“Ermənilər ərazi iddialarından heç vaxt əl çəkməyəcək” – Ramiyə Məmmədova

Hazırda oxunan: “Ermənilər ərazi iddialarından heç vaxt əl çəkməyəcək” – Ramiyə Məmmədova

55481

Yanvarın 14-də Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında Moskvada görüş baş tutub. Müzakirələrin gedişi ilə bağlı hər iki tərəfin xarici işlər nazirlikləri tərəfindən verilən açıqlamada, görüşün müsbət ab-havada keçdiyi qeyd olunub.

Bundan əlavə, tərəflərin qeyd-şərt olmadan dialoqu davam etdirəcəkləri də bildirilib. Bu isə, müəyyən sualların yaranmasına səbəb olub.

Xüsusən də, Ermənistanın Türkiyəyə qarşı davam edən iddialarını nəzərə aldıqda, rəsmi Ankaranın danışıqlar prosesində İrəvan qarşısında bu məsələni tələb kimi irəli sürəcəyi gözlənilirdi. Lakin Türkiyənin sözügedən məsələdə Ermənistana birdəfəlik güzəştə getməsi də mümkünsüzdür.

Belə olan halda, normallaşma prosesinin tam şəkildə yekunlaşması mümkün ola bilərmi?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Ramiyə Məmmədova ilk növbədə görüşün təşəbbüskarı kimi Moskvanın çıxış etdiyini qeyd edib:

“Bu görüşün təşəbbüskarı kimi Kremlin çıxış etdiyini söyləyə bilərik. Bu isə, Moskvanın özünü “sülh göyərçini” kimi təqdim etmək istəməsi ilə bağlıdır. Əslində, hələ 90-cı illərin əvvəlindən etibarən Türkiyə Ermənistanı işğalçı kimi qiymətləndirdi və münaqişə həll olunmayana qədər İrəvanla diplomatik əlaqələrdən imtina etdi. 

İndiki situasiyada da Türkiyə Azərbaycanın əsas dayaqlarındadır. Xüsusilə də, 44 günlük müharibə zamanı Ankaranın Azərbaycana verdiyi dəstək, ermənilərin Türkiyəyə nifrətini daha da qabardıb. Bundan əlavə, Ermənistanın Türkiyənin özünə qarşı da torpaq iddiası var və bu iddalardan heç vaxt əl çəkilməyib”.

Normallaşma İrəvana daha çox lazımdır

“Bugünkü gündə rəsmi İrəvanın Ankara ilə olan münasibətlərini qəbul etmək və sərhədləri açmaq Ermənistanın özü üçün daha vacibdir. Çünki Ermənistanın özününü iqtisadi vəziyyəti acınacaqlı durumdadır və situasiya getdikcə daha da qəlizləşir. Bu gün blokadadan çıxa bilməyən Ermənistan var. Bu isə, İrəvanın daxili siyasətinə də təsirsiz ötüşmür. Ona görə də, Ermənistanın Türkiyə ilə münasibətlərin yaxşılaşdırması, İrəvana daha çox lazımdır. Ələxsus da, Zəngəzur koridoru məsələsi diqqətdədir. Burada bir çox ölkə kimi Ermənistanın da mühüm maraqları var”.

Politloq, İstanbul-İrəvan aviareysinin açılmasını da normallaşma prosesinə işarə kimi qiymətləndirib.

Lakin...
 

“Bütün bunlara baxmayaraq, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcəyini, qondarma soyqırımı məsələsini qabartmayacağını düşünmək sadəlöhvlükdür.


Çünki Ermənistan maddi baxımdan lobbilərə bağlı ölkədir. Diasporlar faktiki olaraq, ölkənin siyasəti və iqtisadi həyatını yönəldir. Zaman keçdikcə diaporun bu məsələləri qabardacağına əminəm. Bu ermənilərin xislətində var. Onlar olmayan “böyük Ermənistan” ideyası ilə doğulub-ölən millətdirlər”.

Sonda isə Ramiyə Məmmədova normallaşma prosesinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanana qədər başa çatmasının mümkün olmadığını qeyd edib:
 

“Mənim fikrimcə, normallaşma birdən-birə olmayacaq. Çünki Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanmayıncaya qədər, Türkiyə prosesdə sona qədər getməyəcək. Ola bilsin ki, sərhədlərin açılması da yarıda saxlanılsın.


Bu səbəbdən Azərbaycanla həllini gözləyən məsələlərdə nəticə olunmadıqca normallaşma prosesi daha da uzanacaq. Xüsusilə də, Türkiyədə Ərdoğan hakimiyyəti dönəmində, Azərbaycanla razılaşma əldə olunmadan, rəsmi Ankara Ermənistanla əlaqələri tam şəkildə qurmayacaq. Hələliksə, sadəcə olaraq, Türkiyə maşınları Ermənistana gedə, malları bu ölkədə satıla, hava yolu ilə əlaqə qurula bilər. Lakin sərhədlərin tamamilə açılıb, diplomatik əlaqələrin bərpa olunması xeyli vaxt tələb edəcək”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO