Ermənistan vandalizmi ilə bağlı Azərbaycanın UNESCO-ya müraciətinin MƏTNİ 

Hazırda oxunan: Ermənistan vandalizmi ilə bağlı Azərbaycanın UNESCO-ya müraciətinin MƏTNİ 

82604

Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb. 

Bizim.Media müraciəti təqdim edir: 

“Hörmətli Baş direktor. 

UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Ümumdünya irsinə aid olan obyektlər yerləşdikləri ərazidən asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur. 

Tarixi şəhərlər və bu şəhərlərin əraziləri cəmiyyətin təkamülünü və onun mədəni kimliyini təsvir edən məkan formasiyalarıdır. Onlar böyük təbii, yaxud süni mühitin bir hissəsidir və bir-birindən ayrıla bilməz. Tarixi şəhərlər onları formalaşdıran keçmişin canlı sübutudur. 
İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü. İrəvanın bu hissələrinin hər birində şəhər yaranandan XX əsrin əvvəllərinə qədər azərbaycanlılar yaşayıblar. 

Azərbaycan xalqı XIX-XX əsrlər ərzində indiki Ermənistanın ərazisində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə nəticəsində böyük milli faciə yaşayıb. Bu milli faciə mərhələli şəkildə həyata keçirilib və nəticədə indi Ermənistan adlanan dövlətin ərazisində heç bir azərbaycanlı qalmayıb.  

Nəticə etibarilə, Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi bir çox digər dini və tarixi abidələri məhv edilib.

Hazırda İrəvanda mövcud olan iki məscidi – Hacı İmamverdi məscidi və Göy məscidi isə Ermənistan fars məscidi adlandıraraq taleyin hökmünə buraxıb. Bu gün XVII əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox olmaq üzrədir. 

Hörmətli Baş direktor. 

İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Bu hissə öz yaddaşında İrəvanın XVII əsrdən müasir dövrümüzə qədər olan tarixi kodunu daşımaqdadır.

Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.

Ermənistanda azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini – tarixi kodunu məhv etmək istəyirlər. 

Təpəbaşı Azərbaycan mədəniyyəti, o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir. 
Ermənistan dövləti Təpəbaşıda yerləşən Hacı İmamverdi (Təpəbaşı) məscidinin tarixini saxtalaşdıraraq fars məscidi kimi dövlət qeydiyyatına alsa da, abidənin qorunması ilə bağlı heç bir tədbir görülmür və onun uçulub dağılmasına şərait yaradılır. 

Uzun illərdir ki, Təpəbaşı hissəsinin taleyi ilə bağlı erməni ictimaiyyəti ilə Ermənistan dövləti arasında müzakirələr getməkdədir. Lakin bütün bu müzakirələrdə Azərbaycan xalqının maddi-mədəni irsi məhvə məhkum edilir. 

2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. Azərbaycan cəmiyyəti uzun zamandır bu xəbəri gözləyirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO