“Mən də IV Şuşa Qlobal Media Forumunda iştirak etdim. Bəli, tamaşaçı kimi. Televiziya tamaşaçısı kimi.
Bunu fürsət bilib, rahatlıqla forum barədə fikirlərimi ifadə edə bilərəm. Çünki, Şuşaya gedib oradan yalnız şəkillərlə də qayıtmaq olardı, qısa xülasələrlə də, yenilənmiş fikirlə də.
Bunu isə insanın forumdan sonrakı ilk paylaşımı müəyyən edir. Əgər ilk yazın növbəti sosial şəbəkə qalmaqalı, misal üçün “Taleh Yüzbəyov vs Süni Estetik” haqqındadırsa, deməli, Şuşa sənə elə də çox şey verməyib. Yox, əgər beynində yeni suallar yaranıbsa, dünya siyasətinə, Azərbaycanın mövqeyinə başqa gözlə baxmağa başlamısansa, deməli, ora boş yerə getməmisən”.
Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış prodüser, televiziya aparıcısı Emin Əfəndi teleqram kanalında yazıb.
O məqaləsində IV Şuşa Qlobal Media Forumu ilə bağlı fikirlərini bölüşüb:
“Elə mesajlar var ki, onlar zalda əyləşənlər üçün yox, bütün dünya üçün verilir. Şuşada baş verən də məhz bu idi.
Hələ Prezident İlham Əliyev tribunaya yaxınlaşmamış beynalxalq ekspertlər eyni sualı verirdi:
“Bakı nə deyəcək?” Çünki söhbət adi diplomatik bəyanatdan getmirdi. Söhbət yeni geosiyasi mərhələnin hansı sözlərlə ifadə olunacağından gedirdi.
Prezident danışdı. Sonra isə əsl forum başladı. Yəni Prezidentin çıxışından sonra başlanan beynəlxalq müzakirələr.
Bəzilərimiz adətən dövlət başçılarının çıxışlarında yalnız rəsmi cümlələr eşitməyə öyrəşmişik. Şuşada isə tamam başqa mənzərə vardı. Prezident bir tərəfdən Rusiya, Ukrayna və Ermənistanla bağlı bütün dünyanın diqqətlə dinlədiyi mesajları verirdi, digər tərəfdən Mixail Qusmanla səmimi dialoq qurur, Sergey Markovla bağlı replika ilə zalı güldürürdü. Bu rahatlıq təsadüfi deyildi. Çünki öz mövqeyinə arxayın olan siyasətçi təkcə sərt danışmır. Lazım gələndə yumorla da mesaj verir.
Çıxış bitən kimi dünya mediası hər cümləni təhlil etməyə başladı. “Rusiya ilə Azərbaycan münasibətləri tam normallaşıb” fikri ayrıca müzakirə edildi. Ukrayna ilə bağlı “Heç vaxt işğalla barışmayın” çağırışı beynəlxalq medianın əsas sitatlarından birinə çevrildi. Ermənistanla bağlı səslənən fikirlər isə regionun gələcəyi kontekstində təhlil olundu.
Maraqlıdır ki, forumun əsas müzakirəsi Şuşada yox, elə Şuşadan sonra başladı. Analitiklər, politoloqlar,jurnalistlər hər cümlənin arxasında hansı mesajın dayandığını anlamağa çalışırdılar. Ukraynalı jurnalist Dmitri Qordon Prezidentin Ukrayna ilə bağlı fikirlərini ayrıca qabartdı.
ABŞ Prezidenti Donald Tramp isə “Truth Social” platformasında Şuşadakı çıxış haqqında dərc olunmuş məqaləni paylaşdı. Əslində bu ardıcıllığın özü çox şeyi deyirdi. Jurnalist və ABŞ Prezidenti. Dünyanın müxtəlif mərkəzlərindən gələn bu reaksiyalar göstərdi ki, Şuşada deyilən sözlər yalnız həmin zal üçün səslənməmişdi.
Bu çıxışın ən maraqlı tərəfi məncə təkcə deyilən sözlər deyildi. Onların deyilmə tərzi idi.
Orada nə emosional ultimatum vardı, nə kiməsə nəsə sübut etmək cəhdi. Sadəcə sakit, özünə arxayın və nəticələrə söykənən dövlət dili vardı.
Azərbaycan Prezidentinin Dili.
Şuşa bir daha göstərdi ki, Azərbaycan artıq hadisələrə reaksiya verən ölkə deyil. Hadisələrin istiqamətini müəyyən edən ölkələrdən biridir.
Mən həmin zalda deyildim. Mən forumu ekran qarşısında izləyirdim. Amma forumdan sonra başa düşdüm ki, əsas məsələ zalda olmaq deyilmiş. Əsas məsələ dəyişən dünyanı hiss etməkdir. Çünki bəzi çıxışlar alqışlarla bitir, bəziləri isə günlərlə davam edən müzakirələrlə yaşayır.
Şuşada da məhz belə oldu”.
Bizim.Media






























































































