“Son günlərdə yayılan bir sıra təxribat xarakterli məlumat və açıqlamalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi mövzusu təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşımızın diqqət mərkəzində olmalıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, yalan və ya təhrif edilmiş məlumatlar təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin zərərinə işləyə bilər:
“Bu gün informasiya müharibəsi adi silahlı qarşıdurmalardan daha gizli, lakin daha təhlükəlidir. Bu gün təəssüf ki, sosial şəbəkələrdə və müxtəlif platformalarda məsuliyyətsiz paylaşımlar etmək, yoxlanılmamış xəbərlər yaymaq adi hala çevrilib.
Regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı təxribatçı kampaniyalar, deputat həmkarlarımız barəsində yayılan təhrif olunmuş məlumatlar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Bu səbəbdən hər bir vətəndaşımız üzərinə düşən məsuliyyəti ciddi dərk etməli, paylaşdığı hər xəbərin mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməlidir.
Eyni zamanda təxribat xarakterli yazılara, saxta hesablardan yayılan məlumatlara alət olmamalı, özləri ilə yanaşı, ətraflarındakı insanları da informasiyadan düzgün istifadəyə təşviq etməlidirlər”.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə bəzi deputatlarından adından reallığa uyğun olmayan açıqlamalar yayılıb.
Günay Şahmar, Bizim.Media































































































