GUAM-dakı “tərəfdaş”larımızın GÜLÜNC BƏRAƏTİ – “Dost”lar yanımızda dayanmaqdan NİYƏ QORXDULAR?

GUAM-dakı “tərəfdaş”larımızın GÜLÜNC BƏRAƏTİ – “Dost”lar yanımızda dayanmaqdan NİYƏ QORXDULAR?

Hazırda oxunan: GUAM-dakı “tərəfdaş”larımızın GÜLÜNC BƏRAƏTİ – “Dost”lar yanımızda dayanmaqdan NİYƏ QORXDULAR?

175803

Avropa Şurası Parlament Assambleyasının bədnam 24 yanvar qərarı hələ də siyasi gündəmdən düşməyib. Bununsa tək səbəbi AŞPA-nın qərəzli mövqeyidir. Çünki, Beynəlxalq ekspertlər qurumun ədalətsiz və qərəzli mövqeyi ilə barışmaq istəmir. Ona görə də müzakirələr bir həftədir ki, davam edir. Amma bu müzakirələrdə digər maraqlı məqamlar da ortaya çıxır. 

Məsələn, çoxları Azərbaycana hər zaman “dost” ölkə deyən bəzi dövlətlərin AŞPA-nın bədnam plenar iclasında tutduqları mövqeyi anlamaqda çətinlik çəkir. Xüsusən də Moldova, Ukrayna və Gürcüstan kimi bizimlə ortaq keçmişə və ortaq maraqlara, eləcə də oxşar problemlərə sahib ölkələrin mövqeyi heç cür anlaşılmır. 
 

MÖVZU İLƏ BAĞLI:

Dar gündə tanınan “DOST”LAR – GUAM ölkələri AŞPA-nın ölkəmizə qarşı qərəzinə niyə SƏSSİZ QALDILAR?


Bizim.Media məsələyə aydınlıq gətirmək üçün hər 3 ölkənin tanınmış siyasi ekspertlərinin mövqeyini öyrənib. Lakin “dost” ölkələrin ekspertləri heç də soydaşlarının AŞPA-nın məlum iclasında nümayiş etdirdikləri mövqeyə səmimi şəkildə haqq qazandıra bilməyiblər. 

Moldova niyə geri addım atdı?

Məsələn, Moldovanın tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenko AŞPA-nın qərarının qərəzli olduğunu deyir. Amma analitik Moldovanın Aİ qərarlarına zidd getmək kimi bir “lüks”unun olmadığını bildirir: 

“Moldova ilə bağlı artıq üzvlük danışıqlarının başlanması ilə bağlı konsensus yaranmağa başlayıb və hətta mümkün üzvlük tarixi də müəyyən edilib - 2030. Bu vəziyyətdə ölkəmiz nə edə bilər? 

Əgər Moldova AŞPA-nın Azərbaycanı pisləyən qətnaməsinə səs versəydi, o zaman Moldova-Azərbaycan münasibətləri ciddi pozulacaqdı və Azərbaycan qazını əbədi olmasa da, uzun illər unutmalı olardıq.

Digər tərəfdən, Moldova açıq şəkildə Azərbaycanın müdafiəsinə səs versəydi, ermənipərəst xarakter daşıyan Avropa təşkilatlarının formalaşmış mövqeyinə qarşı çıxacaqdı. Bu halda biz ölkəmizin Avropa perspektivini unutmalı olardıq”. 

Moldovalı ekspertin “arqumenti” çox ucuz arqument təsiri bağışlayır. O, Moldovanın sosial-iqtisadi həyatının Azərbaycandan asılı olduğunu etiraf edir. Bununla belə Aİ-nin uzaq perspektiv üçün etdiyi şirin vədin xatirinə Azərbaycanı, daha doğrusu haqq-ədaləti müdafiə etməkdən boyun qaçırır. 

Lakin cənab Şevçenko bir məqamı unudur ki, Aİ uzaq perspektivdə Moldovaya nə verəcəyi bəlli deyil. Amma Azərbaycan Moldovanı artıq neçə ildir ki, təkcə qışın şaxtasından yox, həm də Rusiyanın qəzəbindən qoruyur. 

Gürcüləri nə qorxutdu?

Oxşar mənzərə Gürcüstan politoloqun fikirlərində yer alıb. Gürcüstanın Təhlükəsizlik Məsələlərinin Öyrənilməsi Mərkəzinin sədri, politoloq Nika Çitadze deyir ki,  ölkəmiz avropalı məmurların ümumi mövqeyinə qarşı gedə bilməzdi:

“Bundan sonra bizim Avropaya inteqrasiya planlarımız dərhal dayandırıla bilərdi”. 

Bununla belə gürcü politoloq  qeyd edir ki, Gürcüstan və Azərbaycanın bir çox ortaq maraqları var:

“Ölkələrimiz arasında nəqliyyat və enerji layihələri, o cümlədən xalqlarımız arasında çoxəsrlik dostluq mövcuddur”. 

Amma Nika Çitadze Azərbaycanın Gürcüstan etdikləri barədə çox xəsisliklə danışır, sadəcə dostluğu önə çəkir. Amma nədənsə o etiraf etmir ki, ərazilərinin 20 faizi işğal altında olan Gürcüstan 30 ildir ki, Aİ-nin yox, Azərbaycanın iqtisadi-siyasi dəstəyi ilə ayaqda qalıb. Bu gün Gürcüstanın ÜDM-də və büdcə gəlirlərində Azərbaycanın adı qırmızı xətlə keçir. Qərbsə 30 ildir ki, Gürcüstana ancaq vəd verir.

Ukrayna başına gələnlərdən niyə dərs çıxarmır?

Ukraynalı politoloq Aleksandr Kovalenko da ölkəsini oxşar “arqumentlə” müdafiə edir:

“Bizim səsvermədə iştirak etməməyimiz adi haldır. Rəsmi Bakı çox gözəl başa düşür ki, hazırki vəziyyətdə biz beynəlxalq təşkilatlarla əlaqələrimizi poza bilmərik”.

Aleksandr Kovalenko açıq şəkildə etiraf edir ki, Ukrayna indiki halda yalnız Qərbin “çaldığı havaya oynayır”. Azərbaycanla olan dostluğun zədələnməsi və bu vaxtadək edilən təmənnasız yardımlar Ukrayna üçün o qədər də önəm daşımır. Bu azmış kimi ukraynalı politoloq Azərbaycanın məsələyə anlayış göstərəcəyini dilə gətirir.

“Dost” dövlətlərin Azərbaycana qarşı münasibəti nə qədər şübhəli və təəccüblü görünsə də və onların gətirdiyi “arqumentlər” nə qədər zavallı olsa da bir həqiqət var:

Moldovanın, Gürcüstanın və Ukraynanın Azərbaycandan öyrənə biləcəyi və bəhrələnəcəyi çox şey var.

Adını çəkdiyimiz hər 3 ölkə separatizmdən çox ciddi şəkildə əziyyət çəkir. Həmin ölkələr ən azından separatizm bəlasından qurtulmaq üçün Azərbaycandan böyük dəstək və məsləhət ala bilərdilər. Çünki Azərbaycan separatizmə Qərbin köməyi olmadan qalib gəldi. 

Bu gün Qərb hələ də Azərbaycanın separatizmə qalib gəlməsi faktı ilə barışmaq istəmir və bütün vasitələrlə yenidən separatizmi alovlandırmaq istəyir. Yəqin ki, Qərbin Gürcüstandakı, Moldovadakı və Ukraynadakı acı mənzərəyə baxışı da eyni cürdür.

Qərb son 30 ildə və bu gün də Gürcüstan, Ukrayna və Moldovaya perspektivli tərəfdaş kimi yox, Rusiyanın qarşısına atılacaq qurban kimi baxır. 

Hazırda Ukrayna Rusiyanın pəncələri altında can verir. Növbədə isə Moldova və Gürcüstandır. Nə yazıq ki, “dost” ölkələrin başbilənləri bu acı həqiqətə inanmır. Daha doğrusu inanmaq istəmir. Çünki inansalar, 30 ilin xəcalət yükünü qaldıra bilməzlər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO