“Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Teatr Xadimləri İttifaqının qurultayında çıxışı zamanı bildirib.
Putinin sözlərinə görə, danışıqların əsas məqsədi yekun sülhə nail olmaq və Rusiyanın təhlükəsizliyini təmin etməkdir.
Putin Kiyevin nəzarətindən çıxmış əraziləri Rusiyanın tarixi torpaqları kimi təqdim edib. O bildirib ki, Donbas və Novorossiya sakinləri Rusiyaya birləşməyə səs veriblər.
Rusiya Prezidenti Ukrayna rəhbərliyini və onun Qərbdəki dəstəkçilərini ukraynalılara “xərclənən material” kimi yanaşmaqda ittiham edib. Onun iddiasına görə, Ukrayna Silahlı Qüvvələrində fərarilərin sayı 500 min nəfərdən çoxdur.
Putin qeyd edib ki, Rusiya Ukraynaya Donbasla razılığa gəlməyi təklif etsə də, Kiyev silah yolunu seçib. O, Moskvanın münaqişənin ilk günlərindən sülh yolu ilə həllin tərəfdarı olduğunu və hazırda da çıxış yolu axtarmağa hazır olduğunu bildirib.
Putin son genetik araşdırmaların ruslarla ukraynalıların bir xalq olduğunu göstərdiyini də iddia edib.
O, çıxışının sonunda Rusiyanın qarşıya qoyduğu vəzifələri həll edəcəyini və “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərinə çatacağını bəyan edib.
Bizim.Media



































































































