Tehrandan diplomatik yanaşma, Ankaradan ultimatum – Vahid məktəbli formasına İKİLİ YANAŞMA

Tehrandan diplomatik yanaşma, Ankaradan ultimatum – Vahid məktəbli formasına İKİLİ YANAŞMA

Hazırda oxunan: Tehrandan diplomatik yanaşma, Ankaradan ultimatum – Vahid məktəbli formasına İKİLİ YANAŞMA

643313

Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı qərarı ətrafında süni şəkildə yaradılan müzakirələr daha bir ziddiyyəti üzə çıxarıb. Belə ki, Türkiyənin bəzi siyasi dairələri Bakının suveren qərarına qarşı sərt və ultimatum dilində mövqe nümayiş etdirdiyi halda, rəsmi Tehran məsələyə daha fərqli yanaşmağa çalışır.

Tehrandan Bakının daxili işlərinə hörmət mesajı
 

MÖVZU İLƏ BAĞLI:

İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA – VİDEO


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanın hicab məsələsinə münasibət bildirərkən ölkəmizin daxili qərarlarına hörmət prinsipini ön plana çəkib.

O, Azərbaycan xalqını qəhrəman və bəsirətli xalq adlandıraraq azərbaycanlıların ölkələrinin mənafeyini nəzərə almaqla öz mövqelərini hökumətlərinə çatdırmağı yaxşı bildiklərini vurğulayıb. İran rəsmisi, həmçinin Azərbaycanla münasibətlərdə dostluq və qardaşlıq əlaqələrinə toxunaraq məsələnin qarşılıqlı anlaşma, ümumi dəyərlərə və xalqın əsas hüquqlarına hörmət çərçivəsində həllini tapacağına ümid etdiklərini bildirib.
 

Əlbəttə, Tehranla Bakı arasında müxtəlif məsələlər üzrə fikir ayrılıqları mövcuddur. Lakin konkret hicab məsələsində İran XİN-in nümayiş etdirdiyi diplomatik yanaşma diqqətəlayiqdir:


Rəsmi Tehran Azərbaycanın daxili qərarına qarşı açıq təzyiq ritorikasından yayınaraq, daxili işlərə hörmət prinsipini ön planda tutur. 

Dünyəvi Türkiyədən teokratik yanaşma

Məlumdur ki, Azərbaycanın məktəblərdə vahid geyim qaydaları tətbiq etməsindən sonra Türkiyədə bəzi dairələr tərəfindən ölkəmizə qarşı sistemli qarayaxma kampaniyasına start verildi. Türkiyənin bəzi siyasi dairələri və media qurumları məsələni siyasi təzyiq alətinə çevirərək ölkəmizə qarşı təhdid dolu ritorikadan çıxış etdilər.

Burada ortaya ciddi bir ziddiyyət çıxır: İran rəsmi olaraq İslam Respublikasıdır. Türkiyə isə Konstitusiyasına görə dünyəvi dövlətdir. Buna baxmayaraq, Azərbaycana münasibətdə bəzi türk siyasi dairələrinin nümayiş etdirdiyi yanaşma dini həssaslıqları dövlətlərarası münasibətlərin üzərinə çıxarır, hətta dünyəvi dövlətin daxili qərarlarına dini meyarlarla qiymət vermək cəhdinə çevrilir.

Yəni, özünü dünyəvi dövlət kimi təqdim edən Türkiyənin bəzi siyasi dairələri dini məsələlərə münasibətdə teokratik düşüncə tərzinə uyğun mövqe sərgiləyir. Halbuki dünyəvilik yalnız Konstitusiyada yazılmış prinsip deyil, dövlətin qərarlarına və cəmiyyətin idarə olunmasına münasibətdə də özünü göstərməlidir.

Azərbaycanın məktəblərdə vahid geyim qaydalarını tətbiq etməsi də məhz bu kontekstdə qiymətləndirilməlidir. Söhbət dini inanclara qarşı mübarizədən deyil, təhsil müəssisələrində vahid qaydaların və ümumi nizam-intizamın təmin olunmasından gedir. Bu qərarı avtomatik şəkildə İslam dininə qarşı addım kimi təqdim etmək isə siyasi manipulyasiyadan başqa bir şey deyil.

Qardaşlıq birtərəfli tələblər demək deyil

Azərbaycan cəmiyyəti həssas məsələlərdə dost və qardaş bildiyi ölkələrdən anlayış, qarşılıqlı hörmət və dəstək gözləyir. Xüsusilə də söhbət Azərbaycanın öz suveren hüquqları çərçivəsində qəbul etdiyi qərarlardan gedirsə, bu gözlənti tamamilə təbiidir.

Lakin son hadisələr Türkiyədəki bəzi siyasi dairələrin qardaşlıq münasibətlərini necə anladığı barədə ciddi suallar yaradır. Əgər Azərbaycanla Türkiyə arasında münasibətlər qarşılıqlı hörmətə və suverenliyə əsaslanırsa, Bakının daxili qərarları niyə Ankaradakı bəzi siyasətçilərin siyasi amnisiyalarının hədəfinə çevrilməlidir? Niyə təhsilin dünyəviliyini qorumaq istəyən Azərbaycanın vahid məktəbli formasının tətbiqi ilə bağlı verdiyi qərar Türkiyədə bəzi dairələr tərəfindən tənqid, təhdid hədəfinə çevrilməlidir?

Azərbaycanın dünyəvi seçimi müzakirə predmeti deyil

İran XİN-in açıqlaması bir məqamı da ön plana çıxarır: Azərbaycanın məktəblərdə tətbiq etdiyi vahid geyim qaydalarını İslam dininə qarşı addım kimi təqdim etmək üçün əsas yoxdur. Əgər hətta İslam Respublikasının rəsmisi məsələni Azərbaycan xalqının və dövlətinin öz daxili müzakirəsi çərçivəsində qiymətləndirməyə çağırırsa, Türkiyədəki bəzi dairələrin bu mövzunu siyasi qarşıdurma predmetinə çevirməsi hansı məntiqə sığır?
 

Bu fakt bir daha göstərir ki, vahid məktəbli forması ətrafında yaradılan müzakirələrin arxasında dayanan əsas problem dini inancların qorunması deyil, dini həssaslıqların siyasi alətə çevrilməsidir. Türkiyə mediasının mövzunu süni şəkildə böyütməsi və ayrı-ayrı siyasətçilərin ultimativ tonda açıqlamalarının davam etməsi bunun əyani sübutudur. 


Azərbaycan müstəqil, dünyəvi dövlətdir və təhsil siyasətini öz milli maraqlarına, qanunvericiliyinə və dövlətçilik prinsiplərinə uyğun müəyyənləşdirmək hüququna malikdir. Bu hüquq heç bir xarici dövlətin, siyasi dairələrin müzakirə predmeti ola bilməz.

Digər tərəfdən, qardaşlıq münasibətləri qarşılıqlı hörmət tələb edir. “Bir millət, iki dövlət” prinsipi isə Azərbaycanın daxili qərarlarına təzyiq göstərmək deyil, həmin qərarların arxasında dayanan dövlətçilik prinsiplərini anlamaqdır. Təəssüf ki, son hadisələr göstərdi ki, Türkiyədəki bəzi dairələr bu reallığı öz siyasi maraqlarına qurban verdilər. Bu isə heç bir halda qardaşlığa sığan mövqe deyil.

Bizim.Media-nın analitik qrupu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO