyi qərara aldılar.xa0xa0

7. Rusiya Müsəlmanlarının II qurultayı

1906-cı il yanvar ayında Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayı keçirildi. İlk iclasa İsmayıl Bəy Qaspıralı və Q.İbrahimov, sonrakı iclaslara isə Əlimərdan Bəy Topçubaşovxa0 sədrlik etdilər. Qurultayda Ə.Agayevin, Q.İbrahimovun yaxından iştirakı ilə Ə.Topçubaşovun hazırladıgı “Müsəlman İttifaqı” Partiyasınınxa0 nizamnaməsi və proqramı müzakirə edildi və Ə.Topçubaşovun hazırladıgı 23 maddədən ibarət “Müsəlman İttifaqı” Partiyasının nizamnaməsi qəbul edildi. Rusiya Müsəlmanları İttifaqının Proqramının qəbulu III qurultaya saxlanıldı. Qəbul edilmiş yeni nizamnaməyə görə İttifaqın Mərkəzi komitəsinin Bakıda yerləşməsi nəzərdə tutulmuşdu və həmin dövrdə Bakı Rusiya müsəlmanlarının siyasi mərkəzi kimi tanınırdı. Qurultayın sənədlərindən aydın olurdu ki... Bakının siyasi mərkəz kimi seçilməsi Rusiya müsəlmanlarının rəğbətlə yanaşdığı “Kaspi” qəzetinin nüfuzlu redaktoru Əlimərdan bəyə və onun şəxsində müsəlman dünyasının ən zəngin neft milyonçusu olan Hacı Zeynalabdin Tağıyevə olan hörmətlərindən irəli gəlmişdi [4.s.130]. Nizamnaməyə əsasən Rusiyanın müsəlmanlar yaşayanxa0 quberniya mərkəzləri 16 rayona bölünmüşdü. Bütün bu məntəqələrdə yerli məclislərin yaradılması və bu məclislərin Ümumrusiya müsəlman qurultaylarına, qurultaylararası dövrdə isə İttifaqın Ali məclisinə tabe olması nəzərdə tutulurdu.xa0 Qurultayda Duma seçkilərində Rusiyanın Konstitusiyalı Demokratlar Partiyası (Kadet) ilə əməkdaşlıq edilməsi, bu partiya ilə bir blokda seçkilərə gedilməsi qərara alındı. Kadet partiyası ilə əməkdaşlığa qərar verilməsi bu partiyanın proqramında Rusiya imperiyasında yaşayan xalqların, “milli ucqarların” problemlərinin qismən də olsa nəzərə alınması ilə bağlı idi. 5-11 yanvar 1906-cı ildə keçirilən II qurultaylarında kadetçilər imperiya daxilində xalqlara bəzi hüquqların – ana dilindən istifadə, ana dilində məktəb, təhsil, mətbuat və s. verilməsinə tərəfdar olduqlarını nümayiş etdirimişdilər. Kadetçilər rus olmayan millətlərin assimilyasiya edilməsinin əleyhdarı kimi çıxış edirdilər. Kadet liderləri İ.V.Qessen, L.İ.Petrajitski və digərləri Duma seçkiləri ərəfəsində Müsəlman İttifaqı ilə əməkdaşlıga böyük əhəmiyyət verirdilər. Eyni zamanda Kadet mətbuatı və partiya liderləri müsəlmanların tələbləri ilə konstitusiyaçıların proqramının oxşarlığını tez-tez vurğulayırdılar. Bu oxşarlığın əsasını liberal ideyalar təşkil edirdi. Kadet Partiyasının Polşa və Finlandiya əhalisinin milli hüquqlarını tanıması müsəlman ziyalılarının “xalq azadlıgı” ideyalarına ümidlərini artırmışdı. Ə.Topçubaşovun konstitusiyaçılarla əməkdaşlığa üstünlük verməsi də məhz bununla bağlıdır. Bolşeviklər Rusiya Müsəlmanları İttifaqının konstitusiyalı demokratlara münasibətini obrazlı şəkildə “başı çalmalı və əmmaməli tatar kadetizmi” adlandırmışdılr. [29.s.150] Rusiya Müsəlmanları İttifaqınınxa0 II qurultayıxa0 imperiyanın Türk və müsəlmanxa0 xalqlarının təşkilatlanması, Ə.Topçubaşovun Ümumrusiyaxa0 siyasi səhnəsinə çıxması baxımından əhəmiyyətli hadisə oldu. İttifaqın II qurultayının yekunları Topçubaşovun Rusiya müsəlmanları arasında artan nüfuzunu, ölkənin siyasi həyatında gündən-günə genişlənən fəal rolunu təsdiq etdi.xa0xa0
H.Baykaranın yazdığına görə siyasi hakimiyyət və azadlıq uğrunda mübarizədə, 20-ci əsrin əvvəllərində Azərbaycan-türk ziyalıları əsasən, üç: 1) islamçılıq və türkçülük (Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.); 2) liberal-demokratik (Ə.Topçubaşov və b.); 3) və sosial-demokratik (marksizm) (M.Ə.Rəsulzadə və b.) cəbhədə təmsil olunmuşdular. Sonralar 1 910-cu illərdən etibarənxa0 Türkiyədəki Türkçülük hərəkatının təsiri iləxa0 M.Ə.Rəsulzadəxa0 sosial-demokratik cəbhəni tərk edərək milli-demokratik cəbhəyə keçmişdir.xa0
H.Baykaranın fikrincə,xa0 həmin dövrdə “panislamist” Ə.Ağaoğlu geniş və dərin, teoretik şəkildə “islam millətçiliyi”ni, “pantürkist” Ə.Hüseynzadə osmanlı türkçülüyünü təbliğ etdiyi zaman, “liberalist” Ə.Topçubaşov “Rusiya müsəlmanlarının birliyixa0 “ devizi altında, daha çox Azərbaycan türk xalqının milli-mədəni muxtariyyəti üçün çalışmışdır [7.s.112]. O yazır: “Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbaycan xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi” [7.s.112].xa0

8. Rusiya Dövlət Dumasında Türk-Müsəlman Fraksiyası

xa0Azərbaycanlıların təbəələri olduqları Rusiya imperiyasının ali nümayəndəlixa0 qanunvericilik orqanlarında iştirakı 1905-1907-ci illər Rusiya inqilabının təsiri ilə ölkənin siyasi sistemində dəyişikliklər etmək zərurətindən yaranan Dövlət Dumasından başlanır. Çar II Nikolayın 1905-ci il 17 oktyabr tarixli manifesti əsasında təsis edilən I Dövlət Dumasının 1906-cı il aprelin 27-də işə başlamasıxa0 ilə imperiyanın, o cümlədən Cənubi Qafqazın müsəlman əhalisi ilk dəfə olaraq seçki prosesinə cəlb edilmiş və Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən bu seçkilərdə Dumaya beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdilər. Azərbaycanlı deputatlar 36 nəfərdən ibarət olması nəzərdə tutulan müsəlman parlament fraksiyasına daxil idilər və maraqlıdır ki, tatarların üstünlük təşkil etdikləri bu fraksiyaya o dövrdə artıq peşəkar hüquqşünas və nüfuzlu ictimai xadim kimi tanınan Ə.Topçubaşov rəhbərlik edirdi. Azərbaycanlı deputatlar I Dumanın işində kifayət qədər fəal iştirak etmiş və müzakirə olunan məsələlərə öz münasibətlərini bildirərkən təmsil etdikləri xalqın hüquqlarının müdafiəsini əsas tutmuşlar.xa0 1905-ci il dekabr ayının 11-də Nazirlər Kabinetinin sədri Vitte tərəfindən hazırlanmış seçki qanunu haqda çar fərmanı elan edildikdən sonra uzun müddət milli və siyasi hüquqlardan məhrum edilmiş Rusiya türklərinə də Dumada təmsil olunmaq haqqı verilmişdi. Türk-müsəlman ərazilərinin Rusiya tərəfindən işğalından sonra bu, ilk hadisə idi ki, müsəlman xalqları Rusiyanın ümumdövlət fəaliyyətinə qoşula bilərdilər.xa0 1906-cı ilxa0 may ayının 31-də keçirilmiş seçkilərdə Rusiya I Dövlət Dumasına Bakı seçki dairəsindən seçilmiş Əlimərdan bəy Topçubaşov Bakı sakinləri qarşısındakı çıxışında “Bakı əhalisi Rusiya azadlıqxa0 hərəkatında fəal iştiraka qədəmxa0 qoyur. Mən Qafqazınxa0 mümkün dərəcədə geniş və tam özünü idarəsinə tərəfdaram. “Yerli işlər yerli adamlara verilməlidir” devizi Qafqazın bütün xalqlarına eyni dərəcədə tətbiq edilməlidir” [4.s.136]. deyə bildirdi. Kaspi qəzetinin redaksiysında Kaspi və Həyat qəzeti əməkdaşları ilə görüşdəxa0 “mən konstitusiyalı idarəçiliyin tərəfdarıyam və hesab edirəm ki,... bizim ölkəmizdə həyatın vətəndaş və siyasi azadlıqlar zəminində qurulmasının qarşısını alan bütün maneələri aradan qaldırmaq lazımdır” şüarları ilə özünün liberal –islahatçı fəaliyyət proqramını və məqsədini elan etdi [32].
