Azərbaycan bu gün müstəqil siyasət yürüdür, heç bir hərbi bloka qoşulmur. Regional sabitlik və regional inkişaf üçün ölkəmiz yeni-yeni beynəlxalq layihələrə imza atır. Bu isə Azərbaycanı istəməyən xarici qüvvələri ciddi şəkildə narahat edir.
Həmin bədnam qüvvələr son illərdə açıq və gizli şəkildə Azərbaycana qarşı müxtəlif təzyiq və təxribatlardan istifadə edərək dövlətimizi qlobal güclərin boyunduruğuna salmaq istəyib. Amma bütün cəhdlər Azərbaycan dövlətinin, Azərbaycan xalqının monolit birliyi və qətiyyəti hesabına dəf edilib.
Düşmən yatmırmış...
Azərbaycan dövləti, Azərbaycan xalqı sivilizasiyaya daha böyük töhfələr vermək barədə düşündüyü bir vaxtda dövlətçiliyimizə qarşı daha bir təxribat planı işə salınıb. Budəfəki təxribat planı olduqca həssas bir məsələ - dini dəyərlər üzərində qurulub. Məlumdur ki, İslam təkcə ölkəmiz üçün yox, bütün müsəlman aləmi üçün həssas bir mövzudur. Təxribatçıların iddiasına
görə, Azərbaycanda bir çox İslam dəyərlərindən, o cümlədən də hicabdan imtina edilir.
Əslində nə baş verir?
Məlum olduğu kimi son illərdə məktəblərdə sosial ədalətsizliyi aradan qaldırmaq üçün vahid geyim forması tətbiq edilir. Builki tədris ilinin başlanğıcında da bütün məktəblərdə şagirdlərin dünyəvi təhsil sisteminin prinsiplərinə uyğun, vahid formada dərsə gəlməsi tələb kimi irəli sürülüb.
Məsələ bu qədər sadədir.
Amma bəzi şəxslər Nazirlər Kabinetinin qərarına əməl etməyərək övladlarını dərsə hicabda gətiriblər. Üstəlik, məsələ təkcə hicab məsələsi də deyil. Artıq cins paltarda, idman geyimində və digər formada məktəbə gəlmək qadağandır. Məktəbə oxumağa gələn hər bir şagird vahid formada olmalıdır.
Çox təəssüf ki, Türkiyə və İranın timsalında xarici güclər və onların yerli əlaltıları bu məsələni konteksdən çıxararaq ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Heç kim cins, idman formasının qadağasından danışmır. Bütün ideoloji təxribat kampaniyası hicaba fokuslanıb. Guya ki, Azərbaycanda dini dəyərlər ayaq altına atılır, hicab, niqab və digər geyimlər qadağan edilir.
Beləcə, ölkəmizi hədəfə alan qüvvələr orta məktəbdə tətbiq edilən vahid formanı arxa plana ataraq hicabı qabardırlar. Halbuki, ölkəmizdə dini geyimlərlə bağlı heç bir qadağa yoxdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ötən gün “Real TV”-yə müsahibəsində bəyan edib ki, Azərbaycanda hicab qadağan olunmayıb:
“Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Dini təhsil müəssisələrində qızlar hicabla təhsil alırlar. Amma dövlət təhsil müəssisələrində vahid forma ilə bağlı qərar qəbul olunub”.
Elə isə problem nədədir?
Təbii ki, bədnam qüvvələrin maraqları ilə Azərbaycan dövlətinin əsas dəyərlərindən biri olan dünyəviliyə qarşı yönəlib. Ona görə də xarici qüvvələr qanunla tənzimlənən bir məsələni konteksdən çıxaraq bütün dünyaya Azərbaycanı İslam dəyərlərindən imtina edən ölkə kimi təqdim etmək istəyirlər.
Ən çox təəssüf doğuran məsələ isə bu çirkin kampaniyada Türkiyənin xüsusi fəallıq göstərməsidir.
Artıq neçə gündür ki, Türkiyənin hakim elitasında, siyasi dairələrində, ictimaiyyət arasında və mediada Azərbaycana qarşı əsası olmayan, şər-böhtan kampaniyası aparılır.
Məsələn, Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral X platformasındakı paylaşımında qeyd edib ki, Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir.
“Müxalif” CHP lideri Kılıçdaroğlu da açıq şəkildə daxili işlərimizə müdaxilə çağırışı edib:
“Qadınları azad buraxın qoyun istədiyi paltarı geyinsin”.
Türkiyənin qeyri-hökümət təşkilatlarından Gənclər Hərəkatı, Dəvət və Qardaşlıq Fondu, Yeddi Aypara, Bingöl İslam Qardaşlığı və Həmrəylik Platforması, Türkiyə İmam Hatip Məktəbləri Fondu (TİMAV) və Milli Türk Tələbə Birliyi (MTTB) Azərbaycandakı məktəbli forması tətbiqinə yanlış yöndə qiymətləndirərək inanc azadlığının qorunmasının vacibliyini vurğulayan bəyanatlar yayıblar.
Göründüyü kimi, Türkiyədə ölkəmizə qarşı başlayan haqsız və çirkin kampaniyada iştirak edənlərin sayı kifayət qədər genişdir.
Adını çəkdiyimiz və çəkmədiyimiz dairələr məsələni qəsdən konteksdən çıxarırlar. Özünü İslamın tək və mübariz təəssübkeşi kimi göstərməyə çalışan Türkiyə bunun üçün bütün dəyərləri ayaqlar altına atır. Son günlər Azərbaycana qarşı aparılan çirkin kampaniya Türkiyə tarixində heç zaman təsadüf olunmayıb. Bu gün bəzi qüvvələr hicabı bayraq edərək Azərbaycana qarşı olmazın iftiralar səsləndirirlər. Hətta təhdidlər də var.
Bu isə “bir millət, iki dövlət” ideyasıyla daban-dabana ziddir.
Məsələnin məqsədli şəkildə böyüdülməsi və Azərbaycana qarşı nifrətin alovlanması üçün maraqlı dairələr bütün vasitələrə əl atırlar. Sosial şəbəkələrdə, mediada və siyasi müzakirələrdə Azərbaycana aid olmayan video və foto materiallar tirajlayaraq ölkəmizə qarşı ümumtürk və ümumislam nifrəti yaratmaq istəyirlər.
Belə olmasa idi, Türkiyənin maraqlı dairələri məktəblərdə vahid forma tələbini “28 Şubat Süreci” ilə eyniləşdirməzdilər.
“28 Şubat Süreci” nə deməkdir?
28 fevral 1997-ci ildə Türkiyədə sonuncu dövlət çevrilişi oldu. Belə ki, Türkiyənin Milli Təhlükəsizlik Şurasının qərarı ilə Nəcməddin Ərbakan Baş nazir, Tansu Çillərsə Baş nazirin müavini və Xarici İşlər Naziri vəzifəsindən azad edildi.
Xatırladaq ki, Ərbakanın yaradıcısı olduğu Rifah Partiyası İslamyönümlü idi. Ərbəkan tərəfdarları Türkiyədə şəriət hökumətinin qurulmasını təklif edirdilər. O günlərdə Ankaranın, İstanbulun və digər mərkəzi şəhərlərin küçələrində "Biz şəriət istəyirik!" və "Yaşasın Hizbullah!" kimi şüarlar səsləndirilir, yürüşlər keçirilirdi. Hətta o zaman bəzi türkiyəli jurnalistlər ortaya atılıb “lazım gələrsə, İslam uğrunda şəhid olacaqlarını" bildirirdilər.
Dünyəvi dövlət olan Türkiyənin konstitusion quruluşunun dəyişdirilməsi məhz 28 fevral 1997-ci ildə qarşısı alındı.
Elə isə Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi tələbinin 1997-ci ildə Türkiyədə baş verənlərlə nə əlaqəsi?
Əgər doğrudan da, Türkiyə Ərbakan hökumətinin devrilməsinə və İslam dəyərlərinin o zaman qadağa qoyulmasına heyifsilənirlərsə, buyursunlar ölkənin konstitusion quruluşunu dəyişsinlər. Türkiyəni dünyəvi yox, İslam dövləti elan etsinlər.
Bunu etmirlərsə və yalandan İslam təəssübkeşliyi aparırlarsa, o zaman bədnam niyyətlərini bizdən uzaq tutsunlar. Azərbaycandakı xalq-hakimiyyət monolit birliyinə xələl gətirməyə çalışmasınlar.
Yoxsa istəyirlər ki, Azərbaycan ağzını açıb Türkiyəyə baxsın, Ankaradan göstəriş gözləsin?!
Bu əsla olmayacaq!
Türkiyə xalqı bizim canımızdır. Qəmi-qəmimiz, sevinci sevincimizdir. Biz Türkiyə xalqı ilə hər zaman qardaş olacağıq. Amma Türkiyə hakimiyyətinə bu vədi verə bilmərik. Çünki bu hakimiyyət bir çox qərarlarında təkcə öz xalqına yox, Türk dünyasına və İslam aləminə zərbə vurur.
Biz bu günə qədər Türkiyənin çox yanlışlıqlarına göz yummuşuq. Amma hər şeyin bir həddi var. Bizim bu həssasiyyətimizdən kimlərinsə yararlanmasına, özünü “böyük qardaş” kimi aparmasına imkan vermərik.
Mübarizənin də qaydası var...
Ən çox təəssüf doğuran məqamlardan biri də odur ki, Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyalar saxta və feyk məlumatlar üzərində qurulur. Qəzetlərdə, televiziyalarda və sosial şəbəkələrdə paylaşılan görüntülər çox zaman saxta olur.
Təsadüfi deyil ki, Media və Yayım Şurasının yaydığı bəyanatda bu məsələ xüsusi vurğulanıb. Bildirilib ki, son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur:
"Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə “copy-paste” edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.
Paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir və onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır”.
Bu faktın özü bir daha sübut edir ki, hicabla bağlı Türkiyədə aparılan çirkin kampaniya vahid mərkəzdən idarə olunur. Həmin idarəçilərinsə hədəfi ilk növbədə Azərbaycanı öz yolundan döndərmək, müstəqil siyasətimizə kölgə salmaqdır. Ancaq Azərbaycan heç kimin diqtəsinə boyun əyməyəcək. Ona görə də bütün ideoloji təxribat cəhdləri uğursuzluğa məhkumdur.
Surxay Atakişiyev, Bizim.Media



































































































