Hikmət Babaoğlu – “Prezidentin delimitasiya ilə bağlı 1918-ci il xəritələrinə müraciət etməsi...”

Hazırda oxunan: Hikmət Babaoğlu – “Prezidentin delimitasiya ilə bağlı 1918-ci il xəritələrinə müraciət etməsi...”

76612

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın beş minillik dövlətçilik tarixində xüsusi bir mərhələ təşkil edir. AXC-nin yaradılması Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsidir”.  

Bu sözləri Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Hikmət Babaoğlu səsləndirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanla sərhədin delimitasiyası üzrə DÖVLƏT KOMİSSİYASI YARADILDI


Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 104-cü ildönümü ilə bağlı danışan deputat Ümummilli lider Heydər Əliyevin Cümhuriyyətlə bağlı bu fikirlərini xatırladıb:  

“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarıb”.  

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasları xeyli öncədən qoyulub:  

“Belə ki, Cümhuriyyətin yaranmasını təmin edəcək ciddi intellektual, fəlsəfi, sosial və siyasi əsaslar XIX əsrin ortalarından başlayaraq formalaşdırılmışdı. Azərbaycan ictimai-mədəni və intellektual mühitində mühüm yer tutan maarifçilik hərəkatını bu kontekstdə xüsusi olaraq qeyd etməliyik.  

Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əhməd Bəy Ağaoğlu, Nəsib Bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digər maarifçi mütəfəkkirlər o dövrdə Çar Rusiyasının ictimai-mədəni mühitində fəal mövqedən çıxış edərək, yeni dövlətçiliyin yaranması üçün mədəni, ictimai və siyasi əsaslar formalaşdırırdılar. Əlbəttə ki, o dövrün fədakar maarifpərvər insanları olmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ideyası və məqsədinin gerçəkləşməsi də xeyli çətin olardı”.  

Millət vəkili İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamından da sitat gətirib:  

“Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi. Xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”. 

Hikmət Babaoğlu vurğulayıb ki, müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir:  

“Təsadüfi deyil ki, 2021-ci il oktyabrın 15-dən sonra Müstəqillik Günümüz də məhz Azərbaycan Xalql Cümhuriyyətinin yaranması tarixi yəni 28 May 1918-ci il tarixindən hesablanır. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan hörmət və ehtiramın nümunəsidir”.  

Millət vəkili əlavə edib ki, hazırda əldə etdiyimiz tarixi zəfərimiz kontekstində bir daha Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə nəzər saldıqda çoxminillik dövətçilik tariximizdə AXC-nin necə mühüm bir həlqə təşkil etdiyini daha aydın görə bilirik:  

“Azərbaycan Prezidenti İlham Əliyevin bu gün aktual olan Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya edilməsi məsələsini şərh edərkən bir daha 1918-ci il xəritəsinə müraciət edilməsi zərurətinə toxunması da əslində, AXC sərhədlərinin müasir dövlətçilik ənənələrimizin mənəvi-siyasi əsaslarını təşkil etməsinə işarə idi”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO