Bir gecədə beş ailənin FACİƏSİ – Sərhədsiz təhlükə, yarımçıq qalan ömürlər

Bir gecədə beş ailənin FACİƏSİ – Sərhədsiz təhlükə, yarımçıq qalan ömürlər

Hazırda oxunan: Bir gecədə beş ailənin FACİƏSİ – Sərhədsiz təhlükə, yarımçıq qalan ömürlər

617348

Xəbər verdiyimiz kimi, 2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi — Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.

Dövlət missiyası deyil, fərdi əmək fəaliyyəti

Bizim.Media-nın əldə etdiyi məlumata görə, həyatını itirən şəxslər Azərbaycan dövlətinin proqramı və ya missiyası çərçivəsində fəaliyyət göstərməyiblər.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var


Həmin dənizçilər xarici şirkətlər tərəfindən fərdi qaydada işə cəlb olunmuş şəxslər olub. Onlar könüllü şəkildə bu fəaliyyətlə məşğul olublar və xidmət etdikləri gəmilər də Azərbaycan dövlətinə məxsus olmayıb.

Müharibə zonasına yaxınlıq belə təhlükə yaradır

Azov dənizində baş verən hadisə göstərir ki, münaqişənin coğrafiyası artıq yalnız cəbhə bölgələri ilə məhdudlaşmır. Dəniz marşrutları, ticarət yolları, limanlar və logistika xətləri də hərbi risklərin təsiri altındır.

Müharibə şəraitində fəaliyyət göstərən və ya belə ərazilərə yaxın zonalarda çalışan mülki şəxslərin təhlükəsizliyinə isə heç kim tam zəmanət verə bilməz. Beynəlxalq hüquq normaları, mülki obyektlərin toxunulmazlığı və digər mexanizmlər nəzəri baxımdan mövcud olsa da, reallıqda raket, dron və ya digər hücum vasitələri qarşısında bu təminatlar çox zaman kağız üzərində qalır.

Məhz buna görə xaricdə müxtəlif sahələrdə çalışan Azərbaycan vətəndaşları riskli bölgələrdən, xüsusilə də müharibə və silahlı qarşıdurmaların davam etdiyi ərazilərdən mümkün qədər uzaq durmalıdırlar. Yüksək gəlir və ya qısamüddətli iş imkanları insan həyatının dəyərini əvəz edə bilməz.

Təkrarlanan acı mənzərə

Təəssüf ki, bu, ilk belə hadisə deyil. Son illərdə dünyanın müxtəlif münaqişə zonalarında, xüsusilə də, Rusiya-Ukrayna müharibəsində azərbaycanlıların həlak olması barədə məlumatlar vaxtaşırı gündəmə gəlir. Bəziləri iş fəaliyyəti çərçivəsində, bəziləri isə könüllü şəkildə özlərini riskə atır, bir çox hallarda isə həyatlarından olurlar.  

Bu cür hadisələr isə yalnız bir nəfərin deyil, bütövlükdə bir ailənin faciəsi, cəmiyyət üçün ürək ağrısıdır. Həyatlarını itirən insanlar arxalarında valideynlərini, övladlarını, həyat yoldaşlarınını və yaxınları buraxıb, bu dünyadan köçürlər. Yəni, belə hadisələr bir nəfərin dünyasını dəyişməsi ilə bitmir, ailə üzvləri üçün illərlə davam edən faciəyə çevrilir.

Bu baxımdan həmvətənlərimizin xarici ölkələrdə fəaliyyət göstərərkən risk faktorlarını diqqətlə qiymətləndirmələri xüsusi əhəmiyyət daşıyır. Münaqişə zonalarına yaxın ərazilərdə işləmək, hərbi risklərin mövcud olduğu marşrutlarda fəaliyyət göstərmək və ya müxtəlif qarşıdurmalara könüllü şəkildə qoşulmağın sonu ağır nəticələrə gətirib çıxara bilər.

İnsan həyatı hər cür qazancdan dəyərlidir
 

Göründüyü kimi, Azov dənizində baş verən faciə təkcə təhlükəsizlik məsələsi deyil, həm də ciddi sosial mesajdır. Müasir müharibələrdə təhlükənin sərhədi yoxdur. Təhlükədən uzaq görünən, müharibə ilə hər hansı əlaqəsi olmayan bir gəmi də, adi əmək fəaliyyəti ilə məşğul olan dənizçilər də hücumların hədəfə çevrilə bilir.


Bu səbəbdən xaricdə çalışan azərbaycanlıların riskli bölgələrdən uzaq durması və təhlükəsizlik amilini hər şeydən üstün tutmaları vacibdir. Çünki müharibənin olduğu yerdə heç bir müqavilə, heç bir vəd və heç bir gəlir insan həyatına təminat verə bilmir. Həyat isə hər cür qazancdan daha qiymətlidir...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO