“Şofer bu səfərlə İrəvana başa salacaq ki, daha ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir mənası yoxdur”.
Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Vaşinqtonla Parisin Moskva ilə birlikdə fəaliyyət göstərməsinin mümkünsüzlüyü fonunda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şoferin Ermənistana səfərinin nəyə hesablandığına aydınlıq gətirərkən deyib:
“De-fakto olmayan, de-yure mövcudluğu böyük sual altında olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şoferin Ermənistana səfəri təbii ki, çoxsaylı suallar yaradıb.
MÖVZU İLƏ BAĞLI:
ATƏT-in Minsk Qrupu yenidən Qarabağa dönə bilərmi? – Ermənilərin iddiası, Lavrovun cavabı, Bakının ŞƏRTİ
Bu səfər çox güman İrəvanın ürəyincədir. Çünki Ermənistan tərəfi postmünaqişə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsində ATƏT-in Minsk qrupunun vasitəçiliyindən istifadə edilməsini məhz dəfələrlə gündəmə gətirib. Amma Azərbaycan Prezidenti İlham Əliyev isə dəfələrlə qeyd edib ki, onların fəaliyyəti sıfıra bərabərdir. Rusiya xarici işlər naziri Sergey Lavrov da bu günlərdə bildirdi ki, amerikalı və fransalı həmsədrlər artıq Rusiya ilə işləmək istəmir. Yəni, faktiki olaraq ABŞ-la Fransa ATƏT-in Minsk qrupunda fəaliyyətlərini dayandırır.
Bu fonda Rusiyanın da fəaliyyətini dayandırması labüddür. Deməli, Rusiya-Ukrayna müharibəsi fonunda Minsk qrupu öz fəaliyyətini dayandırır. Daha belə bir qurum yoxdur”.
Belə olan vəziyyətdə həmsöhbətimizə görə, amerikalı həmsədrin Ermənistana səfəri, burada hansı mülahizələrlə çıxış edəcəyi təbii ki, təəccüb doğurur.
Bu əsasda deputatın fikrincə Şofer yəqin ki, İrəvana yeni reallıqları başa salmaq üçün gəlir:
“Fikrimcə, realığa uyğun olaraq Şofer İrəvanla danışıqlarda sadəcə postmünaqişə dövrünün həllini gözləyən məsələlərlə bağlı Vaşinqtonun mövqeyini açıqlayacaq. Bu əsasda da o, İrəvana yeni reallıqları başa salacaq.
Başa salacaq ki, Rusiya-Ukrayna müharibəsi fonunda artıq Vaşinqtonla Parisin ATƏT-in Minsk qrupunda Moskva ilə birlikdə fəaliyyət göstərmələri qeyri-mümkündür. Rusiyanın olmadığı həmsədrlik institutu faktiki olaraq fəaliyyət göstərə bilməz.
Belə olan halda, amerikalı həmsədr sadəcə İrəvana başa salmağa çalışacaq ki, mövcud reallığı qəbul etməkdən başqa digər yol yoxdur. Çünki mövcud reallıqda istəsələr də, istəməsələr də ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsinin heç bir əhəmiyyəti yoxdur.
Ona görə də hesab edirəm ki, bu səfərin hansısa bir real nəticəsi olmayacaq”.
Rüfət Sultan, Bizim.Media