xa0Bakı quberniyasından I Dövlət Dumasına Əlimərdan bəy Topçubaşov, Məmməd Tağı Əliyev və Əsədulla bəy Muradxanov millət vəkili seçilmişdilər. Rusiya imperiyasında Bakıxa0 müsəlmanların yaşadığı yeganə şəhər, yeganə quberniya idi ki, I Dövlət Dumasına seçkilərdə bu quberniya üçün ayrılmış hər üç millət vəkili yerinə türk-müsəlman namizədlər seçilmişdi. Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Kazan, Ufa və Orenburq kimi şəhərlərdənxa0 Dövlət Dumasına seçkilərdə yalnız ruslar qazanmışdı [33.s.149] Bu qələbəxa0 XIX əsrin sonu –XX əsrin əvvəllərində Bakıda getdikcə dərinləşənxa0 milli hərəkatın uğurlu bir yekunu idi. Bu böyük uğurdan sonra Əli bəy Hüseynzadə “Həyat” qəzetində yazırdı: “Qafqaz türkləri türklərin ən hürriyyətpərvəridir... Bu məmləkətdə heç bir qüvvət hürriyyət arzusunu məhv edə bilməz... Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azəbaycan türklərinə aiddir” [6] I Dövlət Dumasına Azərbaycandan Ə.Topçubaşov, İ.Ziyadxanov, Ə.Muradxanov, Ə.Haqverdiyev, M.Əliyev və Ağa xan İrəvanski vəkil seçildilər. 1906-cı ilin iyun ayının 21-də Peterburqda müsəlman əyalətlərindən seçilmiş vəkillərin ilk iclası keçirildi. 22 nümayəndənin iştirak etdiyi bu iclasda Ə.Topçubaşov I Dövlət Dumasının Müsəlman fraksiyasının lideri seçildi. Fraksiya Rusiya müsəlmanlarının problemlərini müzakirə etməklə yanaşı Rusiya müəlmanlarının III qurultayına da hazırlıq işləri görürdü. Topçubaşov Müsəlman fraksiyasına rəhbərlik etməklə yanaşı, I Dövlət Dumasında Polşadan olan deputat Aleksandr Ledniçiskinin təşəbbüsü ilə yaradılmış “Muxtariyyətçilər birliyi”nin də həmsədri seçilmişdi [16.s.48]xa0 Cəmil Həsənlinin qeyd etdiyinə görə ABŞ –ın Viskonsin Universitetinin professoruxa0 V.Furnio Ə.B. Topçubaşovun bu dövrdəki nəhəng fəaliyyəti ilə bağlı yazır: “Bu illərdə Ə.B.Topçubaşovxa0 Rusiyanın bütün müsəlmanlarının həyatında xüsusi yer tutan tarixin kiçik bir parçasının həqiqi yaradıcılarından biri olmuşdur”xa0 [4.s.138].xa0xa0
Fraksiya Duma qarşısında Müsəlman vilayətlərində yeridilən aqrar siyasətin dəyişdirilməsi, aqrar islahatların aparılması ilə bağlı məsələlər qaldırmağa çalışırdı. Topçubaşov vəqf torpaqlarının müsəlman cəmiyyətlərinə qaytarılmasını tələb edirdi. Əlimərdan bəy fraksiya lideri kimi Rusiyada yaşayanxa0 bütün türklərin vəxa0 müsəlmanların problemlərini həll etməyə çalışırdı. Şimali Qafqazda çeçen və inquşlara qarşı yeridilən ayrıseçkiliyə, yerli əhali ilə gəlmə ruslar arasında hökumət nümayəndələrinin nifaq salmaq siyasətinə fraksiya adından kəskin etiraz etmişdi. Terek vilayətindən seçilmiş Taştemir Eldarxanovla birlikdə o, bu məsələ ilə bağlı Dumaya sorğu vermişdi. Qırğız vilayətindəki torpaq komissiyasının qeyri-qanuni fəaliyyəti, Gəncə qəza rəisi Avelianinin zorakılığı, Türküstan türklərinin haqlarının tapdalanması Rusiya müsəlmanlarının lideri olaraq onun etirazlarını doğurmuşdu. Topçubaşov Rusiya müsəlmanlarına qarşı yeridilən şovinizm siyasəti barədəxa0 yazırdı. “İyirmi milyonluq Rusiya müsəlmanlarının cəmi 36 deputatla təmsil olunmasının ölkədəki xalq təmsilçiliyi ideyasının özünə məhvedici zərbə vurduğunu söyləməyə ehtiyac varmı? Əyalətlər üzrə deputat yerlərinin müəyyənləşdirilməsi zamanı müsəlmanlara münasibətdə açıq–aşkar ədalətsizliyə yol verilmişdir. Bir sıra yerlərdə isə bu ədalətsizlik dəhşətli miqyasxa0 almışdır” [30]. “Türküstan diyarının beş milyon yerli əhalisi Dumada altı vəkillə təmsil olunurdusa, 300 minlik yadelli rus əhalisi 5 vəkillə təmsil olunurdu. Yəni 834 min müsəlman əhalisindən bir deputat seçildiyi halda, 60 min rus əhalisindən bir deputat seçilmişdi” [17. s.15].xa0
xa0Krım türkləri öz tələblərini Dumada səsləndirməyi Əlimərdan bəyə həvalə etmişdi. Müsəlman fraksiyası Türkiyə Parlamenti və İran Məclisi ilə də əlaqə yaratmagı planlaşdırırdı. Lakin iyulun 8-də P.Stolıpin hökümətinin qərarı iləxa0 I Dövlət Duması qovulduğundan bu ideyalar həyata keçmədi.xa0 Qeyd edilməlidir ki, I Dövlət Dumasının ömrü çox qısa olmuş, demokratiya qanunlarına alışmamış çar hakimiyyəti Dumadaxili və ondan kənarda ziddiyyətlərin kəskinləşməsindən narahat olaraq 1906-cı il 9 iyul manifesti ilə Dumanın buraxıldığını elan etmişdir. Burada bəzi azərbaycanlı deputatların cəmi bir sessiya fəaliyyət göstərmiş Dövlət Dumasının işində nə qədər cəsarətli və prinsipial mövqe tutduqlarını nümayiş etdirən bir məqama diqqət yetirmək maraqlı olardı. I Dumanın buraxılması ilə razılaşmayan bir qrup deputat (kadetlər, trudoviklər və sosial-demokratlar) öz iclaslarını Peterburq yaxınlığında - Vıborqda keçirməyi qərara alır. 9-10 iyulda 200 deputatın iştirakı ilə keçirilən bu iclaslarda hökumətə passiv müqaviməti nəzərdə tutan Vıborq Müraciətnaməsi qəbul olunur. Həmin müraciətnaməni imzalayanlar arasında Əlimərdan bəy Topçubaşov və İsmayıl xan Ziyadxanov da var idi. Çar hökuməti bu sənədi imzalayanları ən ciddi şəkildə cəzalandırır, onlar, o cümlədən Ə.Topçubaşov və İ.Ziyadxanov üç aylıq həbsə məhkum edilməklə növbəti seçkilərdə iştirak etmək hüququndan məhrum edilirlər. Azərbaycanın və Rusiyanın bu dövlət və ictimai xadimlərinin, xüsusilə artıq o dövr Rusiya müsəlmanlarının ən nüfuzlu lideri sayılan Əlimərdan bəyin Dumanın sonrakı heyətlərində iştirak etməməsinin səbəbi bu qadağa ilə bağlıdır.xa0

9. Rusiya Müsəlmanları İttifaqının III Qurultayı
xa0
Duma buraxıldıqdan sonra müsəlman duma üzvləri paytaxtdakıxa0 müsəlman cəmiyyəti ilə birlikdə toplantı keçirdi və Rusiya müsəlmanlarının III qurultayının Nijni-Novqoroddaxa0 keçirilməsi haqqında qərar qəbul edildi. Qurultay 1906-cı ilin avqust ayının 16-da Nijni- Novqorod şəhərinin mərkəzi klubunda, yerli molla Xəlil Əfəndinin oxuduğu Quran ayəsi ilə işə başladı. Qurultayda Qafqaz, Krım, Volqaboyu, Sibir, Türküstan və Qırğızıstandanxa0 minxa0 nəfərə qədər nümayəndə iştirakxa0 edirdi. Rusiya Müssəlmanlarının III qurultayınınxa0 mərkəzi siması Ə.Topçubaşov idi. Birinci Rus inqilabı dövründə baş verən siysi proseslərdə fəal iştirakı onun yetkin liderə çevrilməsinə səbəb olmuşdu .xa0 Məhz buna görə də qurultayın sədri Topçubaşovxa0 seçildi. [19.s.64]. Qurultayın 15 nəfərdən ibarət Rəyasət Heyətinə Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralı, Qabdrəşid İbrahimov, Mustafa Şirvanski, Səid-Girey Alkın, Yusif Akçura, Musa Biqiyev, Şahaydar Sırtlanov, Səlim-Girey Çanturin və başqaları daxil idilər. Qurultayın avqustun 16-da keçirilən birinci iclasında Qabdrəşid İbrahimovunxa0 məruzəsi əsasında bütün müsəlmanların birləşməsi və birlikdə hərəkət etmələrinin zəruriliyi müzakirə edilərək İttihadi-İslam fikri müdafiə edilmişdir. Q.İbrahimov məruzəsində qurultay iştirakçılarına “mən ittihadi-islamın xidmətindəyəm” deyə müraciət etmişdir. Avqustun 17-də davam edən ikinci iclasda Rusiya Müsəlmanlarının 17 oktyabr manifestindən yararlanaraq açıq siyasi fəaliyyət göstərməsinin vacibliyi, bu məqsədlə millətçilik və dini əsaslara söykənən proqramaxa0 malik müsəlman partiyasının yaradılmasınınxa0 zəruriliyi haqqında .Akçura geniş məruzə ilə çıxış etdi və Topçubaşovun hazırladığı proqramxa0 layihəsini qəbul etməyi təklif etdi. İ.Qaspralı, Ə.Saydaşov, Ş.Sırtlanov və Q.İbrahimov bu təklifi dəstəklədilər. Əlimərdan bəy çıxışında Rusiyada İslam dininə münasibətin kökündə siyasi və dini məqsədlərin dayandığını vurğulayaraq qeyd etdi ki, “Rusiyada İslama mane olanxa0 nədir? Missionerlərə ianə verib onları Peterburqdan bizlərə yollayan düşmənlərimizdir. Onlara qarşı dayanmaq gərəkdir... bizim üçün ən lazım olan şey hürriyyəti-dindir... hər zamanxa0 hürriyyəti–din məqsədimizdir... dinsiz həyatımız yoxdur, bunu anlasınlar”. Rusiyanın İslam dinini parçalaması və xristianlaşdırma, ruslaşdırmaxa0 siyasətinin qarşısının alınması üçün “hər şeydən əvvəl Rusiya müsəlmanları arasında ittifaqxa0 lazımdır” deyə Əlimərdan bəy qurultaya müraciət etdi [19. s.64]. Dini islahatlarla bağlı qəbul olunan qərarlarxa0 haqqında çıxış edən Əlimərdan Bəy Topçubaşov “...Mən bu qərarlara bir maddə də əlavə edilməsini təklif edirəm. Kagızlarımızda yazılmasa da ürəklərimizdə yazılsın. Maddələrin maddəsi İslamiyyətin əsasıdırxa0 əsil islam, Məhəmməd peyğəmbərə söykənən islam-.M). İslamda təfriqə (ayrılıq) olmasın. Bu Sünni,xa0 bu Şiyə, bu Hənəfi, bu Şafei deyilməsin. Şiyəlik-sünnilik yox (Yox olsun-.M). Məhəmmədilik şərəfi ilə iftixar edək. İslamiyyət libası taxtında hamımız bir qardaş kimi toplanaq” deyərək Rusiya türk-müsəlmanlarını dini birliyə çağırmışdır [9. s.233-234].xa0 Bu ittifaqın əsasını qoymaq üçün ikinci iclasda İttihadi-İslamxa0 partiyasının proqram layihəsinin təkmilləşdirilməsi ilə baglı komissiya yarandı. Avqustun 18-də Əlimərdan bəyin sədrliyi ilə keçən üçüncü iclasda təhsil məsələsi müzakirə edildi və A.Apanayın sədrliyində məktəb və təhsil komissiyası yaradıldı. A.Apanayın başçılıq etdiyi komissiya Rusiya müsəlmanlarına qarşı yeridilən ruslaşma siyasətini tənqid edib məktəb və mədrəsələr haqqında 33 madddədən ibarət sənəd qəbul etdi. Xristian missionerlərin tövsiyəsi əsasında mədrəsələrdə rus əlifbasının tətbiqinə, rus dilinin tədrisinə nail olmağı məqsəd güdən Rusiya Maarif Nazirinin təhsil siyasəti kəskin tənqid edilərək qeyd edildi ki, məktəblərdə dərslərin bir proqram əsasında, türk dilində, ərəb əlifbası ilə keçirilməsi, Rusiya müsəlmanları üçün vahid dərsliklərin hazırlanması, Kazan, Bakı, Baxçasarayda yerli müsəlmanlardan müəllimlərin tədrisə cəlb olunması və müəllimlər seminariyalarının açılması, müsəlmanların oxuduğu rus məktəblərində İslam dini və türk dili dərslərinin keçilməsi, türk ədəbi dilinin tədrisinə diqqətin artırılması qeyd edildi. Qurultayın məktəb-mədrəsə komissiyasında Üsul-i Cədid təhsil sisteminə süərətlə keçilməsi haqqında qərar qəbul edilmiş və təhsil dili ilə bağlı İsmayıl Qaspıralının buxa0 təklifi alqışlarla və səs birliyi ilə qəbul edilmişdir. “Ümumən Türklərin əsli-nəsli birdir. Zaman və məkan fərqləri ilə şivə və adətlərimizdə fərqlər peyda olmuşdur. Bu fərqlər bir-birimizi anlamayacaq dərəcəsinə qədər inkişaf etmişdir. Bundan sonra məktəblərimizdə ədəbi dili bir olan təhsil sisteminə keçməliyik... ibtidai məktəblərimiz üçün dörd illik tədris nəzərdə tutulmuşdur. Bunun üç ilində təhsilxa0 sadə məhəlli şivə ilə tədris olunmalı, son ilində isə ümumi Türk dilində yazılmış kitablar oxudulmalıdır. Bunun nəticəsində tədricən müxtəlif şivə və ləhcələr birləşmiş olacaqdır” [9.s. 234].xa0 xa0Yusif Akçura sədrliyində tatar dilində aparılan dördüncü iclasda Q.Qaliyev rəhbərliyində yaradılmış dini islahat komissiyasının 13 maddədən ibarət hazırladıgı qərar layihəsi müzakirə edildi. Müzakirə zamanı Əlimərdan bəyin “Müxtəlif məzhəblər arasındakı fərqlərin heç bir əhəmiyyəti yoxdur. Bu Rusiya müsəlmanlarınınxa0 ruhani işləri üçün ümumi bir müəssisənin vücuduna dini nöqteyi nəzərdən bir maneə təşkil edə bilməz” təklifi əsasında Rusiya müsəlmanlarının vahid dini idarələrinin yaradılması qərara alındı. Bu qərar türk-islam tarixində İslam ümmətçiliyindən türk millətçiliyinə tarixi keçidin zəminini hazırladı.xa0 [19.s.64].xa0 Dini məsələrlə bağlı qərarda Rusiya türk-müsəlmanları arasında hökumət tərəfindən himayə edilən misyonerlik fəaliyyəti də kəskin tənqid edilmiş, 17 oktyabr manifestinə uyğun olaraq ölkədə vicdan azadlığınınxa0 bərqərar edilməsi tələb edilmişdir. Topçubaşovun imzası ilə bu qərar teleqramla baş nazir P.Stolıpinə göndərilmişdir. Rusiya müsəlmanlarının III qurultayında Rusiya Müsəlmanları İttifaqının Ə.Topçubaşov tərəfindən hazırlanmış Rusiya müsəlmanlarının siyasi, iqtisadi, ictimai, dini problemlerini həll etmək məqsədi güdən 11 bölmədən 75 paraqrafdanxa0 ibarət proqramı qəbul edildi. Proqram Rusiya türklərinin milli və dini haqlarını, vətəndaş hüquqlarını təsbit etməklə yanaşı, liberal ideyaları özündə əks etdirirdi. Proqram Rusiya Müsəlmanları İttifaqına ümummilli xarakter verir, onu siniflərarası mübarizənin fövqündə duran bir təşkilat kimi təqdim edir, Rusiyanın siyasi quruluşunun konstitusiyalı monarxiya olmasını müdafiə edir, xüsusi mülkiyyətin toxunulmazlığı ideyasını dəstəkləyir, Rusiya müsəlmanlarının milli-mədəni muxtariyyət hüquqlarını müdafiə edirdixa0 [11.s.355]. Qurultayda Əlimərdan bəy Topçubaşov Rusiya Müsəlmanları İttifaqının sədri seçildi. Dövlət Dumasının Müsəlman fraksiyasına sədrlik etmiş Topçubaşov Rusiya Müsəlmanları İttifaqına rəhbərlik etməklə Rusiya türklərinin lideri olmaq missiyasını rəsmən təsdiq etdi. Qurultayın iştirakçısı olmuş Musa Carullahi Biqiyev özünün “İslahat əsasları” əsərində yazır. “Əlimərdan bəy hüququ gözəl bilən, özünəməxsus siyasi biliyə və təmkinə malik bir ziyalı idi” [28.s.2-3;s.108]. M.Rəsulzadənin yazdığına görə "İttifaqül-müslimin" müsəlman partiyasının sədri, birinci Dövlət Dumasında demokratik yeniləşmələr uğrunda mübariz Ə.Topçubaşov siyasi tarixdə özünün dünyagörüşü və siyasi konsepsiyasında Azərbaycan xalqının, Rusiyanın bütün türk və əzilən xalqlarınınxa0 müstəqillik uğrunda mübarizəsi, islam siyasi fəlsəfəsinin ölməz ideyaları kimi müxtəlif düşüncələri və dünya demokratiyasının bütün dəyərli təcrübələrini sintez etməyi bacarmışdır.
Onun həyat şüarıxa0 məşhur gürcü şairi A.Seretelinin dəfnində söylədiyi bu aforizmdəxa0 ifadə olunub: "Yaşa və başqalarını da yaşamağa qoy!". Bu prinsipə - cəmiyyətdə barışıq, millətçilik və demokratiyanın təntənəsi naminə bütün qabaqcıl qüvvələrin birləşdirilməsi prinsipinə çarizmlə çarpışmaxa0 illərində də, gənc milli dövlətin quruculuğunun xoşbəxt aylarında da, mühacirətin ağırxa0 illərində də sadiq qalmışdır.xa0

10. I-II-III-IV Dövlət Dumasında Türk-Müsəlman fraksiyasının fəaliyyəti

Bununla belə, 1907-ci il 20 fevral-2 iyun tarixdə çağırılmış II Dövlət Dumasında azərbaycanlı deputatların artıq yeni dəstəsi qanunvericilik fəaliyyətinə başlayır. Seçkilərdə iştirak edənlərin dairəsi seçki qanununa "Senat izahı" adlı sənədlə məhdudlaşdırılsa da, bu dəfə artıq 6 azərbaycanlı deputat mandatı almağa müvəffəq olur: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd ağa Şahtaxtlı, Mustafa Mahmudov, Zeynal Zeynalov və İsmayıl Tağıyev. Sonuncu şəxs Dumanın işində iştirak etməsə də, Müsəlman fraksiyasına daxil olan azərbaycanlı deputatlar, xüsusiləxa0 F.Xoyski və X.Xasməmmədov dəfələrlə müzakirələrdə yalnız öz adlarından deyil, fraksiya adından da çıxışlar etmişlər. Bu dəfə də Dumaya seçkilərin nəticələrindən narazı qalan və onun qovulması üçün bəhanə axtaran çar hökuməti cəmi 103 günlük fəaliyyətdən sonra II Dumanın da işinə son qoyur.xa0 I və II Dumaların mahiyyət etibarilə hökumətə müxalif mövqedə durması çar rejimini Dumaya seçki prosesini daha ciddi tənzimləmək qənaətinə gətirir. III Dövlət Dumasına seçkilərxa0 artıq 1907-ci il 3 iyun tarixində qəbul edilmiş, vəziyyəti mülkədar və burjua nümayəndələrinin xeyrinə dəyişmiş yeni seçki qanunu əsasında aparılır. Nəticədə milli ucqarlardan olan nümayəndəliklərə verilən yerlər xeyli azaldılır. 1907-ci il noyabrın 1-də çağırılan III Dumanın cəmi 8 nəfərdən ibarət olan müsəlman fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edir [11.s.356].xa0 Əvvəlki dumalardan fərqli olaraq, bu Dumaya nəzarəti ələ almış çar hakimiyyəti onun səlahiyyət müddətinə müdaxilə etmir və Duma 1912-ci ilə qədər beş çağırış sessiyasını tam işləyir. Artıq ikinci dəfə Dumaya deputat seçilən X.Xasməmmədov müsəlman fraksiyasının ən fəal üzvü olur, müsəlmanların hüquq və azadlıqları, ana dilində təhsil almaları və digər məsələlərə dair çıxışlar edir, 1905-1907-ci illər Cənubi Qafqazda milli zəmində baş verən münaqişələrin müzakirələri zamanı onların bir səbəbi kimi çarizmin köçürmə siyasətini açıb göstərir.xa0 1912-ci il noyabrın 15-də fəaliyyətə başlayan IV Dövlət Dumasına seçkilər də milli ucqarlardan nümayəndəliklərinin sayının məhdudlaşdırılması prinsipi üzrə aparılır və bu səbəbdən Dumanın artıq 7 nəfərdənxa0 ibarət olanxa0 müsəlman fraksiyasında Cənubi Qafqazınxa0 müsəlman əhalisini yenə də yalnızxa0 bir deputat - bu dəfə Məmməd Yusif Cəfərov təmsil edir [11.s.356]. Əvvəlki dumalarla müqayisədə nüfuzu xeyli aşağı düşmüş bu qanunvericilik orqanınınxa0 hakimiyyətə münasibətdə bir qədər gözləmə mövqeyi I Dünya müharibəsi başlayandan sonra tədricən əks xarakter alır.xa0 Birinci cahan müharibəsi ərəfəsində Rusiyada sosial-siyasi ziddiyyətlərin son dərəcə kəskinləşməsi nəticəsində 1917-ci il fevral çevrilişi bu ölkədə mütləqiyyət hakimiyyətini devirdi, ölkədə ikihakimiyyətlilik yaratdı, demokratik qüvvələrin və təşkilatların canlanmasına böyük təkan verdi.xa0 İmperator II Nikolaya qarşı müxalifət mərkəzlərindən birinə çevrilən Dövlət Duması Rusiya imperiyasının əsaslarını dağıdan 1917-ci il fevral inqilabında mühümxa0 rol oynayır və İmperatorun Dumanın fəaliyyətinin aprel ayına qədər dayandırılması haqqında 25 fevral tarixli əmrinə tabe olmur. Artıq inqilabın ilk günü - fevralın 27-də Dövlət Dumasının Müvəqqəti Komitəsi yaradılır və faktiki olaraq ölkədə ali hakimiyyət funksiyasını yerinə yetirən bu orqanxa0 Rusiyanın Müvəqqəti Hökumətini təşkil edir. Monarxiya devrildikdən sonra Duma bir daha tam tərkibdə toplaşa bilməsə də, onun Müvəqqəti Komitəsi müntəzəm olaraq öz iclaslarını keçirir. Müvəqqəti hökumət "Müəssislər Məclisi"nə seçkilərin başlanması ilə əlaqədar olaraqxa0 1917-ci il oktyabrın 6-da Dövlət Dumasının buraxılması haqqında qərar qəbul edir. Lakin bu məsələyə son nöqtəni 1917-ci il 25 oktyabr (yeni təqvimlə 7 noyabr) çevrilişi qoyur. RSFSR Xalq Komissarları Sovetinin 1917-ci il 18 dekabr tarixli dekreti ilə Dövlət Duması və Müvəqqəti Komitənin dəftərxanası ləğv olunur [11.s.357].xa0 Daha çox rus şovinist millət vəkilləri Dumada iştirak etdiyi üçün öz istəklərini həyata keçirə bilirdilər. Başqa millətlərin nümayəndələrinə olduqca sərt davranırdılar. Bir türk millət vəkili kürsüyə çıxıb öz hüquqlarını tələb etdiyi zaman onu yerdən təhqir edir, “rədd olun, gedin Türkiyəyə” deyə qışqırırdılar. Türk millət vəkilləri məhsuldar torpaqların ruslar tərəfindən kəndlilərin əllərindən alınaraq başqa yerlərə köçürülməsi siyasətinə qarşı çıxır, onların bu əməllərini pisləyirdilər. Amma türk millət vəkillərinin bu istəkləri rus şovinist millət vəkilləri tərəfindən rədd edilirdi. Çox vaxt da müsəlman millət vəkillərinə danışmaq üçün söz verilmirdi. Göründüyü kimi rus şovinistləri başqa millətlərə yuxarıdan-aşağıya baxır, hətta onları bir millət kimi tanımaq belə istəmirdilər. Rusiya işğalı altında olan Müsəlman Türklərin haqlarını qorumaq mübarizələri Rus şovinistlərini son dərəcə narahat edirdi. Baş nazir Stolıpin “Ortodoks Din Şurası” sədri Lukyanova yazdığı məktubda bu narahatlığını belə ifadə etmişdir. “Xristian millətinin müsəlman dünyası ilə mübarizəsi dini olmayıb siyasi, dövlətlər arası və mədəni bir mübarizədir. Panislamizmin son zamanlardakı müvəffəqiyyəti bununla izah olunmalıdır.Bu müvəffəqiyyət bizim Rusiyada böyük əhəmiyyət daşıyır.Bir çox millətləri ehtiva edən Rusiya müsəlmanlığının... müxtəlif şivələrdə olsalar da, əsasən bir dildə danışan türk irqinə mənsub olmaları nəzərdən uzaq tutulmamalıdır” [9.s.235].xa0 Rusiya işğalı altında yaşayan türk-müsəlmanların Ruslarla birlikdə bərabər haqlar uğrunda mübarizə aparmalrı Rus baş naziri Stolipini və çar II Nikolayı qəzəbləndirmişdir və bu dumada fəaliyyət göstərən türk vəkillərinin sayının azaldılması ilə nəticələnmişdir [9.s.235].xa0 Əsarətdə yaşayan türklərin I Dumada 46 millət vəkili var idı, II Dumada buxa0 sayı mühafizə etmişdilər. III Dumada seçki qanununun türklər və sol partiyalar əleyhinə azaldılması üzündən türklərin millət vəkilinin sayı 10, IV Dumada isə 7 nəfər olmuşdu.xa0 Cəmi 11 illik tarixi olan Rusiya Dövlət Duması Azərbaycanda parlamentarizmin inkişafında əhəmiyyətli rol oynayır. İmperiyanın müsəlman əhalisinin ölkənin bu alixa0 nümayəndəli hakimiyyət orqanında az sayda təmsil edilmələrinə baxmayaraq, müsəlman, o cümlədən azərbaycanlı deputatlar üçün bu təmsilçilik yalnız dövlət idarəçiliyi sistemi ilə içəridən tanışlıq, qanunvericilik prosesində bilavasitə iştirak və Dumanın fəaliyyətini istiqamətləndirən müxtəlif təmayüllü partiya fraksiyaları ilə ünsiyyət nəticəsində sırf siyasi, parlamentçilikxa0 təcrübəsi əldə edilməsi ilə məhdudlaşmır. Etnik, dini və mədəni baxımdan rəngarəng Rusiya imperiyasının özünəməxsus "xalqlar nümayəndəliyi" funksiyasını yerinə yetirən bu ali hakimiyyət orqanında dini eyniyyətinə görə "müsəlman" adlanan fraksiyada birləşən, Dumanın digər üzvləri tərəfindən isə daha çox "milli qrup" kimi qəbul edilən müsəlman deputatların birgə fəaliyyət təcrübəsi artıq həmin dövrdə Rusiya müsəlmanlarının, (azərbaycanlı deputatların ən fəal iştirakı ilə) ümummilli siyasi mərkəzlərinin yaradılması cəhdlərinə gətirib çıxarır.xa0xa0

11. Ümumqafqaz Müsəlmanlarının I Bakı Qurultayı

Ardı var...
Yasmən Qaraqoyunluxa0
AMEA Fəlsəfə İnstitutu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO