Qlobal siyasi arxitekturanın yenidən formalaşdığı, yeni çoxqütblü dünya düzəninin daha da dərinləşdiyi bir dövrdə dövlətlər öz maraqlarını təmin etmək və beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün çoxvektorlu siyasət həyata keçirirlər. Bu məcrada, Azərbaycan Respublikasının Avrasiya ölkələri, o cümlədən Laos Xalq Demokratik Respublikası ilə münasibətləri xüsusi strateji önəm daşıyır.
Azərbaycan və Laos arasında dostluq münasibətlərinin təməli keçən əsrin 80-ci illərində Laos prezidentinin ölkəmizə səfəri ilə qoyulub. Lakin, diplomatik münasibətlər 1995-ci ilin 22 may tarixində qurulub. İki ölkənin tarixən oxşar inkişaf yolu keçməsi, müstəqillik uğrunda mübarizə aparmaq və inkişaf etməkdə olan ölkə kimi beynəlxalq müstəvidə mövqe qazanmağa yönəlik fəaliyyəti onları əməkdaşlıq etməyə daha da yaxınlaşdırıb. Məhz bu ortaq təcrübə əsasında formalaşan münasibətlər bu gün də siyasi, iqtisadi sahələrdə davamlı olaraq inkişaf edir.
İkitərəfli münasibətlərin əsasını qarşılıqlı hörmət və bərabərlik prinsipləri təşkil edir. İki ölkə arasında əlaqələr 30 ildən artıqdır ki, davam edir və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanır. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda iki ölkə bir-birinin təşəbbüslərini dəstəkləyir, ortaq mövqelər nümayiş etdirirlər.
Xüsusilə, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunması istiqamətində apardığı prinsipial siyasət Laos tərəfindən yüksək qiymətləndirilib.
Bundan əlavə, Laos rəsmi şəxslərinin Azərbaycana səfərləri də diplomatik münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verib. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti, hökumətlərarası və ekspertlər səviyyəsində aparılan müzakirələr praktiki əməkdaşlığın hüquqi və institusional əsaslarını formalaşdırıb.
Qeyd edim ki, Laos Xalq Demokratik Respublikasının nümayəndə heyəti 5-12 may 2024-cü il tarixlərində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində Könüllü Milli Hesabatların hazırlanması prosesində təcrübə mübadiləsi məqsədilə Azərbaycanda rəsmi səfərdə olmuşdur.
DİM-lərin icrasında Parlamentin rolu və bu prosesə nəzarət funksiyası, eyni zamanda ali qanunvericilik orqanı ilə digər maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrin aparılması məqsədilə 06 may 2024-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Bakı ofisində Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Daovi Vonqxayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin əlaqələndirməsi və mənim də iştirakımla görüşümüz baş tutdu.
13 oktyabr 2026-cı il tarixində Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi dövlət səfərinə gəlməsi mövcud münasibətlərin yeni müstəvidə inkişaf edəcəyini deməyə əsas yaradır. Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışı zamanı qeyd etdiyi kimi, “Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək”.
Ölkə başçısı çıxışı zamanı iki ölkə arasında münasibətlərin hər bir aspektinə toxunaraq, inkişafın nəinki iqtisadi sahədə, eyni zamanda ticarət, təhsil (sovet dövründə Laostan olan tələbələrin Azərbaycanda təhsil alması ənənəsinin bərpası), kənd təsərrüfatı, turizm, investisiya və mina təhlükəsi ilə mübarizə sahələrində əməkdaşlığın bundan sonrakı müsbət dinamikasını vurğulayıb.
“Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”, eyni zamanda azad viza rejimi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair sənədlərin imzalanması gələcək əməkdaşlığın davamlı inkişafı üçün əlverişli zəmin yaratmış oldu.
Ümumiyyətlə, Azərbaycan–Laos münasibətlərini regionlararası əməkdaşlığın uğurlu nümunəsi kimi adlandırmaq olar. Müxtəlif mədəniyyətlərə, coğrafiyalara və tarixi təcrübələrə malik olmalarına baxmayaraq, iki ölkə arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər hər zaman sülhün, təhlükəsizliyin, sabitliyin carçısı olan Azərbaycanın xalqlar arasında münasibətlərin inkişafına verdiyi dəyərin bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektrolu xarici siyasət Azərbaycanın Asiya-Sakit okean regionu ilə, o cümlədən Laosla əlaqələrinin daha da dərinləşəcəyinə və yeni müstəvidə strateji tərəfdaşlığın yaranacağını ortaya qoyur.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı
Bizim.Media

































































































