“Parlamentlərarası Dostluq Qrupun fəaliyyətinin başa çatması Fransa-Azərbaycan münasibətlərinin sonu demək deyil. Bu qrup heç vaxt həqiqətən fəal olmayıb və tərəflər arasında diplomatik gərginliyi azaltmaq üçün heç nə etməyib”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsində Parisin Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətini dayandırmasını şərh edən fransalı politoloq Martin Orien deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini DAYANDIRDI
“Məmurlarımız erməni diasporunun təsiri altındadırlar”
O, Dostluq Qrupunun rəhbəri, fransalı parlamentari Pyer Vatinin açıqlamasını Azərbaycana qarşı düşmənçilik kimi dəyərləndirib:
“Bu, Azərbaycana qarşı düşmənçiliyin daha bir əlamətidir və heç bir faydası olmayacaq. Bildiyiniz kimi, məmurlarımız erməni diasporunun radikal ünsürlərinin təsiri altındadır. Amma mən özüm onun son həftələrdə həddindən artıq fəallıq göstərməyinə təəccüblənirəm.
Həqiqətən də, erməni əsilli siyasətçilər, seçilmiş məmurlar, jurnalistlər, incəsənət xadimləri, birlik rəhbərləri bu günlərdə Azərbaycana qarşı səfərbər olublar.
Onlar mediadan istifadə edərək, ictimai rəyi manipulyasiya edirlər. Şəxsən mən hesab edirəm ki, Azərbaycan Qarabağdakı demilitarizasiya tədbirlərini çox yaxşı həyata keçirib. Qarabağla bağlı bu qədər yalan oxumaq və eşitmək təəssüf doğurur, amma tarix son nəticədə Bakının haqlı olduğunu sübut edəcək və Azərbaycan bölgəni yenidən həyata qaytaracaq”.
“Bu, iki ölkə arasında diplomatik münasibətlərin dayandırılması demək deyil”
Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas da hesab edir ki, atılan addım düzgün olmasa da, bu, Fransanın rəsmi mövqeyi hesab edilməməlidir:
“Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətinin dayandırılması qərarı ilk növbədə parlamentin qərarıdır və bu, iki ölkə arasında diplomatik münasibətlərin dayandırılması demək deyil.
Xalqlar arasında ikitərəfli münasibətlərin vəziyyətinə müxtəlif amillər, o cümlədən siyasi, iqtisadi və diplomatik mülahizələr təsir edir.
Fransa-Azərbaycan münasibətlərində gərginlik var. Lakin münasibətlərin gələcəyi diplomatik səylərdən, beynəlxalq dinamikadan və hər iki ölkənin maraqlarından asılı olacaq. Qəti nəticələri proqnozlaşdırmaq çətindir, lakin diplomatiya və dialoq çox vaxt xalqlar arasında münasibətlərin formalaşmasında əsas rol oynayır”.
Tehran Orucoğlu, Bizim.Media