Vətən müharibəsinin 18-ci günü nələr baş verib? - XRONİKA/VİDEO

Hazırda oxunan: Vətən müharibəsinin 18-ci günü nələr baş verib? - XRONİKA/VİDEO

41492

44 günlük savaşın 18-ci günü, 2020-ci ilin 14 oktyabr tarixində cəbhədən ilk xəbər Azərbaycanın mülki əhalisini hədəfə alan legitim hərbi hədəflərin zərərsizləşdirilməsidir.

Bizim.Media xəbər verir ki, oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Vətən Müharibəsinin 17-ci günü nələr baş verib? - XRONİKA/VİDEO


Bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmişdir.

Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi tərəfimizdən zərərsizləşdirilib. Vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

Cəbhə ilə bağlı digər xəbərlə bunlardır:

1. Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb. Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.

2. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

3. Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülüb. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayıb.

4. Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistanın Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilmişdir. Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi. Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılmışdır. Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksləri də dəqiq zərbə ilə məhv edilmişdi. 

5. Ermənistan müdafiə nazirliyi etiraf etdi ki, atəş zərbəsi ilə sıradan çıxarılan əməliyyat-taktiki raket kompleksləri (ƏTRK) Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda, mülki obyekt və infrastrukturun olmadığı ərazidə tam döyüş növbəsində və tətbiqə hazır vəziyyətdə olub. Həmin ƏTRK-lar Azərbaycan ərazisindəki mülki obyektləri və infrastrukturu hədəfə almışdı. Ermənistan müdafiə nazirliyinin guya Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə atəş açılmaması barədə bəyanatları isə açıq-aşkar yalandır. Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin məhz Ermənistan ərazisindən atəşə tutulması danılmaz faktdır. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur. Əksinə, Ermənistan öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla qəsdən münaqişənin coğrafiyasını genişləndirmək məqsədini güdüb.

6. Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib.

7. Bölmələrimiz tərəfindən məhv edilən Ermənistan silahlı qüvvələrinə məxsus əməliyyat-taktiki raket komplekslərinin (ƏTRK) mülki əhalimiz və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntüləri təqdim edilib.

8. Oktyabrın 14-də Hərbi İnformasiya Mərkəzində Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri üçün təşkil olunan brifinqdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinə məxsus operativ-taktiki komplekslərin taktiki xüsusiyyətləri və onların imkanları barədə məlumat verib.

Bununla yanaşı, 2020-ci il 14 oktyabrında da xalqın diqqəti Prezident İlham Əliyevdə olub. Ali Baş Komandan “Twitter” səhifəsində azərbaycanlıları qürurlandıran paylaşım edib:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Sonda qeyd edək ki, ötən ilin bu günündə işğaldan azad olunan Cəbrayıl şəhərinin görüntüləri yayılıb. 

Videonu təqdim edirik:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO