"Küveyt Dövlətində və daha geniş regionda mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı baş verən son hadisələr diqqətlə izlənilir. 28 fevral 2026-cı il tarixindən etibarən regionda baş verən hadisələrlə əlaqədar Küveytin hava məkanı bağlı olaraq qalır".
Bizim.Media xəbər verir ki, bu barədə, Azərbaycanın Küveytdəki səfirliyinin "X" hesabında yayılan çağırışda qeyd edilib.
"Vətəndaşlarımızın Küveytin rəsmi qurumlarının açıqlamalarını, eləcə də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin məlumatlarını diqqətlə izləmələri, səlahiyyətli orqanlar tərəfindən verilən təhlükəsizlik qaydalarına və tövsiyələrinə ciddi şəkildə əməl etmələri tövsiyə olunur. Qeyri-rəsmi mənbələrdən yayılan məlumat və şayiələrə etibar edilməməsi vacibdir.
Mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızın zəruri hallar istisna olmaqla yaşayış yerlərini tərk etməmələri, mümkün qədər evdə qalmaları tövsiyə edilir. Küçədə olarkən həyəcan siqnalları və ya partlayış səsləri eşidildiyi təqdirdə, dərhal qapalı və mühafizə olunan yerlərə sığınmaq vacibdir.
Hava hücumundan müdafiə tədbirləri nəticəsində zərərsizləşdirilən sursat qalıqlarının düşməsi şəxsi təhlükəsizlik üçün risk yarada bilər.
Hər hansı fövqəladə vəziyyətlə üzləşdiyiniz təqdirdə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin bir başa qaynar xətti olan +965 6095 5596 ilə əlaqə saxlamanız xahiş olunur. Eyni zamanda, səfirliyin elektron poçt ünvanı vasitəsilə əlaqəyə keçə bilərsiniz - [email protected]", - elanda bildirilib.

Bizim.Media































































































