Sahibə Qafarova Estoniya parlamentinin sədri ilə görüşdü - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Estoniya parlamentinin sədri ilə görüşdü - FOTO

75769

Mayın 23-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin (Riigikoq) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan və Estoniyanın dost və tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri bildirib ki, bu il Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdik.

Bu illər ərzində münasibətlərimiz tərəfdaşlıq səviyyəsinədək inkişaf edib.

Spiker Sahibə Qafarova yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycanla Estoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amil olduğunu deyib.

Bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edən bir sıra sənədlər imzalanıb və onların sayının artırılması üçün geniş imkanlar var.
Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi imzalamaq ərəfəsində olmasından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan, Estoniyanın Avropa İttifaqının üzvü kimi təqdirəlayiq fəaliyyətindən danışıb.

O, qeyd edib ki, hazırda Azərbaycan neftlə yanaşı, Avropaya etibarlı qaz tədarükçüsünə çevrilib və bu, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfədir. 

Sahibə Qafarova bildirib ki, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığının daha da gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. 

Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən danışaraq diqqətə çatdırıb ki, bu qələbə ilə Azərbaycan beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təmin edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın sonuncu Brüssel görüşündən danışan spiker Sahibə Qafarova tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını bildirib. 

Estoniya Parlamentinin sədri Yüri Ratas Estoniya nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Qonaq Estoniya və Azərbaycan münasibətlərinin dostluq məcrasında inkişaf etdiyini və yaxşı səviyyədə olduğunu bildirib.
O, Estoniyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini qeyd edib. Qonaq Şuşa şəhərinə səfər edəcəklərini, bundan da məmnunluq duyacaqlarını bildirib. 

Estoniya parlamentinin spikeri nümayəndə heyətinə daxil olan biznesmenlərin də Azərbaycanda bir sıra görüşlər keçirəcəklərini və ikitərəfli əlaqələrin müxtəlif sahələrinin inkişafına çalışacaqlarını diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO