Aydın Mirzəzadə: “ABŞ-ın İranı vurmaq fikri olsaydı, çoxdan bunu edərdi”

Aydın Mirzəzadə: “ABŞ-ın İranı vurmaq fikri olsaydı, çoxdan bunu edərdi”

Hazırda oxunan: Aydın Mirzəzadə: “ABŞ-ın İranı vurmaq fikri olsaydı, çoxdan bunu edərdi”

597367

Vaşinqtonla Tehran arasında danışıqlar getsə də, nəticənin olmaması hərbi əməliyyatların başlaması ehtimalını daha da artırır.

Bəzi qərb nəşrləri ABŞ-ın şənbə günü İrana qarşı hücuma başlayacağını iddia edib. İddiaya görə, ABŞ Prezidenti Donald Tramp İrana mümkün hərbi zərbələrin vaxtını müzakirə edib. Bildirilir ki, həmin müzakirələr zamanı gözlənilən zərbənin artıq bu həftəsonu baş verə biləcəyi variantı da nəzərdən keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Foreign Policy: “İran təhlükəli səhv edir”


Məlumatda ABŞ hərbi qüvvələrinin artıq şənbə günü potensial zərbələrə tam hazır olduqları bildirilir.

Amma o da qeyd olunur ki, Tramp hələlik zərbə endirib-endirməməklə bağlı yekun qərara gəlməyib.

ABŞ-ın İrana qarşı hücumu nə qədər realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, kiminsə kiməsə qarşı nəsə etmək fikri varsa, bunu heç zaman mətbuat vasitəsilə açıqlamaz:

“Bu sadəcə olaraq, mətbuatın məsələnin gündəmdə olmasını nəzərə alaraq, proseslə bağlı irəli sürdüyü bir versiyadır”.

Deputatın fikrincə, ABŞ İranla münasibətləri bacardığı qədər danışıqlar yolu ilə həll etməyə çalışır:

“Arada hər iki ölkə nümayəndələrinin görüşdükləri barədə xəbərlər də yayılır. Azərbaycan İranın qonşusu olaraq onun vurulmasının tərəfdarı deyil. Bakı Qərbin İranla olan münasibətlərinin diplomatik, danışıqlar yolu ilə beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin tərəfdarıdır”.

Müsahibimiz qeyd edir ki, Trampa müharibə lazım deyil:

“ABŞ-ın İranı vurmaq fikri olsaydı, çoxdan bunu edərdi. ABŞ-a yeni bir müharibə cəbhəsi lazım deyil. Əksinə, Donald Tramp tarixə sülh tərəfdarı olan prezident kimi düşmək istəyir. Onun vaxtaşırı bir sıra ölkələr arasında gedən müharibələri dayandırdıqları barədə verdiyi bəyanatlar hamıya məlumdur. Sülh Şurasının keçirilən iclası da hər halda ABŞ-ın dünyada sülh yaratmaq üçün növbəti bir cəhd etdiyini göstərir”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO