Soçi görüşü NƏTİCƏSİZ OLARSA... – “Təxribatlara hazır olmalıyıq” – Ədalət Verdiyevin ŞƏRHİ

Hazırda oxunan: Soçi görüşü NƏTİCƏSİZ OLARSA... – “Təxribatlara hazır olmalıyıq” – Ədalət Verdiyevin ŞƏRHİ

47779

Bu gün – noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli görüş öncəsi Ermənistan tərəfində hərbi hərəkətlilik müşahidə olunur.

Xüsusilə də, son iki gün ərazində Azərbaycanla sərhəddə Ermənistan ordusunun atdığı addımlar gərginliyin yaranması ehtimallarını daha da artırıb.

Belə ki, erməni mediasında, Zəngəzurdakı erməni hərbi birləşmələri ilə bağlı bir-birinə zidd xəbərlər tirajlanır:

1. Erməni hərbi birləşmələri Zəngəzur ərazisində çıxarılır (hraparak)

2. Azərbaycanla sərhəddə yaxın ərazilərdəki erməni hərbi hissələri noyabrın 25-26-da yüksək döyüş hazrılığı vəziyyətinə gətirilib (news.am)

Bu cür informasiyaların yayılması isə, Ermənistan tərəfinin yeni təxribatlar törətmək ehtimallarını daha da artırır. 
 

MÖVZU İLƏ BAĞLI:

Soçi görüşündən öncə Azərbaycan və Ermənistanın MÖVQEYİ – TƏHLİL


Əksər siyasi ekspertlər, Soçi görüşü Nikol Paşinyanın istədiyi formada getməzsə, ermənilərin təxribatlara əl ata biləcəklərini qeyd edirlər.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev də ermənilərin təxribata əl atması ehtimalını istisna etməyib.

Ekspert bu fikirlərini ermənilərin 90-cı illərdən bəri aşina olduğumuz hərəkətləri ilə əlaqələndirib:

“Azərbaycan tərəfi Ermənistanla münaqişənin başlandığı 90-cı illərdən bəri bəlli bir təcrübəyə yiyələnib. Belə ki, tarixi görüşlərin keçirildiyi müddətdə, eyni zamanda xüsusi bayram, işğal və azad olunma ildönümlərində Ermənistan tərəfindən təxribatlara yol verilib. Bu təxribat faktorları münaqişədən sonrakı bir il ərzində dəfələrlə baş verib. Biz bunu Zəfər Günündə, həmçinin sonrakı həftələrdə də müşahidə etdik. Ona görə də, növbəti təxribatların baş verməsi ehtimalını kimsə istisna edə bilməz”.

Ədalət Verdiyev Ermənistanın daxilindəki narazılıqların da təxribat ehtimallarını artırdığını qeyd edib:

“Ermənistan Azərbaycanla sərhədlərində vəziyyəti kifayət qədər gərginlikdə saxlayır. Eyni zamanda Ermənistanın daxilində də etirazlar səngimir. Belə görünür ki, məğlub ölkədə hal-hazırda əlacsızlıq sindromu hakimdir. Paşinyan hansı açıqlamanı verirsə versin, bu mitinqlə, orduda qalmaqalla və ya hansısa məmurun istefası ilə bitir. Bu bəyanatların tərkibi artıq heç bir rol oynamır. Paşinyanın istər pozitiv, istərsə də neqativ xəbər ötürməsi daxili auditoriyada əks reaksiya ilə qarşılaşır”.

Hərbi ekspert Ermənistan tərəfinin həm Qarabağda, həm də sərhədlərimizdə törədə biləcəyi təxribatlara qarşı diqqətli olmağın vacibliyini xüsusilə vurğulayıb:

“Dolayısıyla qeyd etsək, Ermənistan tərəfi həm Azərbaycanla sərhəddə, həm də Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində təxribatlara hər zaman əl ata bilərlər. Bu səbəbdən də, biz hazır olmalıyıq. Biz ermənilərin qəfil təxribatlarını Tovuz hadisələrində də, 10 gün əvvəl – 16 noyabrda da müşahidə etmişik. Ona görə də, biz mövqelərimizdə ayıq-sayıq olmalıyıq. Belə təxribatların hələ uzun zaman davam edəcəyi gözlənilir”.

Murad Əhmədov, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO