Türkmənistan qazının gətirdiyi siyasi DİVİDENDLƏR - ASİM MOLLAZADƏNİN ŞƏRHİNDƏ

Hazırda oxunan: Türkmənistan qazının gətirdiyi siyasi DİVİDENDLƏR - ASİM MOLLAZADƏNİN ŞƏRHİNDƏ

48230

Noyabrın 29-da İqtisadi Əməkdaşlıq təşkilatına üzv olan ölkələrin Türkmənistanın Aşqabad şəhərində 15-ci zirvə toplantısı keçirilib.

Azərbaycanın iqtisadi və siyasi maraqları baxımından müsbət nailiyyətlərin əldə olunduğu zirvədə ən önəmli nüanslardan biri də, Türkmənistan-İran-Azərbaycan arasında qaz nəqli ilə bağlı sazişin imzalanması idi.

Belə ki, sazişə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

Göründüyü kimi, ilk mərhələdə 1,5-2 milyard kubmetr qaz nəqli o qədər də böyük rəqəmlər kimi nəzərə çarpmır. Müqayisə üşün qeyd edək ki, bu ilin ilk 6 ayı ərzində Azərbaycanın xaricə qaz ixracı 9,1 milyard kubmetr təşkil edib. Lakin əksər iqtisadçıların fikrincə, pilot layihə olaraq, ilk mərhələdə qeyd olunan qədər qaz nəql olunacaq və gələcəkdə bu həcm daha da artırılacaq.

Onu da qeyd edək ki, sazişin iqtisadi tərəflərindən daha çox siyasi aspektləri müzakirə mövzusuna çevrilib. Belə ki, bu cür regional sazişin tərəflər arasında gələcək münasibətlərdə mühüm rol oynayacağı ehtimal olunur.

Müqavilənin siyasi tərəflərini Bizim.Media üçün şərh edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin fikrincə, yeni sistem bütün region ölkələrinin maraqlarına uyğundur:

“Ümumiyyətlə, Azərbaycan enerji sahəsində regionda lider mövqeyini daha da inkişaf etdirməkdədir. Azərbaycan, qardaş ölkə olan Türkmənistanın qaz ehtiyatlarını dünyaya çıxarması üçün çox mühüm bir şərait yaradıb. Bununla da, Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək. Bu, eyni zamanda bütün bölgə ölkələrinin maraqlarını təmin edən və onların əməkdaşlıqlarına şərait yaradan bir sistemdir”.

Millət vəkili saziş vasitəsilə Azərbaycanın iqtisadi əməkdaşlığa istiqamətlənən siyasətinin dünyaya nümayiş etdirildiyini də sözlərinə əlavə edib:

“İmzalanan bu saziş, hamıya nümayiş etdirir ki, Azərbaycanın siyasəti, strategiyası həm enerji, həm də nəqliyyat sahəsində əməkdaşlıq və tərəfdaşlıq mühiti yaratmaqdan ibarətdir. Bütün iştirakçılar bu prosesdən qazanırlar və tərəfdaş ölkələr Azərbaycanın yaratdığı bu sistemdən faydalanacaqlar”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO