ABŞ hansı üzlə Azərbaycanı dini azadlıqların pozulmasında GÜNAHLANDIRIR? - TƏHLİL

ABŞ hansı üzlə Azərbaycanı dini azadlıqların pozulmasında GÜNAHLANDIRIR? - TƏHLİL

Hazırda oxunan: ABŞ hansı üzlə Azərbaycanı dini azadlıqların pozulmasında GÜNAHLANDIRIR? - TƏHLİL

172154

ABŞ özünü təkcə super güc yox, həm də dünyanın idarəedicisi hesab edir. Sanki dünya ancaq Ağ Evdəkilərin maraqları ətrafında fırlanmalıdır. Belə olmasa idi ABŞ Dövlət Departamenti, eləcə də bu ölkədəki müxtəlif təşkilatlar dünya ölkələri barədə fərqli məzmunlu hesabatlar hazırlamaz, ayrı-ayrı dövlətlər barədə müəyyən qərarlar verməzdilər. 

Soruşmaq lazımdır ki, bu haqqı ABŞ-a kim və nə zaman verib? 

ABŞ Dövlət Departamenti 2023-cü ildə dini azadlıqları pozulmuş ölkələrin siyahısını hazırlayıb. Bu siyahı isə guya Dini Etiqad Azadlığı üzrə Dövlət Komissiyasının (USCIRF) illik hesabatı əsasında qəbul edilib.

Hansısa beynəlxalq təşkilatın hesabat hazırlanmasında qeyri-adi bir şey yoxdur. Çünki həmin təşkilatların da “çörəyi” bu tip hesabatlardan çıxır. Ona görə də belə hesabatlar heç vaxt həqiqəti əks etdirmir. Ümumiyyətlə, Beynəlxalq təşkilatların hansı prinsiplə işlədiyi hər kəsə bəlli olduğu üçün bu məsələnin üzərində çox dayanmayacağıq. 

Bizim üçün önəmli olan kimlərinsə pul kisəsindən asılı olan beynəlxalq təşkilatların hazırladığı “hesabatı” ABŞ kimi bir dövlətin öz əlində alətə çevirməsidir. Guya ABŞ-da bütün insan haqları ən yüksək səviyyədə öz həllini tapıb, qalıb bircə digər ölkələrdə vəziyyətin yoluna qoyulması. 

ABŞ-da dini-irqi ayrıseçkilər barədə kifayət qədər ifşaedici faktları sadalamaq olar. Bu ölkədə aborigen xalqlara son 300 ildə hansı divan tutulması barədə yetərincə qorxunc faktlar var. Hələ bu ölkəyə gələn, burda vətəndaşlıq alan afrikalılara, asiyalılara bəslənilən qeyri-insani münasibətdən danışmırıq. 
ABŞ-da heç də bütün insanlar istədikləri kimi dini inanclarını icra edə bilmir. İslamafobiya az qala ABŞ-ın dövlət siyasətinə çevrilib. Hindulara göstərilən amansız münasibətdən isə danışmağa adamın dili gəlmir. 

Çünki Ağ Evdəkilər özlərindən başqa heç kimi sevmirlər. Ən pisi də odur ki, hansı bir ölkədə iqtisadi inkişafın, demokratiyanın və sosial ədalətin olmasını istəmirlər. Ona görə də hansısa ölkədə iqtisadi dirçəliş, sosial ədalət və yaxud müstəqil siyasət görəndə rəsmi Vaşinqton qəzəblənir. Və bu qəzəbini də USCIRF kimi təşkilatların vasitəsi ilə hədəf aldığı ölkələrə yönəldir. 

Bu dəfə də ənənə pozulmayıb. ABŞ yenə də bir çox ölkələri dini azadlığın olmamasında ittiham edir və həmin ölkələrin sırasında Azərbaycan da var…

Niyə Azərbaycan?

Məlumdur ki, Azərbaycanın apardığı müstəqil siyasəti Ağ Evdəkilər həzm edə bilmirlər. Ona görə də Azərbaycana qarşı ən müxtəlif təzyiq vasitələrindən istifadə edirlər. Xatırladaq ki, ABŞ Azərbaycanın sentyabrın 19-da Qarabağda apardığı lokal antiterror tədbirlərindən heç də məmnun qalmamışdı. Üstəlik, Qərbin təklif etdiyi sülh danışıqları formatından Azərbaycan imtina etmişdi. Ona görə də rəsmi Vaşinqton Azərbaycana qarşı çıxışlara başladı.

Bu məqsədlə noyabrın 15-də ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr oldu. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn konqresmenlərə söz verdi ki, Azərbaycana hər cür yardım dayandırılacaq və ABŞ rəsmilərinin Azərbaycan rəsmiləri ilə təmasları aradan qaldırılacaq. 

Əslində bu diplomatik böhrana səbəb olacaq bir addım idi. Lakin Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi Ağ Evdəkiləri geri çəkilməyə məcbur etdi. 

Ceyms O’Brayn ABŞ Konqresinin yuxarı palatasında səsləndirdiyi sərsəm fikirlərindən cəmi 20 gün sonra Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Telefon danışığı zamanı Blinken İlham Əliyevdən xahiş etdi ki, köməkçisi Ceyms O’Braynın Azərbaycana gəlməsinə icazə versin. Azərbaycan Prezidenti ABŞ Dövlət katibinin bu xahişini yerə salmadı və bir həftə sonra Ceyms O’Brayn çarter reysi ilə Bakıya uçdu. Və bir növ “tüpürdüyünü yaladı”.

Vaşinqton bədnam niyyətindən əl çəkmək niyyətində deyil.

ABŞ Azərbaycana qarşı təzyiq üçün növbəti fürsəti gözləyirdi. Bu fürsəti isə Dövlət Departamentinə USCIRF verdi. USCIRF-in saxta və sifarişlə hazırlanmış “hesabat”ını əlində bayraq edərək ABŞ yenidən Azərbaycanın üzərinə gəldi. Guya ki, Azərbaycanda dini azadlıq yoxdur.

Hər kəs bilir ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Burada insanlar azad və sərbəst şəkildə dini inanclarını həyata keçirə bilirlər. Hazırda Azərbaycanda İslam dini ilə yanaşı xristian dinin bütün qanadlarına məxsus təriqətlər sərbəst şəkildə fəaliyyət göstərirlər. 

Katoliklər də, provaslavlar da, iudistlər də öz kilsə və sinaqoqlarında sərbəst şəkildə ibadətlərini edirlər. Hələ atəşpərəstləri demirik. Dünyanın bəlkə də nadir ölkəsidir ki, Azərbaycanda atəşpərəst məbədləri dövlət səviyyəsində qorunur, qayğısına qalınır. Üstəlik, 35 il müddətdə müharibə şəraitində yaşadığımız ermənilərin kilsəsi də Bakının mərkəzində öz ziyarətçiləri üçün açıqdır. 

Bütün bunlardan sonra Azərbaycanı dini azadlıqların pozulmasında ittiham etmək sadəcə ədalətsizlik və qərəzdir. Çünki nəinki Avropanın qabaqcıl ölkəsində, heç Amerikanın ştatlarında bütün dinlərə bu qədər hörmət və ehtiram göstərilmir.

Ona görə də ABŞ Dövlət Departamentinin son hesabatının siyasi təzyiq vasitəsi olduğu şübhəsizdir.

Hesabatın qərəzli olmasını sübut etmək üçün faktlar da kifayət qədərdir. Məsələn, hesabatda bir dənə də insidentdən və konkret dini ayrıseçkilik faktından söhbət açılmır. Ümumi söz yığını olan hesabatın  qərəzli olmasını sübut edən digər fakt isə ondan ibarətdir ki, burda dini azadlığa aid olmayan məsələlərdən daha çox söz açılır. 

Məsələn, Qubad İbadoğlunun həbsinin dini azadlığa nə dəxli var? Və yaxud qaçaqmalçılıqla məşğul olan hansısa sayt sahibinin saxlanılmasının dini azadlıqla hansı bağlılığı var? 

Yəni hesabatda qeyd olunan fikirlərin və “faktlar”ın dini azadlıqla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Bu hesabat məqsədli şəkildə hazırlanıb və Azərbaycana siyasi təzyiq aləti kimi istifadə məqsədi güdür. Bunun başqa izahı yoxdur. Hesabatla tanış olan ixtiyari şəxs onun Azərbaycanı istəməyən bədnam qüvvələr tərəfindən hazırlandığını açıq-aydın görə bilər.

Hesabatı kimin hazırladığını gördükə isə…

“Hesabat”ın kimlər tərəfindən hazırlandığını araşdırarkən maraqlı mənzərə ilə rastlaşdıq. Məlum oldu ki, “hesabat”ın Azərbaycana aid olan hissəsinin müəllifi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyandır. Burda isə artıq izaha ehtiyac yoxdur. Görünür, konqresdə öz istəklərinə çata bilməyən erməni diasporu bu dəfə Azərbaycana qarşı başqa cəbhə açmağa çalışır. 

Yada salaq ki, Daniela Aşbaxyan Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biridir. O, Livanın Los-Ancelesdəki konsulluğunda işləyir. Hansısa bir ölkənin səfirliyində işləyən birinin Dövlət Departamenti adından hesabat hazırlaması isə kifayət qədər qaranlıq və qanunsuz məsələdir. 

Belə görünür ki, erməni diasporunun maliyyə dəstəyi ilə Aşbaxyanın hazırladığı “hesabat” sadəcə Dövlət Departamentinə sırınıb və Departamentdəki maraqlı və pula həris adamlar da “hesabatı” oxumadan onun yayılmasına razılıq veriblər. Çünki özünə və dövlətinə hörmət edən heç bir şəxs bu cür başdansovdu və saxta “hesabat”ın yayılmasına izn verməzdi. 

Görünür ki, erməni diasporunun səxavəti Dövlət Departamentindəkilərin gözünü elə bağlayıb ki, ABŞ-ın milli maraqları da, bəyan etdiyi dəyərlər də yaddan çıxıb.

Bu cür feyk hesabatların yayılması əslində ABŞ-ın olan-qalan nüfuzuna da güclü zərbə vurur. 

Çünki azərbaycanlılar dünyada dini və irqi ayrıseçkiliyə məruz qalmış xalqdır. 35 il öncə Ermənistandan 300 mindən çox azərbaycanlı deportasiya edilib. Həmin azərbaycanlıların dini və milli dəyərləri isə son Ermənistan tərəfindən darmadağın edilib. Hələ Azərbaycanın 30 il müddətində işğal altında olan torpaqlarında ermənilərin törətdiləri vəhşilikləri, vandallığı demirik. İşğal dövründə Azərbaycanın bütün milli və dini dəyərləri ermənilər tərəfindən məhv edilib. 

Bəs, bu qədər vəhşiliklər törədən Ermənistan ABŞ Dövlət Departamentinin yaydığı siyahıda niyə yer almayıb?

Bax, bu zaman Dövlət Departamentinin “hesabatı”nın nə qədər qərəzli və məqsəli şəkildə hazırlandığı ortaya çıxır. Bura isə sözün bitdiyi yerdir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO