“Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək

“Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək" - Amerikalı həkim

Hazırda oxunan: “Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək" - Amerikalı həkim

9384

ABŞ COVID-19-a qarşı vaksinasiya prosesini həyata keçirən ilk ölkələrdən biridir. Belə ki, uzun müddət pandemiyanın episentri sayılan və 40 minə yaxın insanın öldüyü Nyu-York ştatı da başda olmaqla, ABŞ-ın 50 ştatında kütləvi peyvəndləmə həyata keçirilir.

Yeri gəlmişkən, ABŞ-ın hər bir ştatında ilk növbədə kimin vaksinasiya olunacağı barədə qərarı qubernatorlar verirlər. Bu proses xəstəxanalarda yaradılan xüsusi tibbi heyət vasitəsilə idarə olunur.

Hazırda Nyu-York ştatında kütləvi peyvəndləmənin ikinci mərhələsi başlayıb. Nyu-York ştatının tanınmış tibb mərkəzlərindən biri olan "The Mount Sinai Hospital" və Albert Eynşteyn Universitetinin xəstəxanasının həkimi Abdo Balıkçıoğlu "Report"un xüsusi müxbirinə pandemiya və vaksinasiya prosesinin gedişatı ilə bağlı müsahibə verib.

- Uzun müddətdir pandemiyanın episentri olan Nyu-York ştatında koronavirus xəstələri üçün ayrılmış iki böyük xəstəxanada işləyirsiniz. İndiyədək apardığınız müşahidələrinizdən yola çıxaraq nə deyə bilərsiniz?

- Mən işlədiyim xəstəxana 2020-ci ilin mart ayından etibarən koronavirusa yoluxmuş xəstələri qəbul etməyə başladı. Martın 9-da Nyu-Yorkda virusa yoluxmuş ilk xəstəni qəbul etdim. Bundan sonra qısa müddətdə tibb ocağı pasiyentlərlə doldu. Mənim nəzarətimdə 59 koronavirus xəstəsi vardı və xəstəxanaya hər gün təxminən 5 pasiyent gəlirdi. Eyni zamanda hər gün ən azı 5 nəfəri koronavirusdan itirirdik. Mən 40 ildir həkim işləyirəm və təəssüf ki, bir ay ərzində müalicə etdiyim xəstələrdən ölənlərin sayı bütün fəaliyyətim dövründəki pasiyent itkisindən çox oldu.

Mayın ortalarına doğru koronavirusa yoluxanların sayında azalma müşahidə olunmağa başladı. 2020-ci ilin sentyabrından isə yenidən yoluxma artdı.

Hazırda xəstəxanamızın üçdə biri koronavirus xəstəsidir. Yoluxma yüksək səviyyədə olsa da, ancaq ölüm sayı bir qədər azaldı.

Çünki yeni müalicə metodları tətbiq etməyə başladıq və "Kortizon” (Cortisone) preparatının sayəsində ölümlərin qarşısını bir qədər aldıq.

Hazırda Nyu-Yorkda insanlar tibbi maskadan istifadə etməklə sosial məsafəni qoruyaraq gəzir. Təmizlik çox vacibdir, ancaq vaksin ondan da vacibdir.

- Koronavirusun yayılma sürətini və təsir gücünü hansı faktorlarla əlaqələndirirsiniz?

- COVID-19-a yoluxan insanların orqanizmindəki gedişat onların genetik faktorlarına görə dəyişir. Burun və boğazda CCR5 adlandırdığımız reseptor var. Həmin reseptorları yüksək olan insanlar xəstəliyə daha tez yoluxurlar. Çünki CCR5 reseptorları virusu maqnit kimi özünə çəkir. Virus orqanizmə daxil olduqdan sonra bədənin ona qarşı reaksiyası başlayır. Belə ki, xəstələrin orqanizmində antikor (antibody) ifraz edilir. Bundan sonra bədəndə, immun sistemində antigenlə antikor arasında mübarizə vəziyyəti ağırlaşdırır və virus kənarda qalır. Koronavirusda bədənin virusa qarşı verdiyi reaksiya ağırlaşma yaradır. Hətta gənclər belə heç bir xəstəlikləri olmadığı halda ciddi ağırlaşmalarla dünyalarını dəyişirlər. Bəzən isə 70-80 yaşlı və bir çox xəstəlikləri olan pasiyentlər tamamilə sağalıb evlərinə dönürlər. Təbii ki, diabetli şəkər, təzyiq, böyrək və ürək xəstəlikləri olan insanlara koronavirus daha çox təsir göstərir. Ona görə də koronavirusun insanlara təsirinin birbaşa genetik faktorlarla əlaqəli olduğunu əminliklə deyə bilərəm.

- Hazırda Nyu-Yorkda vaksinasiya ilə bağlı vəziyyət nə yerdədir?

- Artıq bir aydır Nyu-Yorkda könüllülük prinsipi əsasında vaksinasiya aparılır. Mən peyvəndin ikinci dozasını da vurdurmuşam. Hələlik heç bir əks təsirini hiss etməmişəm. Peyvəndin hansı ölkənin və şirkətin istehsalı olmasından asılı olmayaraq, hər kəs vaksinasiyada könüllü iştirak etməlidir. Artıq ABŞ-da 6 milyondan çox insan peyvəndlənib və sadəcə 20 nəfərdə allergik reaksiya yaranıb. Mənim işlədiyim xəstəxanada 2 nəfərdə vaksinə qarşı əks təsir müşahidə etdik və bunun hansı səbəbdən qaynaqlandığını araşdırırıq.

ABŞ-da vaksinasiyada “Pfizer” və “BioNTech” şirkətlərinin peyvəndlərindən istifadə olunur. Nyu-Yorkda vaksinasiya mərhələli şəkildə aparılır.

Belə ki, vaksin ilk öncə intensiv terapiya, daha sonra isə təcili yardım şöbələrinin işçilərinə vuruldu. Bundan sonra polislər və müəllimlər, daha sonra 75 yaşdan yuxarı vətəndaşlar peyvənd olundu.

İndi də 65 yaşdan yuxarı şəxslərə vaksin vurulur. Xəstələrdən vaskinasiyadan əvvəl hansısa qidaya və dərmana allergiyalarının olub-olmaması soruşulur.

Çünki allergiyası olan insanlar risk qrupuna daxildir və həmin şəxslərdə anafilaktik şok yarana bilər. Hələlik bu səbəbdən ölən xəstəmiz yoxdur, sadəcə bir tibb işçimiz anafilaktik şok keçirdi və onu reanimasiya şöbəsinə yerləşdirdik.

Onun vəziyyəti üç gün içində yaxşılaşdı və evinə göndərdik. Peyvənddən sonra inyeksiya nahiyədə bir qədər qızartı olur, əzələ və sümük ağırları müşahidə olunur.

Peyvənd ilk dozası vurulandan on gün sonra orqanizmdə koronavirusla mübarizəyə başlayır, ikinci dozadan sonra vaksin 95 % effektivlik göstərir.

Hətta bədəndə 5 %-lik müqavimət formalaşsa belə koronavirrus daşıyıcısı xəstəliyi daha yüngül keçirir. Koronavirusa yoluxmuş xəstələrə on gündən sonra vaksin vura bilirik.

Plazmafarez olunmuş pasiyentlər isə peyvənd olunması üçün ən azı üç ay gözləməsi lazımdır. Belə ki, plazmafarezdə anticisimlər ifraz olunur, o da vaksini təsirsiz hala gətirir.

Əminliklə deyə bilərəm ki, biz sadəcə vaksinlərdən istifadə edərək virusa qalib gələ bilərik. Ona görə də hər kəsə vaksinasiyada iştirak etməyi məsləhət görürəm.

- Bu gün insanlarda skeptik yanaşma görürük, hətta əksəriyyət vaksinasiyadan yayınmağa çalışır. Bununla bağlı nə deyə bilərsiniz?

- Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək. Əhali 70-75 faiz vaksinasiya olunarsa, immunitet formalaşa bilər və virus tədricən zəifləyərək sıradan çıxar. Ancaq ABŞ-da əhalinin bir qismi peyvənd olunmaqdan imtina edir. Təxminən 50-60 faiz insanın vaskinasiya olunacağını düşünürük. İnanıram ki, Azərbaycanda və Türkiyədə insanlar bu mövzuya daha həssas yanaşaraq vaksinasiyanı qəbul edəcəklər. Eyni zamanda koronavirusa qarşı preparatların hazırlanması üçün işlər aparılır. Hazırda 300-dən artıq dərman sınaqdan keçirilir və onların içərisində heç şübhəsiz effektiv olanları müəyyənləşdiriləcək. Bu da bir qədər zaman ala bilər. Yaxın günlərdə üzərində işlədiyimiz bir dərmanı istifadəyə təqdim edəcəyik. Dərmanların hazırlanması və vaksinasiya eyni zamanda aparılarsa, nəticənin daha ürəkaçan olacağını düşünürük. Tarixdə mövcud olmuş digər pandemiyalar kimi, koronavirus da uzun müddət davam edə bilməyəcək, təbii ki, bir müddət sonra yox olub gedəcək.

- Hazırda üzərində işlədiyiniz dərman haqqında ətraflı məlumat verə bilərsinizmi?

- Koronavirusa qarşı istifadə olunacaq bu dərman böyük ümidlərimiz var. Bu araşdırmalar Albert Eynşteyn Universitetinin xəstəxanasında aparılır. "Leronlimab" adlanan dərman əvvəllər QİÇS-in müalicəsində istifadə olunurdu. Həmin dərmanı ilk etapta 11 xəstə üzərində sınaqdan keçirdik. Onlardan 6 nəfərdə böyrək çatışmazlığı vardı, bir nəfərə isə qaraciyər nəql olunmuşdu və hamısı da xərçəng xəstələri idi. 11 pasiyentdən 9 nəfəri süni tənəffüs aparatına qoşulu vəziyyətdə yaşayırdı. Bu xəstələrdən 6-sı tamamilə sağaldı. Bu da bizim üçün böyük uğur idi. İkinci mərhələdə ABŞ Səhiyyə Nazirliyinin icazəsi ilə 60-70 xəstə üzərində sınaqdan keçirdik. Son mərhələdə isə dərman Harvard, Boston, Kaliforniya xəstəxanaları da daxil olmaqla, 10-dan çox tibb ocağında koronavirusa yoluxmuş 390 xəstə üzərində sınaqdan keçirildi və hazırda nəticəni gözləyirik. Əgər hər şey istədiyimiz kimi olarsa, koronavirusla mübarizədə çox əhəmiyyətli bir addım atmış olacağıq. (Report)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO