ABŞ-ın Ermənistandakı səfirinin “status” çərənləməsi – Ağ Ev ölü Minsk qrupunu diriltməyə çalışır?

Hazırda oxunan: ABŞ-ın Ermənistandakı səfirinin “status” çərənləməsi – Ağ Ev ölü Minsk qrupunu diriltməyə çalışır?

75349

44 günlük Vətən savaşının başa çatmasından sonra keçmiş münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan arasında artıq sülh gündəliyi müzakirə olunur. 

Lakin heç də bütün qüvvələrin regionda stabilliyin təmin olunmasında maraqlı görünmür. Çox təəssüf ki, bu işdə özünü dünyada ədalətin və demokratiyanın müdafiəçisi kimi tanıdan ABŞ dövləti öndə gedir. 

Bu günlərdə ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi Ermənistan Respublikası ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Armenpress”ə müsahibə verib. Həmin müsahibədə səfir ABŞ dövlətinin bəd xislətini bir daha ortaya qoyub. Lin Treysi müsahibəsində həyasızcasına bildirib ki, “ABŞ-ın mövqeyi belədir ki, Dağlıq Qarabağın statusu məsələsi hələ də həll olunmamış qalır”. 

“Ədalət carçısı”nın ədalətsiz çağırışı

Təbii ki, bu bəyanat Azərbaycanın ərazi bütövlüyünə bir təhdiddir. Eyni zamanda, bu cür çıxışlar suveren dövlətin daxili işinə qarışmaqdır. 30 il Azərbaycan xalqının faciəsinə göz yuman, birbaşa və dolayısı ilə işğalçı Ermənistanı müdafiə edən Ağ Ev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən 1.6 il vaxt keçməsindən sonra da yeni sülhə təhdid yaradacaq fikirlər səsləndirir.

44 günlük müharibədən sonra “Dağlıq Qarabağ” adlı münaqişəsi tarixin arxivinə göndərildi. Azərbaycan öz ərazilərində digər azsaylı xalqlar kimi ermənilərə də dinc yaşamaq fürsəti verdi. Lakin bu humanist addım təqdir edilmək əvəzinə Qərb dövlətləri və ABŞ Qarabağda yaşayan az saylı erməniləri siyasi alver və Azərbaycana təzyiq vasitəsinə çevirir. Bu isə Azərbaycan xalqının haqlı narazılığına səbəb olur. Çünki, bu cür fikirlər aparıcı dünya dövlətlərinin özləri üçün bəyan etdikləri sülhsevər və humanizm prinsiplərinə tamamilə ziddir. Bu da onu göstərir ki, “demokratik” Qərb heç də ədalət carçısı deyil.

Məğlub xalqın, məlum müqəddəratı 

Adı çəkilən həmin müsahibədə səfir Treysi bildirir ki, “Qarabağ məsələsi xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmalıdır”.

Dağlıq Qarabağ problemi artıq il yarımdır ki, həll olunub. Bu gün Qarabağda və işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri görülür. İnsanların öz dədə-baba yurdlarına qayıtmağa hazırlaşdığı bir vaxtda ABŞ rəsmisinin bu cür açıqlaması separatizmi alovlandırmaq niyyətindən başqa bir şey deyil. Bu gün Azərbaycan prezidenti bəyan edir ki, Qarabağdakı ermənilər bizim ölkəmizin vətəndaşlarıdır. Və onlar Azərbaycan qanunlarının verdiyi bütün hüquqlardan istifadə edərək azərbaycanlı və digər xalqlarla birgə dinc yaşaya bilər. Belə humanist və ədalətli çağırışın müqabilində ABŞ dövlətinin sərgilədiyi mövqe sadəcə təəccüb doğurur.

ATƏT-in Minsk qrupu ABŞ-ın əlindəki qamçıdır
 

ABŞ-ın Ermənistandakı səfiri yuxarıda dedikləri ilə kifayətlənməyib, ATƏT-in Minsk qrupu barədə də sözlər söyləyib. Xanım Treysi deyib ki, “ABŞ Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədri kimi əməkdaşlığa hazırdır”.


Həll olunmuş münaqişənin gündəmə gətirilməsi və 25 illik zaman fasiləsində ölü qurum kimi yadda qalan ATƏT-in Minsk qrupunu yenidən gündəmə gətirməklə ABŞ nə demək istəyir?! Bunu zaman göstərəcək. Amma məlum olan bir həqiqət var. Qarabağ məsələsi öz ədalətli həllini tapıb. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO