Ermənistan hökuməti ilə Rusiya Dəmir Yolları (RJD) şirkəti erməni dəmir yollarının problemlərini müzakirə etmək və həlli yollarını tapmaq üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, razılaşma İrəvanda Baş nazir Nikol Paşinyan ilə RJD-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorovun görüşü zamanı əldə olunub.
Tərəflər "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiya idarəçiliyi dövründə dəmir yolu infrastrukturunun inkişafını, idarəetmənin səmərəliliyini və mövcud çətinlikləri müzakirə ediblər. İşçi qrup qısa müddət ərzində mümkün həll yollarını və növbəti addımları müəyyənləşdirməlidir.
Nikol Paşinyan bildirib ki, Ermənistan hökumətinin əsas məqsədi ölkənin dəmir yollarının rəqabət qabiliyyətini artırmaq, regional kommunikasiyaların açılması perspektivlərini nəzərə alaraq onları qonşu dövlətlərin nəqliyyat şəbəkələrinə və beynəlxalq marşrutlara inteqrasiya etməkdir.
Görüşdə xüsusi olaraq Gümrü – Axurik – Türkiyə sərhədi və Yerask – Naxçıvan dəmir yolu sahələrinin bərpası layihələrinə diqqət ayrılıb.
Oleq Belozyorov isə RJD-nin Ermənistanla dəmir yolu konsessiyasının şərtlərinə əməl etməyə sadiq olduğunu, respublika hökuməti ilə dialoqa və sazişin səmərəliliyinin birgə qiymətləndirilməsinə açıq olduqlarını bəyan edib.
RJD-nin məlumatına görə, konsessiya idarəçiliyi dövründə Ermənistan dəmir yollarına təxminən 400 milyon dollar investisiya yatırılıb, səhmdara dividendlər ödənilməyib, bütün mənfəət isə infrastrukturun inkişafına yönəldilib.
Bizim.Media

































































































